Film haqqında: “Böyük diktator” – 1940-cı ildə britaniyalı komik aktyor Çarli Çaplin tərəfindən ssenarisi yazılmış, rejissorluğu edilmiş və öz iştirakı ilə iki əsas rolda yer aldığı satirik komediya-dramdır. Səssiz filmlər kralının ilk səsli filmidir.
“Təəssüflə qeyd edim ki, mən imperator olmaq istəmirəm. Bu, mənim işim deyil. Heç kimi idarə etmək, ya da heç yeri işğal etmək istəmirəm. Hamıya kömək etmək istərdim, əgər mümkünsə, yəhudilərə, yəhudi olmayanlara, qaralara, ağlara… Biz hamımız bir-birimizə yardım etmək istəyirik. İnsan belədir. Biz bir-birimizin bədbəxtliyinə deyil, xoşbəxtliyinə sevinmək istəyirik. Nifrət etmək, bir-birimizə kin bəsləmək istəmirik. Bu dünyada hər kəs üçün yer var. Və bu zəngin yer kürəsində hamını təmin etmək üçün hər şey var. Həyat azad və gözəl ola bilər, amma biz öz yolumuzu itirmişik.
Tamah insanların ruhunu zəhərləyib, dünyanı nifrin başına götürüb, bizi bədbəxtliyə və qan axıtmağa gətirib çıxardıb. Biz sürəti artırmışıq, amma özümüz içəridə bağlanıb qalmışıq. Bizə bolluq verən mexanizmlər bizi ehtiyac içində qoyub. Biliyimiz bizi abırsızlaşdırıb. Ağlımız qəddardır və mərhəmətdən məhrumdur. Həddən çox düşünür, həddən az hiss edirik. Maşınlardan çox insanlığa möhtacıq. Ağıldan daha çox mərhəmət və nəzakətə ehtiyacımız var. Bu keyfiyyətlər olmadan həyat vəhşiləşəcək və məhv olacaq.
Təyyarələr və radio bizi yaxınlaşdırdı. Bu ixtiraların mahiyyəti bəşər övladını yaxşılıq etməyə səsləyir. Onu ümumdünya qardaşlığına sövq edir. Hamımızın birlik olması naminə mübarizə aparaq! Hətta indinin özündə mənin səsim dünyada ümidini və əlini hər şeydən üzmüş, insanları əzab verməyə və məsum olanları həbsə atan sistemin qurbanları olan milyonlarla kişiyə, qadına və balaca uşaqlara çatır.
Məni eşidənlərə səslənirəm: ruhdan düşməyin! Başımızın üstünü alan bu bəla keçib gedən tamahdandır. Bu, tərəqqidən qorxanların acısıdır. Kin-küdurət keçib gedəcək, diktatorlar öləcək və xalqların əlindən alınmış hakimiyyət özlərinə qayıdacaq. Uğrunda insanlar öldükcə hürriyyət heç vaxt yox olmayacaq.
Əsgərlər! Özünüzü heyvanlara təslim etməyin. Sizə nifrət edən, sizi köləyə çevirən, həyatınızı nizamlayan, sizə nə edəcəyinzi diktə edən, nə düşünməyi və nə hiss etməyi deyənlərə uymayın! Sizinlə mal-qara kimi davranan, sizdən topəti edənlərə boyun əyməyin! İnsanlığını itirmiş – robot beyinli və robot ürəkli robot adamlara özünüzü yem etməyin! Siz robot deyilsiniz! Siz heyvan deyilsiniz! Siz insansınız! Ürəyinizdə insanlıq sevdası var. Siz nifrət etmirsiniz! Əsgərlər! Köləlik üçün vuruşmayın. Azadlıq üçün mübarizə aparın!
Müqəddəs Luka kitabının 17-ci fəslində yazılıb: “Tanrının padşahlığı insanın öz içindədir.” Bir adamın yox, bir qrup adamın da yox, bütün insanların! Sizin içinizdədir! Siz insanların gücü var. Sizin maşınlar yaratmaq kimi gücünüz var! Xoşbəxtlik yaratmaq gücünüz var! Sizin bu həyatı azad və əsrarəngiz etmək gücünüz var! Bu həyatı gözəl bir macəraya çevirmək gücünüz var!
Onda demokratiya adına gəlin bu gücdən istifadə edək – gəlin hamılıqla birləşək! Gəlin yeni bir dünya uğrunda mübarizə aparaq! İnsanlara işləmək şansı verməklə gənclərə gözəl gələcək, qocalara təhlükəsiz həyat bəxş edən layiqli bir dünya uğrunda mübarizə aparaq! Belə şeyləri vəd etməklə heyvanlar hakimiyyətə gəlmişlər! Amma onlar yalan danışırlar! Onlar bu vədə əməl etmirlər. Heç vaxt da etməyəcəklər!
Diktatorlar özlərinə azadlıq bəxş edir, lakin insanları köləyə çevirirlər! İndi isə gəlin bu vədlərin yerinə yetirilməsi uğrunda vuruşaq! Gəlin dünyanı azad etmək üçün mübarizə aparaq! Milli maneələrdən – tamahkarlıqdan, kin-küdurətdən və hövsələsizlikdən canımızı xilas edək! Gəlin ağılın hökm sürdüyü bir dünya üçün mübarizə aparaq! Elə bir dünya üçün ki, orada elm və tərəqqi bütün insanları xoşbəxtliyə aparacaq. Əsgərlər! Gəlin demokratiya naminə birləşək!”
Məzmun: I Dünya Müharibəsi zamanı yaralanmış bir bərbər xəstəxana divarları arxasında 20 il keçirdikdən sonra vətənə qayıdır…
TƏRCÜMƏ: Aygün Əziz
P.S. Bu gün Çarli Çaplinin ad günüdür.