BMT-nin İnsan Haqları Şurası cümə axşamı günü Cenevrədə 49-cu sessiyasında Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyətinin daha əvvəl təqdim etdiyi və Qərb ölkələri tərəfindən fəal dəstəklənən qətnamə layihəsi insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün komissiyanın yaradılmasını nəzərdə tutur.
İlkin olaraq şuranın 49-cu sessiyasının gündəliyində olmayan Ukraynadakı vəziyyətlə bağlı təcili müzakirənin keçirilməsi təşəbbüsü Kiyevdən gəlib. Şuranın 47 üzvündən 29-u bu qərarın lehinə səs verib. Rusiya, Çin, Venesuela, Kuba və Eritreya qərarın əleyhinə səs verib. Bitərəf qalan 13 ölkə arasında Qazaxıstan, Özbəkistan, Hindistan və Pakistan nümayəndə heyətləri də olub.
Layihə insan hüquqları sahəsində üç ekspertdən ibarət müstəqil beynəlxalq təhqiqat komissiyasının təcili yaradılmasını nəzərdə tutur. Onun ilkin mandatı bir ildir. Qətnamənin təşəbbüskarlarının fikrincə, bu komissiya insan hüquqlarının və humanitar hüququn pozulması ilə bağlı bütün məlumatları – 2014-cü ildən Krımda, Donetsk və Luqansk vilayətlərinin müəyyən ərazilərində və Ukraynanın digər vilayətlərində – 2014-cü ildən 22 fevral 2022-ci ilə kimi araşdırmalıdır. Belə bir araşdırma zamanı toplanan məlumatların gələcəkdə müxtəlif səviyyəli, o cümlədən beynəlxalq məhkəmələrdə istifadə olunacağı güman edilir.
Qətnamə layihəsi ABŞ, Böyük Britaniya, Aİ-nin əksər dövlətləri, Türkiyə və Gürcüstan da daxil olmaqla, Ukraynadan başqa 36 ölkə tərəfindən hazırlanıb.