- Mədəniyyət

Bişkekdə Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti olub

Toktokul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti olub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsertdə hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Mirbek Mambataliyev, TÜRKSOY-un Baş katibi Sultan Raev, digər rəsmi şəxslər, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.

Qala konsertdən əvvəl nazirlər Adil Kərimli və Mirbek Mambataliyev çıxış edərək mədəniyyətin xalqlarımızın qardaşlığını daha da möhkəmləndirdiyini bildiriblər. Bu qəbildən mədəniyyət layihələrinin davamlı təşkilinin əhəmiyyəti vurğulanıb.

Sonra səhnə incəsənət ustalarına verilib.

İlk olaraq “Qarabağ” orkestri “Dostluq kompozisiyası”nı təqdim edib.

Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzularına “Fantaziya”, “Nəlbəki”, “Qaytağı”, “Uzundərə” rəqslərinin ifası ilə tamaşaçıların könlünü fəth edib.

Konsertdə tanınmış və gənc ifaçılarımız Azərbaycan və qırğız bəstəkarının əsərlərini səsləndiriblər.

Təntənəli gecə Nərgiz Kərimova, Fatimə Cəfərzadə və Xəyyam Mustafazadənin birgə ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” (sözləri Nəbi Xəzrinin) mahnısı ilə sona çatıb.