- Manşet, Mədəniyyət

Braziliyada Fikrət Əmirovun 100 illiyinə həsr edilmiş konsert keçirilib

6 aprel tarixində dünya peşəkar musiqi mədəniyyətində Azərbaycan musiqisinin təbliği çərçivəsində, Braziliyanın Rio de Janeyro şəhərində Azərbaycanın musiqi beşiyi sayılan Şuşa şəhərinə və dahi bəstəkarımız Fikrət Əmirovun 100 illiyinə həsr edilmiş Braziliya Dövlət Simfonik Orkestrinin konserti keçirilmişdir.   

Azərbaycan Respublikasının Braziliyadakı səfirliyindən 525.az-a verilən məlumata görə, tədbirin açılışında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci ilin Şuşa ili elan olunduğunu diqqətə çatdırmış və konsertin bu əlamətdar hadisəyə həsr edildiyini qeyd etmişdir. Səfir çıxışında bildirmişdir ki, 2022-ci ilin noyabr ayında dünya şöhrətli bəstəkar, tanınmış ictimai xadim Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümü münasibətilə ölkə başçısının Sərəncamına uyğun olaraq möhtəşəm tədbir təşkil ediləcəkdir. Səfir, Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etməsi barədə konsert iştirakçılarına ətraflı məlumat vermişdir.

Səfir bildirmişdir ki, 100 illiyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.

Braziliya ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi, musiqi sahəsində də dərin bağlılığının olduğunu bildirən Səfir, bu bağlılığın yüksələn xətlə inkişaf etdiyini qeyd etmişdir.

Daha sonra maestro Yalçın Adıgözəlovun dirijorluğu altında Braziliya Dövlət  Simfonik Orkestri tamaşaçılara geniş musiqi proqramını təqdim etmişdir. Bu əlamətdar gecədə konsert dinləyiciləri Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ovşarı” Simfonik muğamı, “Nəsimi Dastanı” və Vasif Adigözəlovun 3 nömrəli piano və orkestr ücün konserti  ilə tanış olmuşlar.