Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və təşkilatçılığı, AMEA Folklor İnstitutu və “Dünya Musiqisinin İncisi Muğam” QHT-nin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçıları üçün təşkil edilmiş “Novruz gəlir, yaz gəlir” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsert proqramında Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbəri olduğu “Dədə Qorqud” folklor ansamblının müşayiətilə bəstəkar və xalq mahnıları səslənib.
Bahar ovqatlı proqramda Nuriyyə Hüseynova, Çilənay Hüseynova, Solmaz Kosayeva, Həlimət Sultanın ifaları tədbirə qatılan qonaqlar və qazilər tərəfindən alqışlarla qarşılandı.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyətində həmçinin bir sıra qurum və təşkilatlarla imzaladığı qarşılıqlı memorandum əsasında layihələr həyata keçirir. Bu layihələr Azərbaycan musiqi sənətinin təbliğ və tədqiqi ilə yanaşı, eyni zamanda gənc nəslin maarifləndirilməsi, vətənpərvərlik ruhunun təbliğinə yönəldilib.