- Ədəbiyyat

Beynəlxalq Yazıçılar Gildiyası tanınmış yazıçı Varis Yolçiyevlə yaradıcılıq görüşü keçirib

Beynəlxalq Yazıçılar Gildiyası azərbaycanlı yazıçı Varis Yolçiyevlə onlayn yaradıcılıq görüşü keçirib.

AZƏRTAC xəbər verir ki, Lada Baumgartenin rəhbərliyi ilə reallaşan görüşə müxtəlif ölkələrin yazıçıları da qatılıb.

İki saata yaxın davam edən görüşdə Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında qızıl medala layiq görülən, London ədəbi mükafatının qısa siyahısına düşən “Metamorfoz”, Nyu-Yorkda Dünya Yazıçıları Konqresində pitçinqi keçirilən “77-ci gün”, Türkiyədə ən populyar kitablar siyahısında yer alan “Son məktub”, Özbəkistanda ən çox satılan kitablar sırasında 2-ci yerə yüksələn “Sənə inanıram”, Rusiyada Moskva Ədəbiyyat Mükafatı qazanan “Yanvarın 13 günü” romanları söhbət mövzusu olub.

Varis Yolçiyev əcnəbi yazarlara Qarabağın tarixindən, İrəvan xanlığından danışıb, onları xəbərsiz olduqları mətləblər barədə məlumatlandırıb. Sonra yazıçı yaradıcılıq planlarını açıqlayıb, oxucuların çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, Beynəlxalq Yazıçılar Gildiyası Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən elitar ədəbi qurumdur, sıralarında Avropa, Amerika, Asiya və Avstraliya yazıçılarını birləşdirir. Hər bazar zoom platforması üzərində bir yazıçıyla görüş təşkil edən qurum sentyabr ayında növbəti tədbirlərini yazıçılar B. Quberman (İsrail) və T. Kayzer (Almaniya) ilə keçirəcək.