Ambroz Birs
Henri Armstronqun ölməsi deyəsən, heç onun özünə də inandırıcı gəlmirdi. Onu, ümumiyyətlə, nəyəsə inandırmaq çox çətin idi. Lakin, həqiqətən də, basdırılmış olduğunu qəbul etməyə onun bütün hissiyyat orqanları vadar edirdi. O, kürəyi üstə uzadılmışdı, qarnının üstündə birləşmiş və bir-birinə bu ona heç bir xeyir gətirməsə də, onun asanlıqla qırdığı nə isə ilə sarılmış əlləri, bununla bərabər, özünü tərpədə bilməməsi, zülmət qaranlıq, dəhşətli sükut ona vəziyyətinin reallığına şübhə etmək imkanını vermirdi, odur ki o, bu vəziyyətinə qeyd-şərtsiz boyun əydi.
Lakin ölü olmaq… xeyr, xeyr, o, sadəcə, çox xəstə idi. Bundan başqa, xəstə adamlara xas olan süstlük onun canına hakim kəsilmişdi, ona görə də o, talenin ona hazırladığı qeyri-adi müqəddərat haqqında bir elə düşünmürdü. O, filosof deyildi, sadəcə, hal-hazırkı anda patoloji laqeydliyin çulğaladığı adi bir adamdı. Bu situasiyaya hər hansı təsirini göstərə biləcək orqan isə susqun vəziyyətdə idi. Odur ki öz yaxın gələcəyi üçün heç bir iş görmək istəyinin olmaması nəticəsində o öz-özü ilə tam harmoniyada olub yuxuya getdi.
Lakin torpağın üstündə nə isə baş verirdi. Orada bir yay gecəsi idi. Göy üzünü şərq tərəfdən tutmuş buludları arabir çaxan şimşəklər dəlib keçir və yaxınlaşan fırtınadan xəbər verirdilər. Bu qısa sürən, qəbir daşları və məzarların üzərində oynayan işıqlanma nəticəsində elə təəssürat oyanırdı ki, sanki bütün qəbiristanlıq rəqs edirdi. Belə bir gecədə, çətin ki, kimsə qəbiristanlığa yaxın düşəydi, ona görə də Henri Armstronqun qəbrini qazan üç nəfər özünü təhlükəsiz hiss edirdilər.
Onlardan ikisi bir neçə mil aralıda yerləşən tibbi kollecin tələbəsi idi, üçüncü isə Cess adı ilə tanınan nəhəng bir zənci idi. Uzun illər idi ki, Cessi qəbiristanlıqda hər işə buyurmuşdular, o da canla-başla eləmişdi. O zarafatla qəbristanlıqdakı bütün Allah bəndələrini tanıdığını deyirdi. Onun hal-hazırda gördüyü işdən belə məlum olurdu ki, qəbiristanlıqda rəsmi sənədlərdə göstərildiyindən fərqli olaraq, qəbirlərin sayı elə də çox deyildi.
Divarın o biri üzündə, yoldan azca aralıda onları bir at qoşulmuş yüngül fayton gözləyirdi.
Qazma işləri o qədər də çətin deyildi. Cəmi bir neçə saat əvvəl qəbrin üstünü örtmüş torpağı qazmaq çox az güc tələb etdiyi üçün bu iş az vaxt aldı. Tabutun qəbirdən çıxarılması qazma qədər asan olmasa da, nəhayət, o da çıxarıldı, çünki Cess belə işlərin ustası idi. O, qapağı qaldıraraq tabutun içərisinə uzadılmış ağ köynəkli, qara şalvarlı ölünün üstünü açdı. Elə bu an qəflətən şimşək çaxdı, ildırım gurlayaraq dünyanı silkələdi və Henri Armstronq heç nə olmamış kimi, qalxaraq qəbrin içində oturdu. Gənc adamlar dəhşətli çığırtılarla başlarını tutub fərqli istiqamətlərdə qaçmağa qoyuldular. Onları geriyə qayıtmağa heç nə məcbur edə bilməzdi. Amma Cess tamam başqa xəmirdən yoğrulmuşdu.
Sübhün bozumtulluğunda başlarına gəlmiş macəranın təsiri ilə qorxu və dəhşətdən ağappaq olmuş və yorğun düşmüş, ürəkləri əsim-əsim əsən iki tələbə kollecin həyətində qarşılaşdılar.
— Sən gördün? – biri soruşdu.
— Aman Tanrım! Hə… İndi biz neyləyək?
Onlar binanın başına dolanıb arxa tərəfə keçdilər və meyitlərin yarıldığı otağın qapısı ağzındakı dirəyə bağlanmış atı və faytonu gördülər. Onlar o dəqiqə otağa girdilər. Alaqaranlıq otaqda, skamyanın üstündə Cess əyləşmişdi. O, dişlərini ağardaraq ayağa qalxdı.
— Mənə pulumu nə vaxt verəcəksiniz?
Uzun masanın üstünə Henri Armstronqun çılpaq bədəni uzadılmışdı. Onun qan və palçığa bulaşmış başı balta ilə vurulan möhkəm zərbədən yarılmışdı.
kayzen.az