- Köşə

Beynimizə çəkilmiş bıçaq şəkli

Afiq MUXTAROĞLU, Niderland Krallığı 

Mən bizim xalq arasında bıçaqla törədilən cinayətlər, qətllər, bunu doğuran səbəblər barədə bir yazı yazmaq barədə düşünürdüm və bu məqsədlə telefonumun yaddaşına qeydlər də etmişdim ki, yadımdan çıxmasın. Yazımda bıçaqlanıb öldürülən gənclərlə Qarabağ savaşında şəhid olan oğullarımızı qarşı-qarşıya gətirmək istəyim də gizlin deyildi. Amma bu qarşılaşdırma istəyimin üstündən sükutla keçməyi daha doğru hesab etdim. Nədən ki, bu müqayisəmin qüsurlu sayılacağını, üstəlik də bunun müqəddəs şəhid adına əskiklik olacağını düşündüyümdən hər şeyi öz adıyla çağırmağa qərar verdim.

Və Avropanın göbəyində – Almaniyada gözlərim qarşısında baş verən bir bıçaqlanma hadisəsi və bu olaydan dolayı ağrımayan başıma dəsmal bağlanması mənim bu mövzu ətrafında bir-iki söz deməm, bir-iki fikir səsləndirməm üçün təkan oldu. Başına gələn başmaqçı olur demirlərmi?

Elə bir insan olmaz ki, cüzi də olsa, həyatında bir dəfə də olsun bıçaqla əlini-qolunu yaralamasın. Əsasən də, gününü mətbəxdə keçirənlərin, aşbazlıq, qəssablıq edənlərin bıçaq yarası almaları daha tez-tez baş verir.

Mövzuya girişmişkən bir-iki kəlmə də bıçaq adlı bu məişət əşyasından danışım. Əski dönəmlərdən insanın nəyisə kəsmək ehtiyacı yaranmış, bu məqsədlə kəsici alətlər icad etmişdir. Bu kəsici alətlərin arasında bıçaq özünəməxsus universallığı ilə fərqlənmiş və fərqlənməkdədir. Bəşər övladı bıçağın dürlü-dürlü növlərini yaradıb təkmilləşdirmişdir. Başlanğıcda daşdan, ağacdan, sümükdən hazırlanan bıçaq sonralar misdən, tuncdan, dəmirdən, poladdan düzəldilmişdir. Texnologiya nə qədər inkişaf etsə də, bıçaq bu gün də məişətimizin ayrılmaz parçası kimi varlığını qorumaqdadır. Mətbəx bıçağı, cib bıçağı, düyməli bıçaq, ovçu bıçağı kimi növləri var. Sözarası, biz tərəflərdə mətbəx bıçağına “firəngi” deyənlər də var. Görünür bu tip bıçaqlar mətbəximizə Firəngistandan daxil olub və dilimizdə daşlaşaraq, məhdud miqyasda da olsa varlığını qorumaqdadır.

Bu gün bıçaqların istehsalı ilə məşğul olan yüzlərlə firma fəaliyyət göstərir. Hər gün yeni-yeni bıçaq növləri dizayn edilir. Görənlər də belə bıçaqlara sahiblənmək üçün var-yoxlarından çıxırlar.

“Bıçaq” dilimizdəki “biç” felindən törəmə olmalıdır. “Biç”i də “kəs” felimizin daha qəzəbli, daha kəskin variantı hesab edə bilərik. Mən də hər işin içindən çıxıram. Birini də boş burax, qoy bilənlər danışsın. Məsələn, burada dilçilər, etimoloji mütəxəssisləri dövrəyə girib, sözlərini deməlidirlər, nəinki mən. Bunu da elə-belə yazdım. Bəs, boşluğu nə ilə doldurum?

Tez-tez xəbər saytlarında bıçaqlanma, bıçaqla qətl hadisələri tirajlanır. Kriminal xəbər deyib üstündən keçmək də olardı. Amma bu xəbərlərin təqdimatı, həmin xəbərləri bəzəyən qanlı bıçaq təsvirləri sanki növbəti bıçaqlanmaya zəmin hazırlayır, insanları bıçaqlı olmağa, bıçağa sahiblənməyə, kimisə bıçaqlamağa, kimisə soyuq silah sayılan bu alətlə qətlə yetirməyə təşviq edir. Oğru yadına daş salır, 25-ci kadr kimi insanların alt şüuruna bir bıçaq rəsmi çəkilir, zorla da olsa, ora pərçimlənir. İstənilən kiçik münaqişədə beyni bıçaq təsviri ilə süslənmiş insan bıçağın mütləq çıxmalı zad olduğunu düşünür və qarşısındakı rəqibi mütləq bıçaqlamalı olduğunu yadına salır. Dərsini yaxşı öyrədiblər axı.

