Ey öz doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar!
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun! B. Vahabzadə
Dilimizin Türkiyə türkcəsi ilə əvəz olunması üçün başda Şahbaz Xuduoğlu olmaqla, bəzi ziyalılar müxtəlif fikirlər səsləndirirlər. Bu, qəbuledilməzdir. Doğrudur, Türkiyə ilə yaxınıq, çətin günlərdə bir-birimizin yanında oluruq, “İki dövlət, bir millət” şüarı başlıca şüar olaraq səsləndirilir və s. Amma bu o demək deyil ki, biz min illər ərzində formalaşmış, tarixi-zənginliyə malik olan dilimizi Türkiyə türkcəsi ilə əvəz etməliyik. Niyə bu gün Türkiyə türkcəsini dilimizlə əvəz edilməsi fikirləri çoxalır, təşəbbüslər artır? Türkiyə türkcəsi, yəni Anadolu türkcəsi bizim dilimizdən o qədər artıqdırmı ki tələbat bu qədər çoxalır. Xeyr, nə artıqdır, nə zəngindir. 1923-cu ilə qədər Türkiyə türkcəsinin nə şəkildə olduğunu, sözlərin demək olar 60 faizinin alınma sözlər (xüsusilə avropa mənşəli sözlər) olduğunu, Atatürkdən sonra dilin öz sözləri, yəni qarşlıq tapılaraq işlədilən sözlər hesabına zənginləşdiyini çox gözəl bilirik. Türkiyənin də zaman-zaman siyasi və iqtisadi cəhətdən inkişaf etməsinin, güclü olmasının nəticəsi olaraq Türkiyə türkcəsi yayıldı və beynəlmiləl dil səviyyəsinə çatdı.
Televiziya kanalları müxtəlif ölkələrdə, xüsusilə də bizim ölkəmizdə göstərildi, verilişləri, serialları ən çox baxılanlar siyahısında yer aldı. Təbii ki, bunun da sonunda cəmiyyətimizdə o dildə danışanların sayı çoxaldı. Bu, reallıqdır. Bu gün mütailə edən Azərbaycan gənclərinin bir çoxu Türkiyə türkcəsində oxuyur. Məktəbdə bəzi uşaqlar “Bəli” yerinə “Əvət” deyir daha. Niyə belə olmalıdır? Bunun bir çarəsi yoxdurmu? Bir zamanlar Avropanın aparıcı dili fransız dili ilə müqayisə olunaraq Qafqazın da aparıcı dili olan Azərbaycan-Oğuz türkcəsi bu qədərmi sönük dil səviyyəsi düşdü və indi ondan imtina edənlər oldu? Babalarının danışdığı dili nəvələri bəyənmədi. Axı sənin bu dildə danışan, kökü qədimdən qədim olan bir millətin var, zəngin folklorun, ədəbiyyatın, musiqin var. Doğrudur, Türk millətiyik hər birimiz türkük. Amma dilimiz fərqlidir. Bu belə olub, belə də qalacaq. Niyə özbək, qazax, qırğız buna təşəbbüs etmir, azərilər təşəbbüs edir? Halbuki, dilin zənginliyi cəhətdən heç də geri qalmırıq.
Dilimiz hazırda uçuruma doğru yol alır. Nə qədər ki, Azərbaycan siyasi və iqtisadi cəhətdən güclü dövlətə çevrilməyib, nə qədər ki, küçələrdəki reklamlardan tutmuş, televiziya kanallarında yazılan yazılar öz dilimizdə yazılmırsa, öz dilimizdə nəşr olunan kitabların sayı azdırsa, öz dilimizdə çəkilən cizgi filmlərindən tutmuş, milli-mənəvi dəyərləri qoruyan sanballı serialların sayı azdırsa, müasir dövrün ən çox tələb olunan Kütləvi İnformasiyalar Vasitələrindən istifadəmiz zəifdirsə, təbliğatımız öz dilimizdə aşağı səviyyədədirsə, dilimizdə işlənən və çoxluq təşkil edən alınma sözlərə qarşılıq tapa bilmiriksə, dilimiz də uçuruma doğru yol almağa davam edəcək və dilimizi bəyənməyənlərin sayı günü-gündən çoxalacaq.
Dil ictimai hadisədir və bir insan hansısa dildə danışan cəmiyyətin içinə düşürsə, həmin dildə də danışmağa başlayır. Belə davam edərsə, bir müddət sonra başqa bir cəmiyyət formalaşacaq. Başqa bir cəmiyyətin formalaşması isə milli-mənəvi dəyərlərdən, adət-ənənələrdən, milli atributlardan, nəhayət dövlətçilikdən uzaqlaşmaq deməkdir. Uzaqlaşma, ey ulu millətim, uzaqlaşma. Nə qədər başqa dilləri, adətləri özümüzə vərdiş edəcəyik? Kimlərəsə xoş getsin deyə, gözlərində ucalaq deyə nə qədər özümüzdən əl çəkməliyik? Elə bilirsiniz onlar yaxşı baxırlarmı bizə? Əsla. Əksinə, gözlərində zəif, öz dillərindən, adətlərindən asanlıqla vaz keçən millət, toplum olaraq düşünürlər. Uzaqlaşma, böyük xalqım, uzaqlaşma. Kökündən, dilindən uzaqlaşma. Əcdadların nə demiş? “Titrə və özünə dön. Sən özünə dönəndə güclü olursan!” Bilgə Xaqan.
Zaur İLHAMOĞLU