Xəzər rayonu Binə qəsəbəsində şəhid leytenant Məmməd Zamanlının xatirəsinə inşa olunan bulağın açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Binə qəsəbə nümayəndəliyi, qazilər,149 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi polkovnik-leytenant İlkin Qayıbov şəhidin qısa, lakin hər bir gənc üçün örnək olan həyat və döyüş yolu barədə ətraflı məlumat verib.
Digər çıxış edənlər şəhidin Vətən müharibəsinin başladığı ilk gündən komandiri olduğu taqımın şəxsi heyəti ilə birlikdə hərbi əməliyyatlarda fəal iştirak etdiyini, şəxsi mərdlik və igidlik nümunələri göstərdiyini qeyd ediblər. Şəhidin yaxınlarına bir daha başsağlığı verilib.
H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin vətənpərvərlik mövzusunda ifaları tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Qeyd edək ki, Məmməd Zamanlı 1998-ci il avqustun 3-də Şərur rayonunun Püsyan kəndində anadan olub. Orta təhsilini M.Əsgərov adına Püsyan kənd orta məktəbində alıb, daha sonra isə Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2015-ci il liseydən məzun olub, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qədəm qoyub. 2019-cu il iyul ayında Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə artilleriya üzrə leytenant rütbəsi ilə Vətənə xidmətə başlayıb.
2020-ci il sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərə əsgərləri ilə birgə qatılan komandir, düşmən tərəfindən atılan mərmi nəticəsində şəhidlik zirvəsinə yüksəlib.