Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Britaniya Şurasının “Creative Spark” təşəbbüsü çərçivəsində hər il nazirliyin dəstəyi ilə keçirilən “Big Idea Challenge” müsabiqəsinin ölkə qalibləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadə, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov və Britaniya Şurasının nümayəndəsi Nigar Baimova iştirak ediblər.
Əvvəlcə qonaqları salamlayan Vasif Eyvazzadə qiymətləndirmə mərhələsindən müvəfəqiyyətlə keçərək qalib olanları təbrik edib. Nazirliyin hər zaman innovativ bacarıqlara malik yaradıcı şəxsləri dəstəklədiyini vurğulayıb və bu dəstəyin bundan sonra da davam edəcəyini qeyd edib. Aparat rəhbəri həmçinin Mədəniyyət Nazirliyi və Britaniya Şurası arasında olan münasibətlərə də toxunaraq bu qurumların mədəniyyət və yaradıcılıq sahəsində həyata keçirdikləri birgə layihələri yüksək qiymətləndirib.
Britaniya Şurasının nümayəndəsi Nigar Baimova da öz növbəsində Mədəniyyət Nazirliyinin “Big Idea Challenge” müsabiqəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, qaliblər sırasında 44 günlük Vətən müharibəsi şəhidi, polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyevə də yer alıb.
Sonda qaliblərə xüsusi hədiyyələr təqdim olunub.