- Köşə

Bir çolpanın manifesti

Allah Fransua Rableyə rəhmət eləsin

 

Dünən Bakı şəhərində eşidənləri şoka salacaq hadisə baş verib. Belə ki, N saylı broyler fabrikinin çolpalarından biri hündür bir yerə çıxaraq özünü içində başı kəsilmiş çolpaların yolunduğu qaynar tiyana atacağını bildirib. Tələb edib ki, ona deputat Qətibə xanımla görüş versinlər.

Onun bu aksiyası broyler fabrikində böyük ajiotaj doğurub. Ərazi mühasirəyə alınıb, çevik polis alayı cəlb edilib. Müxbirimiz imkan taparaq çolpadan eksklüziv müsahibə ala bilib.

Salam, necəsiniz, intihar ərəfəsi özünüzü necə hiss edirsiniz?

– Çox pis, bu, nə gicgicə sualdı? Dünyanın dadını çıxarmamış intihar həddinə çatdırılan bir çolpanın kefi necə olmalıdı? Amma bu aksiyamdan dolayı peşman deyiləm.

Sizi bu addımı atmağa vadar edən səbəb nədir?

– Burda yaşayış dözülməz həddə çatıb. Ları Xoruz adlı bir gicbəsəri başımızın üstünə müdir təyin ediblər. Səhər saat 4-də “podyom” verir. Oyanırıq, sonra gözümüzə yuxu getmir. Özü isə gedib yatır. Şorgöz, qarınqulu və xalis zırramadır. Payımızı oynaşlarına yedirir. Haranın “çuşka”sıdı, bilmirəm. O gün fərənin birinə guya kompliment deyir: “Sənə 2-3 yaşdan artıq yaş vermərəm…”. Dedim, ay gicbəsər, bu, sənə kənd toyuğu deyil 15 il yaşaya. Fabrik toyuğu ən çoxu 40 gün yaşayır. 40 günün tamamında “kıxxx”.

İndiyədək şikayət etmisiniz?

(gülümsəyir) Xeyri yoxdu. İki ay öncə çolpalar hüquq müdafiəçisi tələb ediblərmiş. Birini göndəriblər, deyiblər ən təmiz hüquq müdafiəçisidir. Darvazadan keçib, qapıdan keçə bilməyib – qarnı imkan verməyib. Arıq müdafiəçi tələb ediblər. Məlum olub ki, arıqların hamısı yeyintiyə görə türmədədi.

Deyirlər, Ları Xoruz qocadı. Ölər, canınız qurtarar də. Canına niyə qıyırsan?

– O öləcək, yerinə yetimini qoyacaqlar.

Orta məktəbdə “Qızıl daraqlı xoruz” adlı bir nağıl oxumuşdum. Xoruz xanın qarnını deşib çıxır və mahnı oxuyur:

Quqqulu quuuu, quqqulu quuuu,

Xanın qarnı yırtıldı, xalqın canı qurtuldu…

(qımışır) Bu fabrikin böyük xozeyini o xanlardan deyil. Bunun bir qarnı var. Sənə qarın deyirəm…

Qarın yox, Narın xanım.

–  (gülür) Xozeyinin qarnını deyirəm. Keçən ay iki yüzə qədər fərə və beçə yeməkdən imtina edib aramsız banlamağa başlayıblar. Böyük xozeyinin onları şəxsən dinləməsini tələb edirmişlər (o vaxt mən yumurtadan çıxmamışdım, yumurtalıq toyuqlar danışır). Hadisə barədə xozeyinə xəbər veriblər. O da söz verib ki, gələcək. Bir həftə hər tərəfi sil-süpür eləyiblər, döşəmə və tavanı şampunla yuyublar. İşçilərdən bir neçə nəfər çıxıb Ayın görünən tərəfini yuyucu tozla silib, “Yeni Azərbaycan” qəzeti ilə parıldadıb… Sonra darvaza açılıb. İçəri-yə bir qarın daxil olub. Düz on beş dəqiqə qarın fabrikə daxil olub, ardınca baş-ayaq da gəlib. Bu, böyük xozeyin imiş. O, şikayətçiləri həyətdəcə dinləyib. Sonra “kəsilməyən baş çox danışar” deyib və bağırıb: ”Müxalif Ət istəyirəm!!! Şikayət edən 200-dən çox çolpanı beş bidon nehrə yağında çığırtma ediblər, Yeməyə 1969 baş soğan, 1993 yumurta, iki kisə acı bibər vurublar. Bibərin acısı xozeyinin ağzını yandırıb. O, “mənə Şər Ab verin” deyə bağırıb. Bir çəllək şərab gətiriblər. Şərabı içəndə yanğı azalır, parçı dodağından ayıran kimi ağzı od tutub yanırmış. Axırda ağzına qıf qoyub vedrə ilə şərab tökməyə başlayıblar. Nəhayət, sakitləşən xozeyin düz bir həftə fasiləsiz yatıb. Xorultusundan yaxınlıqdakı binalarda yaşayanların ma-şınlarının siqnalizasiyası işə düşübmüş. Səkkizinci gün oyanıb gedib. Fabrikdə manevr edə bilmirmiş, dalı-dalı çıxıb gedib. Əvvəlcə dalı (3 dəqiqə), sonra baş-ayağı (20 saniyə), ardınca qarnı – düz 16 dəqiqə.

  Son arzunuz?

– Bilirsiniz, belə bir aforizm var: “İnsanların sənin haq-qında pis danışmasından daha pis şey var – insanların sənin haqqında heç nə danışmaması”. Bizim üçün dünya 40 gündü, qırxı da qara. 40 günün tamamında “kıxxx”. Başımı kəsib, ətimi supermarketə göndərəcəklər. Dedim, barı ürəyimi boşaldım.

Birdən Qətibə xanım qəbul etməsə, nə edəcəksiniz?

(acı-acı gülür) Canı sağ olsun. Bizdə məsəl var: qırx gün Ları Xoruzun sifətini görməkdənsə, qırx dəqiqə azad yaşamaq yaxşıdı. Özümü atacam tiyana. Gülümsərov demiş, qoy məni buna vadar edənlər tarix qarşısında cavab versinlər.