Nazirlər Kabineti yanında Operativ Qərargahın teatr və konsert salonlarının fəaliyyətinə oktyabrın 1-dən icazə verilməsilə bağlı qərarı Beynəlxalq Muğam Mərkəzinin (BMM) işçi qrupu, həm də tamaşaçılar tərəfindən sevinclə qarşılanıb.
BMM-nin mətbuat xidmətindən bildirilib ki, Beynəlxalq Muğam Mərkəzinin kollektivi böyük şövqlə bu tədbirlərə hazırlaşaraq yenidən tamaşaçıların görüşünə tələsir. Oktyabr ayında mərkəzdə müəyyən təşkilatların, rəsmi orqanların tədbirləri keçiriləcək.
Mərkəzin ilk konserti oktyabrın 3-də “Mir Həmzə Nigari Qarabaği” simpoziumu çərçivəsində təqdim ediləcək bədii proqram olacaq. Tədbirdə görkəmli muğam ifaçıları çıxış edəcək.
Mərkəzin “Unudulmayanlar”, “Qəzəllər”, “Milli musiqi xəzinəmizdən” olan layihələri, muğam axşamları və digər konsertlər oktyabrın ikinci yarısından etibarən davam etdiriləcək. Tamaşaçılar konsert və digər tədbirlərin keçirilmə vaxtı ilə mərkəzin sosial şəbəkələri vasitəsilə məlumatlandırılacaq.
BMM tamaşaçıları Operativ Qərargahın qərarına əsasən zalın ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə qəbul edəcək.