- Cəmiyyət, Manşet

Bu gün 23 minə yaxın abituriyent qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçiriləcək.

DİM-dən “Report”a bildirilib ki, bu imtahanda (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulur.

Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq imtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.