Sentyabrın 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində “Opera” studiyasında “Azərbaycan opera inciləri” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin təqdimatı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.
Filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur. “Azərbaycan Opera İnciləri” filmi Şuşanın Mədəniyyət paytaxtı elan edilməsinə, eyni zamanda tarixi zəngin opera teatrımızın şanlı fəaliyyətinə həsr edilib. Filmdə Üzeyir Hacıbəylinin “Koroğlu”, Əfrasiyab Bədəlbəylinin “Nizami”, Müslim Maqomayevin “Nərgiz”, Reinhold Glierin “Şahsənəm”, Fikrət Əmirovun “Sevil” və Ramiz Mustafayevin “Vaqif” operalarından bir sıra əsərlər təqdim edilib.