Oktyabrın 14-də Sofiya şəhərində yerləşən Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanasında Azərbaycana dair daimi guşənin açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Bolqarıstan Milli Kitabxanasının direktoru Krasmira Aleksandrovna, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və digər nümayəndələr iştirak ediblər.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək Bolqarıstan Milli Kitabxanasında olmasından məmnunluğunu ifadə edib. Qeyd edib ki, Azərbaycana dair daimi guşədə nümayiş olunmaq məqsədilə 100-dən artıq kitab Azərbaycan Milli Kitabxanasının Ehtiyat mübadilə fondundan Bolqarıstan Milli Kitabxanasına göndərilib. Direktor vurğulayıb ki, yaradılan daimi guşədə Azərbaycanın zəngin tarixi və mədəniyyəti, müasir inkişafı, eləcə də Qarabağ haqqında kitablar nümayiş olunur. Bildirib ki, Azərbaycan Milli Kitabxanası xarici ölkələrlə beynəlxalq kitab mübadiləsi işinə xüsusi əhəmiyyət verir. Gələcəkdə də Bolqarıstan Milli Kitabxanasına təqdim olunan kitabların sayının artırılmasının vacibliyini vurğulayıb.
Açılış mərasimində Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov çıxış edərək Bolqarıstan Milli Kitabxanasında Azərbaycana dair daimi guşənin yaradılmasını təqdirəlayiq addım kimi qiymətləndirərək gələcəkdə də burada nümayiş olunan kitabların sayının artırılmasının vacibliyini qeyd edib və hər iki kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.
Bolqarıstan Milli Kitabxanasında yaradılan Azərbaycan daimi guşəsi maraqla qarşılanıb.
Açılış mərasimi çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorondumu imzalanıb.
Anlaşma memorondumunu Azərbaycan Milli Kitabxanası tərəfindən direktor Kərim Tahirov, Bolqarıstan Milli Kitabxanasından isə direktor Krasmira Aleksandrovna imzalayıblar.
Səfiri Hüseyn Hüseynov bildirib ki, Azərbaycan ilə Bolqarıstan Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması çox qürurverici haldır. Belə ki, hər iki ölkə kitabxanaları arasında olan qardaşlıq, dostluq münasibətləri imzalanan memorandumdan sonra daha da möhkəmlənəcək.
Müqavilənin şərtlərinə əsasən tərəflər kitabxana-biblioqrafiya prosеslərinin avtomatlaşdırılması, еlеktron kataloq və еlеktron kitabxanalardan qarşılıqlı istifadə, məlumat bazalarının idarə edilməsi, kitabxana və kitab nəşri sahəsində elmi tədqiqatlar, nadir kitabların mühafizəsi, bərpası və konservasiyası texnologiyaları, kitabxana arxivlərinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq kitab mübadiləsinin inkişafı, kitab sərgilərinin təşkili və s. sahələrdə əməkdaşlıq etmək barədə razılığa gəlirlər.
Direktor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını və “Sözləri Nizaminindir” adlı CD disk albomunu Bolqarıstan Milli Kitabxanasının direktoru Krasmira Aleksandrovnaya hədiyyə edib.
Mərasimdən sonra Kərim Tahirov Bolqarıstan Milli Kitabxanası ilə yaxından tanış olub. Ona kitabxananın elektron imkanları, elektron kitabxana, tətbiq edilən qabaqcıl təcrübələr, habelə istifadəçilərə göstərilən xidmətlər haqqında məlumat verilib.
Həmçinin Kərim Tahirov “Bolqarıstan Gənclər Qırmızı Xaç” təşkilatının yaranmasının 100 illiyinə həsr olunan tədbirdə də iştirak edib. (azertag)