Yer Günəşdən ən uzaq məsafədən keçib.
“Report” xəbər verir ki, bu, yay fəslinin başlanmasından təqribən 2 həftə sonra baş verib. Saat 00:06-da afelidən keçib və həmin an Günəşə qədər məsafə 152 093 251 km olub. Afelidə Yer Günəşdən ən yaxın nöqtəsi olan perihelidə olduğundan təqribən 5 milyon km uzaqda olur. Afelidə Günəş diskinin görünən bucaq ölçüsü perihelidə olduğundan kiçikdir. Yer afelidə olduqda Günəşin bucaq diametri minimal – 31’28”, perihelidə isə maksimal – 32’32” olub. Günəş diskinin ölçüsündə olan bu fərq gözlə hiss olunmur və təxminən 3% təşkil edib.

Yerin periheli və ya afelidə olduğu tarixlər sabit deyil. Qısa müddətdə tarixlər ildən-ilə iki günə qədər dəyişə bilər. Lakin uzun dövrdə afeli və perihelidə olma tarixləri kəskin dəyişir. Məsələn, 1246-cı ildə dekabr qış Günəşduruşunda Yer perihelidə olub. O vaxtdan bəri periheli və afeli tarixləri hər 58 ildə bir gün dəyişir. Astronomların hesablamalarına görə, 6430-cu ildə – 4407 ildən sonra Yerin perihelidə olma tarixi 19 mart gecə-gündüz bərabərliyi ilə üst-üstə düşəcək.