Tramp – Trump, Tramp, Tramp, Tramp – Trump. Trump, Trump, Trump – Tramp…
Nə başa düşdünüz, hörmətli oxucu? Müharibədir? Atışmadır? Yumruq davasıdır? Yox, xeyr. əsla, qətiyyən…
Bu, “BBC azərbaycanca” adlanan saytın xəbər başlıqlarının oxusudur. Gah Tramp, gah Trump, sonra yenə Tramp, sonra yenə Trump. Gah Azərbaycan dilinin, gah ingilis dilinin orfoqrafiya normalarına uyğun. Bunun bir məntiqi varmı?
Bəlkə, həftənin günləri ilə bağlıdır? Xeyr, tək günə, cüt günə görə əsaslandırmaq olmur. Bəlkə, ayın günlərinə görədir? Tək və cüt günlər? Xeyr, o da deyil. Dekadaya görə? Deyil.
…Bir dəfə Ədliyyə Nazirliyinə məktub yazmışdıq ki, qeydiyyata aldığınız QHT-nin adında dövlət dilinin normaları pozulub. Cavab çox gecikdiyi üçün üzvümüz nazirliyə zəng etməli oldu. Qurumun əməkdaşı FADMM üzvünə belə demişdi: “Sizin onlarla nə qərəziniz var?” (yəni qoyun camaat çax-çuxunu eləsin. Nə dil? “Dövlət dili haqqında” Qanunun dərdi sizə qalıb? Yeri gəlmişkən, başqa ölkədə belə işçinin qulağından tutub dərhal vəzifədən atarlar).
İndi deyirəm, bəlkə, “BBC azərbaycanca”nın da cənab Trampla qəsdi-qərəzi var? Məzələnir? Nerviləndirmək istəyir? İstəyir nervilənsin və Rusiyaya, Putinə qarşı daha sərt olsun? Xeyr. Onu da yoxladıq.
Məlum oldu ki, əməkdaşının təbiri ilə desək, “beynəlxalq media qurumu “Babam mənə kor dedi, gələnə-gedənə vur dedi” prinsipi ilə hamı ilə məzələnir.
Özünüz baxın:
Trump: “Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh imzalanması üçün mənə qoşulacaqlar” (8 avqust).
İlham Əliyev: “Trampı Nobel sülh mükafatına layiq görsünlər” (9 avqust)
Zəngəzur dəhlizi və ya Tramp marşrutu nədir? (12 avqust)
Trump-ın Əliyevə bağışladığı sikkə nədir? (12 avqust)
Elə həmin mətndə:
“Trump isə deyib ki, hamının bu sikkələrdən xoşu gəlir. “Onlar dünyanın ən gözəl sikkələridir. Bəlkə də dünyanın ən bahalı sikkələridir”.
“Sadəcə “Tramp” adlanan bu sikkələr təqdim olunan zaman dünyanın ən bahalı kripto sikkəsinə çevrilmişdi”.
İndi keçək digərlərinə.
“Bu, Xameneyinin müharibəsidir, İran xalqının deyil”, – Reza Pəhləvi (16 iyun)
Xameneidən İsrailə qoşulmağı düşünən Trampa xəbərdarlıq (18 iyun)
Macron Rusiyaya qarşı: “Bizim nüvə silahımız var, o, fransızdır!” (6 mart)
Makron arvadına “kişi doğulub” deyəni məhkəməyə verir (24 iyul)
P.S.Mirzə Cəlil demişkən, “deyəsən, çox qəmişliyə getdik”. Belə nümunələr çoxdur, amma yazmayacağam. Yoxsa indi biri də oradan qayıdar ki, sizin onlarla nə qəsdi-qərəziniz var?
Susdum. Vəssalam, namə tamam.
P.P.S (post post scriptum). Bir lətifə yadıma düşdü. Bir qoca kişi ölübmüş. Dəfn zamanı ravvin xahiş edir ki, kimsə ölən adam haqda nəsə xoş söz desin. Məsəli “BBC azərbaycanca”dan uzaq, həmin şəxs o qədər pis adam imiş ki, kimsə nəsə demək istəmir. Uzun bir sükut. Nəhayət, bir nəfər dillənir: “Qardaşı bundan da betər idi”.
“Azadlıq radiosu” bunlardan da betərdir: “Xamenei” əvəzinə “Khamenei” yazır.