Beynəlxalq Muğam Mərkəzində “Klassik musiqi axşamları” layihəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “İxtisas fortepiano” kafedrası müəllimlərinin konserti keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycanın Xalq artisti, professor Gülnaz İsmayılova, Əməkdar artist Aleksey Miltıx, professor Könül Hüseynova, dosentlər Züleyxa Abdulla, Nərgiz Salmanlı, Günel Kazımova, baş müəllimlər Sevda Məmmədli, Zərif Kərimova, Beynəlxalq müsabiqələr laureatları Ülviyyə Kazımova, Gülnarə Kərimova, Nərgiz Əliyeva, Səbinə Quliyeva və Leyla Kərimovanın parlaq ifaları dinləyicilərdə xoş əhval-ruhiyyə yaradıb.
Konsertdə F.Əmirovun 100 illik yubileyi ilə əlaqədar görkəmli bəstəkarın əsərləri də yer alıb. Həmçinin Ü.Hacıbəyli, S.Raxmaninov, A.Rzayev, A.Piazzolla, F.List, T.Dun, P.Hindemit, F.Əmirov, L.Arditi, F.Şopen, M.Ponse, V.Adıgözəlov və BMA-nın “İxtisas fortepiano” kafedrası müəllimləri S.Məmmədli, Z. Kərimovanın əsərləri səsləndirilib.