- Ədəbiyyat

Bu günümüzün “Qarabağnamə”ləri

Vaqif OSMANOV

XVIII-XIX əsr Qarabağ xanlığının siyasi, iqtisadi, mədəni tarixini özündə əks etdirən on “Qarabağnamə” yazılmışdır. Mirzə Adıgözəl bəyin, Əhməd bəy Cavanşirin, Mirzə Yusif Qarabağinin, Mirzə Camal Cavanşir Qarabağinin və başqalarının yazdıqlarından Vətənimizin bu məşhur bölgəsinin tarixi haqqında zəngin bilgilər əldə etmək mümkündür.

Bu gün də “Qarabağnamə”lər yazılırmı? Deyərdim ki, bəli. Vətən sevgili şair və yazıçıların Qarabağ haqqında yazdıqları əslində hərəsi bir “Qarabağnamə”dir, yaddaqalacaq, yüz-yüz illər sonra da gərəkli olacaq sənət əsəridirsə…

Rəfail Tağızadənin şeirləri, poemaları da bizi Qarabağ ellərinə səyahətə aparır, əsir yurdların nisgilindən xəbər verir. Onların hər biri bu günümüzün ağrılı, həsrətli “Qarabağnamə”dir, yığcam və neçə-neçə yüzilliklər yaddaşlarda qalacaq “Qarabağnamə”lər. Rəfail müəlimin “Qarabağ dərdinin böyüklüyünü” (professor Cahangir Məmmədli) əks etdirən Qarabağ şeirlərini və poemalarını ədəbiyyatşünas və tənqidçi, professor Vaqif Yusifli “Qarabağnamə” alandırmışdır. Ona görə xatırlatdım ki, birdən məni plagiatlıqda suçlayarsınız. Plagiatlıq mənəvi oğurluqdur, istedadın və təxəyyülün tənəzzülüdür, daha dəqiqi, ölümüdür…

Düşünürəm ki, “Qarabağnamə”lər yüzlərlədir, on yox…

İndi Şuşanın “qırmızı koftalı, yaşıl tumanlı dağları”ndan, Cıdır düzünün  musiqi məclislərindən, Turşsuda, İsa bulağında toplaşan kuzəli el gözəllərindən,  Topxana meşəsinin, Ağdamın, Laçının, Kəlbəcərin ilahi gözəlliklərindən, məşhur Qarabağ atlarının yerişindən, xarıbülbül çiçəyinin rayihəsindən keçmiş zamanda söz açmaq məcburiyyətindəyik. Bu, yaddaşında problemi olanlardan fərqli olaraq həssas qəlbli insanlar üçün utanc yeridir…

“Bu yerin gözəli Qarabağ atı” az qala bir qərinədir ki, ərənləri gözləyir, “kişnəmir, gülmür,  ərənlər nə vaxtdır at yalı daraya bilmir”. Rəfail müəllimin  Qarabağ nəgmələri, ağıları, bayatıları bizi o zamanlara – Qarabağlı günlərimizə aparır, amma xəyalın qanadlarında, əsirlikdə qalan, əlimiz, ayağımız, səsimiz çatmayan cənnət diyarın isə bizi gözləməkdən gözləri saralıb. Orada düşmən at oynadır, Qarabağ atlarını. O atlar ki, indi onların şahanə duruşundan, ədalı və qürurlu yerişindən əsər-əlamət qalmayıb, xain düşmənin onun belində oturmasından utanırlar, bizi qınayırlar. Bizsə Bakının mərkəzində  “Şəhri-Şuşa”, “Xankəndi”, “Xan bağı”, “Xarıbülbül” ucaldıb orada yeyib-içib keflənib gözümüzü süzdürə-süzdürə, əzalarımızı sındıra-sındıra “Laçınım, Laçınım”, “Yanıq Kərəmi” üstündə  şıdırğı rəqs edirik, “Laçın”da alış-verişdəyik. “Kürəyimizdəki qamçı səsləri”ni eşitmirik, “boynumuzdakı üzəngi kölgəsi”ni görmürük. Başımız qarışıb vurhavura, çal-çağıra, alıb-aldatmağa…

“Yaradıcılığında Qarabağ mövzusu dominantlıq təşkil edən” (dünya şöhrətli alim, professor Rafiq Əliyev), “Qarabağ dərdinin carçısı” (Cahangir Məmmədli), “Qarabağ faciəsinin aradan qaldırılmasının yollarını axtaran” (Famil Mehdi), “Qarabağ reallığını fotoqrafik dəqiqliklə əks etdirən, doğulduğu torpağa – Qarabağa oxşayan” (Adil Mirseyid) Rəfail Tağızadənin  “Qarabağnamə”lərinin hər misrasında yetim torpaq həsrətini, bayatı kövrəkliyini duymayanın sinəsinin sol tərəfindəki əza nədirsə, hər halda, ürək deyil:

Bu qədər zamanı necə yaşadım?
Məndə bir ölünün səbri var, Allah.

