- Mədəniyyət

Bu gün Zivər bəy Əhmədbəyovun xatirə günüdür

Bu gün Azərbaycanın ilk ali təhsilli memarı olan Zivər bəy Əhmədbəyovun anım günüdür.

AZƏRTAC xəbər verir ki, vəfatından 97 il ötən Zivər bəy Əhmədbəyovun yaratdığı bənzərsiz memarlıq abidələri bu gün də şəhərimizin ən gözəl tikililəri kimi göz oxşayır.

Bakının qədim memarlıq abidələri dünyanın bir çox şəhərlərinin arxitektura nümunələri ilə bəhsə girə bilər. Böyük bir tarixi dövrü yaşadan bu sənət inciləri əsas etibarilə ecazkar şərq elementləri əsasında, dünyanın ən qabaqcıl məktəblərinin təcrübəsindən yararlanaraq meydana gəlib. Belə gözəl əsərlərdən bir neçəsinin müəllifi də dövrünün görkəmli ziyalılarından sayılan Zivər bəy Əhmədbəyov olub. Onun yaratdığı bənzərsiz memarlıq abidələri mədəni irsimizə əvəzsiz töhfələr bəxş edib. Zivər bəy Gəraybəy oğlu Əhmədbəyov 1873-cü ildə mayın 25-də Şamaxı şəhərində qulluqçu ailəsində doğulub. Onun atası Şamaxıda quberniya idarəsində kiçik məmur vəzifəsində işləyib. Atası ilk əvvəl Zivər bəyi molla məktəbinə qoymuş, sonra isə Bakıya gimnaziyaya oxumağa göndərmişdi. Gimnaziyanın istedadlı tələbələrindən biri kimi tanınan Zivər bəy 1893-cü ildə əlaçı tələbə kimi Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna göndəriş alır. Bu məktəb həmin dövrün zəngin uşaqlarının oxuduğu təhsil ocağı hesab olunurdu.

Azərbaycanın ilk ali təhsilli memarı olan Zivər bəy Əhmədbəyov 1902–ci ildə I Nikolay adına Peterburq mülki mühəndislər institutunu bitirdikdən sonra Bakı Quberniya idarəsinin texniki kimi fəaliyyət göstərib. 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ildən isə Bakı şəhərinin baş memarı təyin edilib. Zivər bəyin layihəsi üzrə 1905-1914-cü illərdə Bakıda “Təzəpir” məscidi, 1912-1913-cü illərdə “Səadət ” məktəbi, həmin illərdə “İttifaq” məscidi, 1898-1902-ci illərdə Göyçayda Əbülfəzlil Əbbas məscidi, 1908 –ci ildə Əmircanda Murtuza Muxtarov məscidinin binaları, yaşayış evləri və digər tikililər inşa edilib.

Azərbaycanlı memarın Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınıb.