Gülyaz ƏLİYEVA
Bir təzə kitab istəyirəm,
Elə bir kitab ki, dərd yazılmasın,
Qəm yazılmasın
O kitabda…
Bir təzə kitab istəyirəm,
elə bir kitab ki,
Müharibə sözü işlənməsin, yalançı sülh olmasın,
Atalar güclü olsun,
sözü bütöv olsun
O kitabda.
Elə bir kitab ki,
Yad gözü olmasın, yad sözü olmasın,
Hər şey doğma olsun
O kitabda.
Hər şey bütöv olsun. torpaq parçalanmamış,
millət paralanmamış,
Ürək yaralanmamış olsun
o kitabda…
Bir təzə kitab istəyirəm, dostlar,
Qardaşları birləşdirən,
Vətənimi birləşdirən,
Torpağımı pirləşdirən
Bir kitab – Atamın xitabı,
Anamın kitabı.