Qəzənfər KAZIMOV, professor
Salman Mümtaz 1929-cu ildə yeni bir iz açaraq, el şairi Şirvanlı Molla Qasım haqqında mə’lumat vermişdir: ”… Sultan Vələd, Yunus Əmrə və Həsənoğlu ilə müasir bir də bir Molla Qasım var imiş ki, Yunus Əmrə kimi böyük bir türk sufisinə pişvalıq və ustalıq etmişdir.” Salman Mümtaz Şirvanlı Molla Qasımın iki təcnisini və bir başqa şe’rini çap etdirmişdir. Qara Hamazovun mə’lumatına əsasən, Molla Qasımın dörd şe’ri — iki təcnisi (”Ya sənəm, sənəm”, ”Haray”), bir gəraylısı (”Gördüm”) və bir müəmması (”Ya nə?”) mühafizə olunmuşdur.
S. Mümtazın qeydlərindən aydın olur ki, Yunus Əmrə kimi böyük şair Molla Qasımdan ehtiyat edirmiş, Molla Qasımın qarşısında zəif və ”ümmi” görünməməyə çalışırmış. Bu münasibət, əslində, Yunus Əmrənin öz sözlərindən hasil olur:
Dərviş Yunus, bu sözü əyri-büyrü söyləmə,
Səni siyğəyə çəkər bir Molla Qasım gəlir.
Onu da qeyd etməliyik ki, S. Mümtaz Yunus Əmrənin ”Gördüm” rədifli şe’ri Molla Qasımın eyni rədifli şe’rinə nəzirə yazdığını söyləyir. Şe’rlərin forma və məzmun xüsusiyyətləri bu fikri təsdiq edir. Hümunə üçün aşağıdakı bəndlərin müqayisəsi kifayətdir:
Molla Qasımda:
Yumulmuş şol ala gözlər,
Qiyamət yolunu gözlər.
Hanı şirin, şəkər sözlər,
Dəhani bizəban gördüm.
Yunus Əmrədə:
Soğulmuş şol ala gözlər,
Pozulmuş ay kimi üzlər.
Qarışmış qara toprağə,
Gül dərən əlləri gördüm.
Yunus Əmrə kimi, güman ki, Molla Qasım da — XIII-XIV əsrin bu el sənətkarı da sufi mərhələlərinə qail imiş. Bizim üçün daha maraqlı cəhət onun yaradıcılığında təcnisin kamil nümunəsinin olmasıdır. Mollanın ”Haray” rədifli təcnisi aşınmalara mə’ruz qalsa da, tarixilik izlərini də mühafizə edə bilmişdir:
Əhədü-ləmyəzəl vahidü-yekta,
Salma məni gözdən ayağa, haray.
Müntəha qovruldum tə’nəli sözdən,
Pərvanə tək yandım, a yağa, haray!
Heç şübhəsiz, el ədəbiyyatının, aşıq şe’rinin başqa nümayəndələri kimi, Molla Qasımın da şe’rləri keçən yüzilliklər ərzində müəyyən dəyişikliklərə uğramışdır. Lakin xüsusən təcnisdə tutarlı cinas qafiyələr adətən qorunub saxlanır. Əgər Molla Qasım bu cür kamil təcnis yazmışsa, deməli, təcnis Qurbani ilə başlamır və onun tarixi çox qədimdir.
Biz XIII-XIV əsrlərdə Molla Qasım kimi el sənətkarlarının yetişdiyinə təbii baxırıq. Yazılı ədəbiyyatı Hizami kimi nəhənglər yetirən xalqın şifahi ədəbiyyatı Molla Qasımlar yetirməkdə çətinlik çəkməzdi.
Bə’zən Molla Qasımı əfsanəvi şəxsiyyət hesab edirlər.
