Şəhla ƏHMƏDOVA
Ölkədə baş verən təbəddülat orfoqrafiya və orfoepiya məsələlərini kölgədə qoya bilmədi. Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi ictimai birliyi təsis edildi və hiss olunur ki, bu qurum böyük-böyük işlər görmək niyyətindədir. Orta məktəblər üçün bir sıra Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılov yenidən ictimaiyyətin diqqətini “çürüməkdə və ölməkdə” olan orfoepiyamızın problemlərinə cəlb etdi.
Qeyd edim ki, orfoepiya təcrübi sahədir, hər hansı qənaətə gəlmək üçün eksperiment aparmaq mütləqdir. Eksperiment aparılmamış deyilən fikir etibar doğurmur. Nə qədər ki gecikməmişik, yaşlı və orta nəslin nitqini araşdırmaq, ona uyğun qərara gəlmək lazımdır. Gənc dil daşıyıcılarının dilə, xüsusən də orfoepiyaya münasibətini mən Qarabağı itirmiş nəslin Qarabağa münasibəti ilə müqayisə edərdim. Bir dəfə auditoriyada Şuşa haqqında danışanda uşaqlardan biri soruşdu: ” Müəllimə, Şuşadansınız?” “Yox, – dedim, – Şuşaya 2-3 dəfə gəzməyə getmişəm. Şuşanı sevmək üçün mütləq deyil şuşalı olasan”. Bu gün təhrif olunmuş orfoepiyaya alışmış bir nəsil yetişməkdədir və hətta müəllim kimi fəaliyyət göstərməkdədir. Biz gənc nəslə nəyi – hansı tələffüzü itirdiyimizi çatdırmalıyıq. Mən inanmıram ki, 11-ci sinfin Azərbaycan dili dərsliyində [lö:hüyə] tələffüzünə rast gələn gənc müəllimin münasibəti və bizim hiddətimiz eyni dərəcədə ola. Odur ki, israrla orta və yaşlı nəslin nitqini öyrənməyə çağırıram. Məsələn, diktor Gülşən Əkbərovanın görkəmli teatr xadimi Mehdi Məmmədov haqqında apardığı verilişdə teatr sözünün təlləffüzünə fikir verin, müqayisə edin və qərara gəlin. Yeri gəlmişkən, DİM vəsaitinin əvvəlki nəşrlərində həmin söz vəsaitin əvvəlində (səh. 12) və axırında ( səh. 566) müxtəlif tələffüzdə [tiyatr], [tiyatır] kimi verilmişdi. Rəsmi qurumun çətinliklə bir fikrə gəldiyi məsələni orta məktəbə gətirmək nə dərəcədə doğrudur. Hərçənd bu yanlışı sonrakı nəşrlərdə düzəldiblər, amma bu, məsələnin mübahisəli olduğunu ört-basdır edə bilmir.
Orfoepiya ilə bağlı müzakirələrin ağrılı keçəcəyini təxmin edirəm. Biri çıxıb sənə assimilyasiya və dissimilyasiyanın mövcudluğundan bəhs edəcək və fərqində olmayacaq ki, sən o assimilyasiyanı da, dissimilyasiyanı da əriş-arğac tanıyırsan, tamı ilə, natamamı ilə, irəlisi ilə, gerisi ilə. Asanca [mə:llim] tələffüzünə alışan biri sənə izah edəcək ki, [müəllim] demək alınmayacaq. Doğrudur, alınmayacaq, ancaq [mə:llim] i şagirdin boynuna qoymaq lazım deyil. Düzgün aparılan eksperiment göstərəcək ki, burada qısa saitin mövcudluğundan danışmaq olar, təxminən [üə] diftonqu özünü göstərir. Mən AMEA Dilçilik İnstitutu ilə əməkdaşlığı tövsiyə edirəm. Orfoqrafiya qaydalarının müzakirələri göstərdi ki, bu qurum tənqidə və təklifə açıq, rasional iradları nəzərə alan kollektivdir. DİM mənim üçün mifik qurum deyil, orada bizim həmkarlarımız – Azərbaycan dili-ədəbiyyat müəllimləri çalışır və qərar qəbul edir, özü də dərsliklər əsasında qəbul edir. Demək, hər şey dərslikdən başlayır. Dərslikləri mübahisəli məsələlərdən azad etmək lazımdır. Dilçilik əsərlərini də kor-koranə qəbul etməyin əleyhinəyəm, onların bəziləri dövrlə ayaqlaşmır, bir qismi yazılanları eynilə köçürmədən ibarətdir. Başqa bir qismindən isə lazımi bilgini doğru-düzgün əldə edə bilmirik. Məsələn, fonetik hadisələri izah edərkən [qızdar], [qızzar], [işkaf], [irayon] və s. nümunələr verilirsə, bu, sözün o şəkildə tələffüz olunması demək deyil, hadisənin izahıdır. Hər fonetik hadisəni qanun kimi qəbul etmək düzgün deyil.
Aşağıda sərbəst iş qismində magistrantlarımızın apardığı monitorinqdən bir fraqmenti diqqətinizə çatdırmaq istəyirəm.
Oqtay Ağayev və Akif İslamzadənin ifaları üzərində magistrant Mətanət Nurəddinlinin apardığı müşahidələr:
(1-ci sütunda rast gəlinən tələffüz, 2-ci sütunda norma göstərilmişdir. Sözün təkrar qeydə alınması həmin tələffüzün təsadüfi olmadığını göstərir)
Oqtay Ağayev “Ötən günlər”
0.06 [günlər] – norma [günnər]
0.17 [ o günlərin]
0.36 [keçənləri]
0.36 [İzlər] – norma [izdər]
“Eşqimin bəxti”
0.58 [səndən] – norma [sənnən]
1.20 [ulduzlar] – norma: [ulduzdar]
1.22 [parlayıb] – norma: [parrıyıb]
1.23 [yanarlar] – norma : [yanarrar]
1.28 [ qonarlar] – [norma: [qonarrar]
1.36 [istəyir] – norma: [[isdiyir]
1.39 [yanmağ i] – norma: [yammağ i]
Akif İslamzadə “Ala gözlüm”
0.46 [səndən] – norma: [sənnən]
1.45 [nərgizlərin] – norma: [nərgizdərin]
“Ötən günlərimi qaytaraydılar”
1.15 [səda:qətimlə] – norma: [ səda:qətimnən]
1.17 [həsrətinlə] – norma: [həsrətinnən]
1.58 [günlərimi] – norma: [günnərimi]
2.02 [günlərimi]
2.23 [səninlə] – norma: [səninnən] , [sənnən]