- Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində “Caz səsləri” layihəsinin bir-birindən maraqlı konsertləri davam edir

Oktyabrın 26-dan Beynəlxalq Muğam Mərkəzində (BMM) start götürən “Caz səsləri” (“Jazzery Voices”) layihəsinin bir-birindən maraqlı konsertləri davam edir. Layihə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyinə həsr olunub.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsertlərdə “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətlərinin çıxışı musiqisevərlərin könlünü oxşayıb. Nicat Aslanovun Kvarteti “Forward Azerbaijan”, Afşin Əlizadənin Kvarteti, “Qaya” ansamblı və digər gənc caz ifaçılarının cazın müxtəlif ritmlərində təqdim etdikləri ifaları paytaxt sakinlərinin payız ovqatına caz əhvalı bəxş edib. Fank, caz-rok qarışığı, fyujn musiqisini klassik, muğam və dünya musiqi alətləri və ahəngləri ilə birləşdirən konsertlər svinq, ənənəvi caz, blüzun ecazkar ritmləri, Şərq elementləri və improvizasiyalarla zəngin idi. Öz virtuoz çıxışları ilə tamaşaçıları heyran qoyan gənc cazmenlər Azərbaycanda caz sənətinin inkişafının bariz nümunəsini nümayiş etdirmiş oldular.

Qeyd edək ki, noyabrın 6-dək davam edəcək konsertlərdə “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətlərinin çıxışı musiqisevərlərin könlünü oxşayacaq.

“Jazzery Voices” layihəsi noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Zəfər bayramına ithaf edilən “Jazz Says Victory” adlı qala-konsertlə yekunlaşacaq.