Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyəti yanlış mühakimə edib.
CNN-nin xəbərinə görə, Böyük Britaniyanın GCHQ kəşfiyyat təşkilatının rəhbəri Ceremi Fleminq belə deyib.
“Getdikcə daha çox aydın olur ki, Putin vəziyyəti çox yanlış mühakimə edib. Aydındır ki, o, Ukrayna xalqının müqavimətini yanlış mühakimə edib. Biz ruh yüksəkliyi aşağı olan və silah çatışmazlığı ilə üzləşən rusiyalı əsgərlərin əmrləri icra etmədiyini, öz ləvazimatlarını qəsdən zədələdiyini və yanlışlıqla öz təyyarələrini vurduqlarını görürük”, – Fleminq bildirib.
O, Putinin müşavirlərinin ona həqiqəti deməkdən qorxduğunu düşündüyünü qeyd edib.
Fleminq vurğulayıb ki, Rusiya Ukraynada “Wagner” qrupu da daxil olmaqla, muzdlular və xarici döyüşçülərdən istifadə edir. O diqqətə çatdırıb ki, daha riskli əməliyyatlarda iştirak edən “Wagner” qrupu indi Rusiya tərəfdən döyüşməsi üçün çox sayda personalını Ukraynaya göndərməyə hazırlaşır: “Onlar digər münaqişələrdəki qüvvələrin yerdəyişməsini edirlər və saylarını artırmaq üçün yeni döyüşçülər cəlb edirlər. Bu döyüşçülərin Rusiyanın hərbi itkilərinin azaldılması üçün qurban kimi istifadə ediləcəyi ehtimal edilir”. (apa)