- Mədəniyyət

Biz necә iş görürük?

Üzeyir  HACIBƏYOV 

Biz necә iş görürük?
Biz iş görmәk istәdikdә bir şeyi yadımızdan çıxardırıq.
O şey nədir?
O şey nәrdivandır!
Necә yәni nәrdivan? Nәrdivan nәdir?
Nәrdivan bir alәtdir ki, onun vasitәsilә adam tәdriclә yuxarı çıxa bilәr. Hәr kәs nәrdivansız yuxarı çıxmaq istәsә, elә yıxılar ki, tәpәsi dağılar.
Bu belә. Bundan başqa, bir dә biz һәmişә başımızdan yekә iş görürük.
Amma bunun sәbәbi var. Sәbәbi dә budur.
Qonşularımız siçan boyda iş gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi, irәlilәyib camış yekәlikdә oldu. Amma biz yatmışdıq. Vә camış dönüb dəvә olanda da biz yatmışdıq. Biz ançaq o vaxt oyandıq, nə vaxt ki, qoşunlarımız fil boyda iş görmәyә başladılar.
Qәrəz, gözümüzü ovxalayıb dedik ki, nә var, biz dә o boyda işlәr görә bilәrik vә başladıq fil boyda işlәr görmәyә.
Axırı nә oldu?
Axırı belә oldu:
Filin bir ayağını qayırmamış yoruluruq vә durub qaçırıq. Sonra utanırıq, deyirik, gәlin tazadan başlayaq. Ancaq burasını iqrar elәyim ki, filә gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildәn balaca nәdir? Әlbәttә dəvә. Qәrar qoyuruq ki, dәvә boyda qayıraq. Başlayırıq. Amma yenә dәvәnin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenә yığılırıq, deyirik ki, dәvә iridir, ondan balacasını başlayaq. Ondan balaca nәdir?
Çamışdır. Başlayırıq camış boyda iş görmәyә, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (һalbuki, qonşular fildәn yuxarı çıxırlar). Deyirik ki, eşşәk boyda iş görәk, amma eşşәk dә bizә güc elәyir.Tuturuq keçini, gorürük ki, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.
Amma onda görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi…
Biz belə iş görürük.

“Tərəqqi”, 1908