Azərbaycanın Almaniyadakı səfirliyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qəlbimdəki şair” (Der Poet in mir) adlı tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan tədbirdə Almaniya Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, müxtəlif ölkələrin səfirləri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri və media nümayəndələri iştirak ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək görkəmli mütəfəkkir Məhəmməd Füzulinin Azərbaycan və dünya ədəbiyyatına töhfələrindən söz açıb.
Məhəmməd Füzulinin yaradıcılığının Azərbaycan xalqının dünya mədəni xəzinəsinə dəyərli töhfəsi olduğunu deyən N.Ağayev qeyd edib ki, Füzulinin ana dilində divanı orta əsrlər klassik Azərbaycan ədəbi dilinin ən mükəmməl nümunələrindəndir.
Səfir böyük mütəfəkkirin yaradıcılığının zirvəsi hesab olunan “Leyli və Məcnun” əsərinin Azərbaycan ədəbiyyatının incisi olmaqla yanaşı, bütün müsəlman dünyasının ədəbi mühitində mühüm yer tutduğunu vurğulayıb. 1908-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bu əsər əsasında bəstələdiyi eyniadlı opera ilə Azərbaycanda və müsəlman dünyasında ilk operanın əsasını qoyduğu diqqətə çatdırılıb.
Həmçinin Azərbaycan səfirliyinin təşəbbüsü ilə Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə Almaniyada poçt markasının buraxıldığı qeyd olunub.
Almaniyalı şərqşünas alim Dr. Mixael Raynhard Hess dahi mütəfəkkir Məhəmməd Füzulinin Azərbaycan, ərəb və fars dillərində qələmə aldığı əsərlərin təkcə Azərbaycan ədəbi-bədii fikrinin inkişafına deyil, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərdiyini vurğulayıb. O, əsərlərində həyata, insana dərin məhəbbət aşılayan, daim gözəllik duyğusu və ülvi ideallarla yaşamağa çağıran Məhəmməd Füzulinin qədim və orta əsr dünya klassik mütəfəkkirləri ilə eyni sırada yer aldığını qeyd edib.
Çıxışlardan sonra Almaniyada yaşayan və fəaliyyət göstərən soydaşımız, tanınmış musiqiçi Tural İsmayılovun rəhbəri olduğu “Anima Şirvani” ansamblının konserti olub. Konsertdə Azərbaycan muğamı və xalq mahnıları klassik alman və ingilis barokko musiqisi ilə vəhdət şəklində təqdim olunub, həmçinin görkəmli şairin şeirləri Naibə Tural və Aydın Həbibov tərəfindən səsləndirilib. Konsert tamaşaçıların ayaqüstü alqışları ilə qarşılanıb.