Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlı anadan olmasından 100 il ötür.
Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də də Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Muşfiq, Cabir Novruz, Zeynəb Xanlarova, Şəfiqə Eyvazova kimi söz və sənət ustalarını bəxş etmiş Xızıda anadan olub.
Seyfəddin Abbasov yaradıcılığa məktəbdə oxuyarkən şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda oxuyanda “Kommunist” qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin ədəbi işçisi, şöbə müdiri, məsul katibi olub.
Böyük Vətən müharibəsi başlayanda o, Sovet Ordusu sıralarına çağırılıb və ömrünün on beş ilini hərbi xidmətə həsr etdi. “Ordu” qəzetinin ədəbi işçisi, “Diviziya” qəzetinin redaktoru oldu. 1944-1946-cı illərdə Sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçib.
Seyfəddin Abbasov jurnalistikaya 1938-ci ildə maraqlı felyetonları ilə gəlib. İlk kitabı “Dəniz kəşfiyyatçısı” on il sonra, 1948-ci ildə işıq üzü görüb. Onun əsərləri ilk gündən geniş oxucu kütləsinin rəğbətini qazanıb. İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri “Vətən uğrunda” jurnalında, “Ədəbiyyat”, Təbrizdə çıxan “Vətən yolunda” qəzetlərində çap olunurdu.
S.Dağlı 1952-1956-cı illərə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının redaktorluq fakültəsinin müdavimi olub. 1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olunub və Vətənə qayıdıb. Bakıda o, jurnalist və ədəbi fəaliyyətini davam etdirib. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru, sədr müavini işləyib.
Seyfəddin Dağlı həmkarlarından özünəməxsus üslubu ilə seçilirdi. Onun yaradıcılığı zəngin və çoxşaxəli idi. O, bir çox hekayə, oçerk, povest, romanın müəllifi idi. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır”, “Bahar oğlu” romanı (Cəfər Cabbarlının həyatı haqqında), “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” adlı ədəbi şedevrlər yaratdı. Lakin çoxşahəli yaradıcılığında o, satirik-yumoristik janra üstünlük verirdi. Bu sahədə o, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tyanınırdı. Onun pyesləri bir çox teatrlarda dəfələrlə səhnəyə qoyulub.
S.Dağlı həm satirik, həm də yumoristik povestlər, hekayələr ustası idi. Onun əsərləri oxucuda şüurlu və mənalı gülüş yaradır, ona görə də onların süjet xətti, quruluşu, ifadə tərzi, dilinin sadəliyi və şirinliyi ilə yadda qalırdı. Onun yaradıcılığında məhz satirik axar xüsusilə seçilir. Yazıçının tənqid və satira hədəfi müasir cəmiyyətin eybəcərlikləri idi, bütün qəhrəmanları həyatdan götürülüb. Müəllif tərəfindən yaradılmış hər bir obrazın öz bədii xüsusiyyətləri var və bir-birindən xeyli fərqlənir.
Yazıçının fəaliyyətinin ən mühüm mərhələsi “Kirpi” satirik jurnalına rəhbərlik etdiyi dövr olmuşdu. O, 1959-cu ildən 1976-cı ilədək bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərib. Jurnal zamanın tələbinə uyğun olaraq 1952-ci ildə məşhur “Molla Nəsrəddin” ənənələrinin davamçısı kimi çıxmağa başlayıb. Məhz bu jurnalda işlədiyi illərdə yazıçının istedadı özünü daha parlaq göstərib.
Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatı isə onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, “Kirpi” jurnalının bir-birindən maraqlı onlarla nömrəsidir.
Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.