- Mədəniyyət

Bu gün Xalq artisti Lütfəli Abdullayevin anadan olmasından 108 il ötür

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin anadan olmasının 108-ci ildönümü tamam olur.

L.Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Musiqili Teatr yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, Tulio (“Rəqs müəllimi”), Rəşid (“Kimdir müqəssir?”), Tağı (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), Nadir (“Çiçəklənən arzular”) rollarında çıxış edib. 1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.

Onun zəngin obrazlar qalereyasına Vəli və Soltan bəy (“Arşın mal alan”), Hambal, Cəfər və Məşədi İbad (“Məşədi İbad”), Kəblə Heydər (“Evliykən subay”), Vəli və Sandro (“Aşıq Qərib”), Qulu (“Əlli yaşında cavan”), Kərim (“Lənkəran xanının vəziri”), Qulaməli (Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah caduküni-məşhur”), Trufaldino (“İki ağanın bir nökəri”), Hamlet (“Tiflis nəğməsi”), Avo (“Şirin arzular”), Çako (“Keto və Kote”) və digər əsərlər daxildir.

L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.