- Mədəniyyət

Bu gün Nazim Hikmətin doğum günüdür

Bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür.

Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olub, “Sərvliklərdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Sovet Rusiyasına gəlib.
1924-cü ildə Türkiyəyə qayıdıb, inqilabi “Oraq-çəkic” qəzetində, “Aydınlıq” jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış edib. 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlib. 1928-ci ildə Bakıda şairin “Günəşi içənlərin türküsü” adlı ilk şerlər kitabı çapdan çıxıb.

1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə “Türkiyədə”, 1955-ci ildə “Qərib adam”, 1956-cı ildə “İvan İvanoviç vardımı, yoxdumu”, 1960-cı ildə “Domokl qılıncı” və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər (“Bir məhəlləli iki oğlan”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım”, “Məhəbbətim, kədərim mənim”) çəkilib.

Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şer vəznini Nazim Hikmət gətirib.

1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olub.

Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat edib.