- Mədəniyyət

Bu gün Xalq artisti İsmayıl Osmanlının doğum günüdür

Tamaşaçılar Xalq artisti İsmayıl Osmanlını “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazı ilə yaxşı tanıyır.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti İsmayıl Osmanlının anadan olmasından 120 il ötür.

İsmayıl Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə yoxsul bir ailədə doğulub. 11 yaşında atadan yetim qalan balaca İsmayıl Şəki ipək fabrikində işləməyə məcbur olub. Həyatın hər cür üzünü görəm İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməsə də, mükəmməl aktyor olmağı bacarıb…

1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

İsmayıl Osmanlının yaratdığı obrazlar xarakterlərinə görə bir-birindən fərqlənir. Görkəmli sənətkarın “Azərbaycanfilm”in istehsal etdiyi bir çox ekran əsərlərində oynadığı rolları yaşlı və orta nəsil tamaşaçılar böyük məhəbbətlə xatırlayırlar.

“Kəndlilər” filmində (daxili işlər naziri), “Bir məhəlləli iki oğlan”da (Mahmud), “O olmasın, bu olsun”da (Rza bəy), “Əsl dost”da (Usta Şirəli), “Yenilməz batalyon”da (dərzi Yusif), “Mən ki gözəl deyildim”də (Poçt müdiri Şərif), “26-lar”da (Şahbazov), “Ulduzlar sönmür”də (Hacı Zeynalabdin Tağıyev), “Nəsimi”də (Nəimi), “Yeddi oğul istərəm”də (Kələntər) və sair filmlərdə yaratdığı obrazlar buna misal ola bilər.

Görkəmli aktyor 1978-ci il iyunun 22-də vəfat edib.