Braziliya Amerika Birləşmiş Ştatlarının Rusiya vətəndaşı Sergey Çerkasovun ekstradisiyası tələbini rədd edib. O, Rusiya hərbi kəşfiyyatının zabiti ola bilər.
“Report” xəbər verir ki, bu barədə Braziliyanın Ədliyyə və İctimai Təhlükəsizlik Nazirliyinin bəyanatında deyilir.
Nazirlik ABŞ-ın rusiyalının ekstradisiyası tələbini əsassız adlandırıb. Onlar həmçinin əlavə ediblər ki, Sergey Çerkasov narkotik alverində ittiham olunub və artıq Rusiyaya ekstradisiyası ilə bağlı razılıq əldə edilib.
Qeyd olunub ki, Çerkasov yalnız Braziliyada həbs cəzasını çəkdikdən sonra Rusiyaya ekstradisiya ediləcək.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Çerkasov 2018-ci ildə ölkəyə daxil olub. Amerika hüquq-mühafizə orqanları onun Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ərəfəsində casusluq etmək üçün saxta adla ölkədə olmasından şübhələnirlər.
Çerkasovun saxta adı Viktor Müller Ferreyradır və o, özünü Braziliyada ölmüş şəxsin oğlu kimi təqdim edib.