Bu gün – oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.
Şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür.
2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezident İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib.
Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizlənib.
Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun Cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilib.
Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadrat kilometr, əhalisi isə 134 333 nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.
1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.
Rayon əhalisinin 50%-ə qədəri işğaldan azad olunmuş ərazisindəki 1 şəhər, 17 qəsəbə, 21 kənddə yaşayır. Digər rayon sakinləri isə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşıb.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir.
Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Qarabağ Azərbaycandır!