- Cəmiyyət, Manşet

Bir qrup Şuşa sakininin Şuşaya səfəri təşkil olunub

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaşlı nəslin nümayəndələrindən, Qarabağ qazilərindən, ziyalılardan ibarət bir qrup Şuşa sakininin bu gün doğma şəhərinə səfərini təşkil edib.

APA-nın məlumatına görə, sakinlər Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləboran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcəklər. Səfərin sonunda sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Şuşalıların ilk səfəri 19 avqust tarixində baş tutub və 50 nəfər sakin 29 illik ayrılıqdan sonra öz doğma şəhərlərini görmək imkanı qazanıblar.

***

08:15

Bu gün Şuşa şəhərinin bir qrup sakininin Şuşa şəhərinə səfəri təşkil olunub.

APA-nın məlumatına görə, şuşalılar 30 ildən sonra doğma şəhərlərini gəzəcək, məscidləri ziyarət edəcək, Cıdır düzündə olacaq, digər tarixi yerlərə baş çəkəcəklər. Bundan əlavə, onlara öz doğma evlərini görmək, yaxınlarının məzarlarını ziyarət etmək üçün də şərait yaradılacaq.

Şuşalıları səfərdə media nümayəndələri müşayiət edir.

Qeyd edək ki, bu, Şuşa işğaldan azad olunandan sonra Şuşa sakinlərinin doğma şəhərinə təşkil olunan ikinci səfəridir. Şuşa sakinlərindən ibarət ilk qrupun səfəri avqustun 19-da baş tutmuşdu.