Düşünmək, yaratmaq, oxumaq, emosiyalar hiss etmək qabiliyyətindən tutmuş ürək döyüntüsü və kiprik çalmasına qədər hər şey bir mərkəzdən idarə olunur. Bu mərkəz sənin beynindir! Beyin o qədər mükəmməldir ki, məşhur bir alim onu Kainatda kəşf etdiyimiz ən mürəkkəb təbii “cihaz” adlandırmışdır.
Beyin gücünə və hərəkət sürətinə görə superkompyuterdən üstündür. Məsələn, sənin pişiyin hoppanıb mətbəx stolunun üstünə çıxıb və artıq bərk qızmış pilətəyə toxunub yanmaq üzrədir. Düşünmək üçün bir an vaxtın var! Beyin gözdən siqnal alaraq, irəli sıçrayıb pişiyi nə zaman, necə və hansı sürətlə qamarlayacağını bir anda hesablayır və dərhal əzələlərə siqnal göndərir. Hesablama düzgün olduğu üçün pişiyin köməyinə vaxtında çatırsan. Heç bir kompyuter göz, qulaq və digər duyğu orqanlarından daxil olan informasiya axınını yükləyib emal etmək və ona reaksiya göstərmək bacarığına görə beyinlə müqayisə oluna bilməz!
Beyinin hasil etdiyi elektrik enerjisi bir lampanı cərəyanla təchiz etməyə kifayətdir. Beyində təxminən 100 milyard mikroskopik hüceyrə – neyron vardır. Onları saymaq üçün sənə 3000 il vaxt lazımdır! Xəyallara dalırsan, qəhqəhə çəkib gülürsən, harasa baxırsan, yaxud, sadəcə, hərəkət edirsən – bütün bunlar milyard cığırlarla neyrondan neyrona doğru şütüyən kiçicik siqnallar sayəsində baş verir.
Beyin fasiləsiz işləyir. Əslində, hər dəfə yeni bir şey öyrənəndə, yadda saxlayanda , nə barədəsə düşünəndə beyinin strukturu dəyişməyə başlayır. Üstəlik, alimlər kəşf etmişlər ki, fiziki hərəkətlərdən sonra orqanizmdə beyini qavramağa həssas edən maddə hasil olunur. Görəndə ki, ev tapşırığını yerinə yetirə bilmirsən, başına heç nə girmir, get, futbol oyna, sonra isə ilişib qaldığın məsələnin həllinə qayıt. Çox güman ki, onu müvəffəqiyyətlə həll edəcəksən.
portal.azertag.az