- Köşə

Boğursa, sevir və ya yazası olsam, Ümmülbanuya yazaram…

Vasif SADIQLI

                                                                                                                                                                                – Suyun var, gələrəm
                                                                                                                                                                                – Bilirəm, gələrsən.

Deyirəm, Allah kağız icad edənin atobaatasına (elə anobaanasına da) rəhmət eləsin. Düzdü, əvvəllər gil lövhə olub, papirus olub, perqam dərisi olub (el arasında perqament deyirlər), amma heç biri kağızın yerini verməyib. Heyf döyül kağız!

Bəndeyi-həqir hər gün evə qəzet alıram. Niyə? Çünki həm oxuyuruq, həm TV proqramlara baxırıq, həm də ayıb olmasın, uşaqların anası onu samovar alışığı eləyib çay qaynadır, hələ bir pəncərə şüşələrini də silib par-par parıldadır. Gil lövhəynən şüşə silmək olar? Uzağı kiməsə acığın tutsa, başına çırpmağa yarayar. Papirus da elənçik…

Qəzetdən biz son dərəcə səmərəli (el arasında praqmatikcəsinə deyirlər) istifadə edirik. Krossvordlarının hamısını xanəbəxanə həll edər, sonra yazıların hamısını oxuyarıq (redaksiya heyəti, ünvan və VÖEN daxil – axı pul vermişik), sonra məzkur qəzet keçər, ayıb olmasın, uşaqların anasının sərəncamına. Əvvəlcə onunla pəncərələri silər, sonra şpilka ilə (elə el arasında da şpilka deyərlər) mətbəxdə (el arasında kuxna deyərlər) asıb qurudar, axırda da samovar alışığı edib, çay qaynadar…

Çay dedim, su yadıma düşdü. İndi hamı suyun bahalanmasından yazır. Çox da şişirtməyin. Pul özü əl çirkidir, az pul az çirk, az su israfı deməkdir. Hökuməti də çox qınamayın. Dezdemona demiş: “Boğursa, sevir”. İyirmi il (yuvarlaq) əvvəl yanacaq bahalananda tv-lər bar-bar bağırırdı ki, heç nə bahalanmayacaq. Rayona zəng edib soruşdum ki, qaqa, işlər nə təhərdi, inşAllah heç nə bahalanmayıb. Dedi, hərbi bilet (el arasında vayenni bilet deyirlər) də bahalanıb. İnflyasiyaya mətanətlə sinə gərən son qalamız yumurta idi, Tarif Şurası onu da hippon fəndi ilə məğlub elədi.

Yumurta dedim, yadıma düşdü, sizə bir lətifə danışım (el arasında anekdot deyirlər). Biri varmış, biri yoxmuş, qədim əyyamda bir padşah varmış. Bir gün padşah oğluna deyir, oğul, ovcumun içində bir üzük gizlədəcəm, əgər bilsən ovcumun içindəki nədir, məndən sonra padşah sənsən, yox, tapmadın… yenə padşah sənsən. İcazə verin bu gül kimi (el arasında klyovı deyirlər) nağılı yarımçıq kəsim, çünki çox xətərnakdı (el arasında opasnı deyirlər).

Bir də ki, pul ölkədə beş adamda olar, on adamda olar… Hər yerindən duran istəyir ki, pulu olsun. İndi durub mənə Füzulidən sitat gətirməyin, nə bilim:
Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

Elə Ömər Kamil Laədridən:
Yağlı bir söyüş ilə andım Tarif Şurasını
Qoy bu artım olsun ol söyüşümə kəffarə su.

kimi sitatlar da gətirməyin…

Həri. “Sevir” deyirdim axı.Dünən nisvan camiəsindən tanımadığım biriisi mesencerə “salam” yazıb. Sonra baxdım ki, iki il əvvəl də “salam” yazıb, mən də “əleyk” yazmışam. Sonra “neynirsen?” yazıb. Day heç nə yazmamışam. Ardınca “yazsana” yazıb, daha sonra “nə oldu?” yazıb…

Bu yerdə lətifə (dedim axı, el arasında anekdot deyirlər) yadıma o düşdü. Deyir, bir gün bir əyyaş (el arasında piyanski deyirlər) lül-qənbər gəlib uzanır avtobus dayanacağında (el arasında ostanovka deyirlər) oturacağın (el arasında skameyka deyirlər) üstünə. Polis sahə müvəkkili (el arasında ona uçastkovı deyirlər) gəlib bunu durğuzur ki, əəə, dur gedək şöbəyə (el arasında otdeleniye deyirlər). Əyyaş da qayıdır ki, rəis (el arasında ləçənnik deyirlər), gedə bilsəm, evə gedərəm dəəə, otdeleniyeyə niyə gedirəm???

Rəhmətliyin nəvəsi, nə bilim kimsən, profilə qoyduğun kimin şəklidi? Yazası  olsam, “kafur əliylə ənbərin kəmənd dəstələmiş nigari-tərəbnakü ərcimənd”ə yazaram. Və ya “kəlağayı əlvan, qəsabə qıyqac” birinə yazaram, “siyah zülfü tər buxaqda dənlənmiş” birinə yazaram, Sudan Gələn Sürməli Qıza yazaram… Lap bədəbəd Ümmülbanuya yazaram – gül kimi həmsöhbətdi, “rəşki-çəmən, zülfü səmən, gözləri ahuyi-xütən”di, şəkkərzəbandı, üstəlik bağ evlərində gündə 24 saat “kaçalkalar” su vurur, day sənə nöş yazıram? Di yeri…

Xeyirli çərşənbələr…