Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Yeni gənclik” musiqi günləri çərçivəsində konsert proqramı təqdim olunacaq.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe” violin ifaçıları ansamblı çıxış edəcək. Proqramında BMA-nın III kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Osman Mustafazadə, Xədicə Mirqulamlı, Şükufə Rəsulova iştirak edəcək. İfaçıları Səbinə Muradova müşayiət edəcək.
Qeyd edək ki, “Detaşe” ansamblının əsas fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır. Uzun illər səmərəli fəaliyyət göstərən kollektiv müxtəlif konsert məkanlarında maraqlı layihələri ilə musiqisevərlərin rəğbətini qazanıb.
Biletləri İticket.az saytından əldə etmək mümkündür.