Folklorşünas E. Məmmədov V. B. Kudelinin ”Pogziə Önusa Gmre” (Moskva, 1980) kitabına istinad edərək yazır: ”Yunus Əmrənin divanı ilə əlaqədar yaranmış əfsanələrdən birində deyilir ki, Yunus Əmrə üç min şe’r qoşmuşdur… Şairin ölümündən sonra onun divanı Molla Qasım adlı bir nəfərin əlinə düşür. Molla Qasım divanı götürüb çay sahilinə gəlir, mütaliə ilə məşğul olur. Şe’rlərin minini şəriətə zidd olduğu üçün cırıb yandırır. Şe’rlərin ruhu dəyişmədiyindən ikinci min şe’ri də suya atır. Üçüncü minlikdən ilk şe’ri oxuduqda isə guya belə bir beytə rast gəlir:
”Dərviş Yunus, bu sözü əyri-büyrü söyləmə,
Səni siyğəyə çəkər bir Molla Qasım gəlir. ”
Həmin beyti oxuyan Molla Qasım Yunus Əmrənin peyğəmbərliyinə inanır, özünü isə müqəddəslər cərgəsində hesab edir. Qalan min şe’ri müqəddəs kitab kimi öpüb gözünün üstünə qoyur1”
E. Məmmədov bunu ”mö’təbər mənbə”, Molla Qasımı əfsanəvi şəxsiyyət hesab edərək, ”onun əvəzinə başqa bir mollanın da adı çəkilə bilərdi” — deyir, M. H. Təhmasibin də Molla Qasıma şübhə ilə yanaşdığını göstərir: ”… mö’təbər mənbələrin birində Şirvanlı Molla Qasımın tarixi yox, əfsanəvi şəxsiyyət olduğu barədə mə’lumat verilir ki, bu da professor M. H. Təhmasibin şübhələrinin əsaslı olduğuna haqq qazandırır1”
M. H. Təhmasibin öz yazısından aydın olur ki, o, Molla Qasımın şəxsiyyətinə şübhə ilə yanaşmır, onun yaşadığı dövr barədə qəti fikir söyləyə bilmədiyini, əlavə mə’lumat olmadığı üçün yalnız Salman Mümtaza əsaslandığını söyləyir və rəğbətlə bidirir ki, Salman Mümtazın sözü düz olsa, el ədəbiyyatının tarixini daha qədimlərə aparmalıyıq: ”Əgər Salman Mümtaz düz deyirsə, yə’ni Şirvanlı Qasım, doğrudan da, Yunus Əmrə ilə, Həsənoğlu ilə müasir olmuşsa, biz el tərzində yaranan şe’rimizin, xüsusilə yüksək sənətkarlıqla yazılmış təcnislərimizin də tarixini çox qədimlərdə axtarmalıyıq2”.
Yunus Əmrə ”dinə zidd” şe’rlər yazmazdı, onun çox az əsərində Məhəmməd peyğəmbərin adı çəkilmir. Digər tərəfdən, aşkar görünür ki, bu əfsanə elə həqiqətən əfsanədir: şe’rlər Mollanın əlinə keçdi, Molla minini cırıb yandırdı, minini suya atdı və s.
”Molla” məsələsinə də diqqətli olmaq lazımdır. Bu molla dua, cadu yazan, şəriət işləri ilə məşğul olan adi ara mollası deyildir, oxumuş, savadlı, ərəb, fars dillərini bilən bir şəxsdir. Bu mə’nada ”Molla Qasım”da ”Molla” sözü müəllim mə’nasındadır — Molla Pənah kimi, Molla Vəli kimi.
Həhayət, əgər bu Molla Qasım adi bir molla olubsa, əvəzində başqa bir mollanın da adı çəkilə bilərdisə, bu təcnislər, gəraylı və müəmma kimindir? Molla Qasımla bağlı Yunus Əmrənin yalnız həmin beyti qalmış olsa idi, şübhə doğura bilərdi, lakin o əsrdən üç-dörd şe’r qalıbsa, bu, qiymətli dəlildir. Əgər Şah İsmayıl kimi böyük şəxsiyyət Qurbani şe’rində iz buraxmasa idi, Qurbanini də əfsanəvi şəxsiyyət hesab edərdik — Kərəm kimi, Qərib kimi. Bunlar elə şəxsiyyətlərdir ki, əsrləri yarıb özlərinə yol açıblar.
Biz Salman Mümtazın böyük alimlik duyğularına inanırıq. Kitablarımızda el ədəbiyyatının ilk səhifəsi Qurbani ilə açılır. Lakin Qurbani el ədəbiyyatının Füzuli zirvəsidir. Bu sənətin daha əvvəllərə məxsus yüksək nümayəndələri ilə, həm də təəssüf ki, hələlik əldə edilməsi mümkün olmayan nümayəndələri ilə ərsəyə gəlmiş Həsənoğlu, Həsimi zirvələri də olmalıdır. Molla Qasımın dil xüsusiyyətləri nə qədər aşınmış olsa da, qədimliyi saxlamışdır. Şe’rlərinin leksikası və üslubu da bunu hiss etdirməkdədir.
23. 05. 96.