Xəbəri hazırlayan qəzetçiyə niyə belə yazırsan, bu nə şəkildi xəbərə əlavə edirsən kimi suallarla müraciət etsən, “oxucunu cəlb etmək üçün və ya bəs sayt-qəzet nə ilə yaşasın” kimi standart bir cavab ala bilərsən. Bu tipli xəbərlərdə qatilin rəqibinə neçə zərbə  endirməsi, hətta hansı nahiyələrə xətər yetirməsi açıq-aydın yazılır. Sanki oxucuya bıçaqlama, bıçaqla qətlə yetirmə üsulları tədris olunur, əyani vəsaitdən, yəni təsviri verilmiş bıçaqdan necə istifadə etmək lazım olduğu öyrədilir. Oxucuya “sən niyə boş durursan, bıçaqla silahlan, öldür, qətl et, dayanma” kimi mesajlar ötürülür.

Nə edək ki, bıçağı fetişləşdirən, ona namus tənzimləyici vasitə kimi baxan bir toplum, bir cəmiyyətik. Gəncləri bıçaqla silahlandıran, onu cibində bıçaq gəzdirməyə təşviq edən cəmiyyətin yetirmələrinin bıçaqla qətl törətmələri adi normaya, gündəlik həyat tərzinə çevrilir.

Çox vaxt bıçaqla qətl törədənlərin: “Anama söydü, ona görə bıçaqladım” – dediklərinin şahidi oluruq. Törətdiyi qətlə görə anasını, bacısını, xanımını, oğul-uşağını 10-15 il gözü yaşlı, başsız, təminatsız qoymağı dilinə də gətirmir. İki ailəni göz yaşına boğan qatil həbsdən sonra adətən ailənin boynunda ağır yükə dönür, cinayət aləminin daimi üzvünə çevrilir, ailəsi isə əbədi əzaba düçar olur. Növbəti cinayətlərin birində isə onun ya yenidən həbsə atılması, ya da kiminsə bıçağının qurbanı olması qaçılmazdır. Su sənəyi suda sınar demirlərmi?

Bıçaqla qətlə yetirilən bir gənc ailə üçün böyük itkidir. Bıçaqlanan ölüb torpaqda çürüyür, bıçaqlayan da həbsdə çürüyərək, dirigözlü ölüyə çevrilir. Hər iki halda da ailə faciəsi yaşanır. Ölənin də, öldürənin də qohum-əqrabası gözü yaşlı qalır. Uzaqbaşı onların adı kriminal xəbərlərdə çəkilir. Sözarası deyim ki, bu cür xəbərlərin də öz müştəriləri var. Bu tip xəbərləri vaxtaşırı izləyən, onu hər yerdə tanış-tunuşların ovcuna qoyan, hətta sosial şəbəkələrdə yayan adamlar da istənilən qədərdir. Bu tiplər gəzərgi, səyyar təbliğatçılardır. Oxuduğu, eşitdiyi adi kriminal bıçaqlanma xəbərini ağzıdolusu, ballandıra-ballandıra danışmasalar dura bilmirlər.

Biz bir toplum, bit xalq olaraq gənclərimizi tərksilah etməyin yollarını düşünməliyik. Bıçağın təyinatına uyğun olaraq, məişətdə istifadə olunması qayğısına qalmalıyıq. Onun mətbəxdən kənara çıxmasına, ailəiçi münaqişələrin həlli zamanı istifadə olunmasına da əngəl olmalıyıq.

Bu məqsədlə bıçaqla törədilən cinayət xəbərlərini beyinlərə daşıyan kütləvi informasiya vasitələri əks təbliğat aparmaqla müstəsna rol oynaya bilərlər. Bıçaqlanma olaylarını tirajlayıb şeytana qulluq etmək yetməzmi? Haqq yoluna dönüb, haqqın yanında olmaq, gənclərimizin bıçağı ciblərindən çıxarıb atmasına yardımçı olmaq zamanı deyilmi?

Nə deyirsiniz, bəylər?

Dekabr 2020