Və Rəfail müəllim tezliklə də “narahat ruhlar”la dərdləşərək narahatlığını dilə gətirir:

Bu gecə özümü harda basdırım?
İçimdə özümə qəbir yerim yox,
Bu gecə dözüm yox, səbir yerim yox…

“Nə doğulduğu yerin dəqiq ünvanı, nə günü, ayı, nə nəsli-nəcabəti, məkanı bəlli, itkilərimizin “günahkarı”, qismətinə acı tale yazılan, gözü özündən böyük, ürkək baxışlı, əlləri, gözləri təmənna həsrətli, dərdi çiynində ağır yük, müəllimi didərgin, məktəbi çadır” olan, “dünyanın artıq adamı-çadırda doğulan, ürəyi oyuq-oyuq, taleyi müəmmalı cocuq – qaçqın uşağı”nın halını o günləri öz gözüylə görməyənlər çətin anlayar:

Küçəsi-səhranın çıxış xətti,
məhləsi-yardım məntəqəsinin yanı,
evi – sonuncu çadır,
yatağı – çadırın küncü –
Qaçqın uşağı.

“Qara buludları hər an hamilə, naxoş küləkləri xəbər daşıyan, sevincin adı unudulan, “cəbhələr” matəmdə yanaşı durmayan” bir məmləkətdə “dərdlərin ən böyüyü torpaq dərdidirsə, bunu çəkmək dəvə yükü çəkməkdən qat-qat çətindir. Dərd insanı ozan edər, lap elə sazsız da dilləndirər, bayatılar yazdırar, bayatıdan çox ağıya bənzəyən “Qarabağ bayatıları”. O ellərin, eləcə də bütöv Azərbaycanın  şair oğlu Şahmar Əkbərzadə  anasının ölümünə yazdığı şeirdə “laylay öyrədərmiş oğula ölüm” deyirdi. Torpaq, yurd nisgili Rəfail müəllmə ağı deməyi də öyrətdi, öyrətməyəydi kaş:

Bu yerlərin təhnəsi boş,

Cıdır düzü, səhnəsi boş,

dədə-baba məhləsi boş,

QARABAĞ.

Mənim nəyim qalıb daha

dərd alan yox, satım baha,

ahlarım çatmır  Allaha,

QARABAĞ.

Vətənin hər qarış torpağı uğrunda cihada hazır olan Vətənin ərənləri, qaziləri üçün Vətən nədir, daha doğrusu, Vətəni müqəddəs canlı varlıq – Ana bilənlər üçün Vətən nədir yox, kimdir? Rəfail Tağızadə üçün Qarabağ onu “harda olsa Ana kimi qoynuna çəkən torpaqdı, ciyərlərinin süzgəcsiz sorub qəbul etdiyi havadı, qayaları, daşları yarıb süzülən sudu, gecələr onu darıxmağa qoymayan ulduzlu, əsrarəngiz səmadı, hərdən dərdlərimizə dözməyib irili-xırdalı göz yaşı tökən buludlardı, bulaqlardı, çaylardı. Hər şeydi:

Layla bilib yatıran,
istədiyi an ağladan,
döyüşə səsləyən,
ardınca çəkib aparan səs.
Məni kökümə, ulusuma, keçmişimə,
Tanrıma bağlayan
QARABAĞ!

Rəfail müəllimin Qarabağ şeirləri “qan və göz yaşları ilə yazılmış Qarabağ dərdinin poetik ifadəsidir” (Adil Miseyid). Bəşər övladı yaranandan olumdan ölümə doğru yaxınlığı, uzaqlığı bilinməyən yoldadı. Sonda Vətən torpağı ona əbədi beşik olarsa, bu taleyin töhfəsidir. Bu da hər kəsə nəsib olmur. İnsan oğlunun haqq dünyaya qovuşandan sonra Ana torpaqda rahat uyuması üçün haqqı olmalıdır, Vətənimizin baş qazisi Etimad Əsədov kimi…

İnsanın o dünyadakı ünvanını başdaşı nişan verir. Elələri var ki, elinə, ulusuna bir qarışqa xidməti belə göstərməyiblər, amma nəhəng baş və sinə daşına sahibdirlər, insan nəfəsinə həsrət baş və sinə daşına. Tənha, boyu balaca “qıç başdaşı” isə əsl vətənsevərlər üçün ən müqəddəs ziyarət yeridir:

Ayın işığında kölgən mürgülər,
boş qəbirdə keşik çəkən qıç başdaşı.
Gözün sahibinin yolunu gözlər
farağat komandasında.
Dizin yox bir az rahatlanasan.
Qırx santlıq canlı başdaşı,
Tək addım səsini eşidirsənmi?..

Qazilərin dəfnində iştitak edənlər yaxşı bilir ki, bu çox qeyri-adi mərasimdir. Qazi şair qardaşımız Süleyman Abdulla baş qazini son mənzilə yola salanda gördüyü ürəkgöynədən mənzərəni “Çəliklərin himni” adlandırır. Rəfail müəllimin “Qazilər yığıncağı”nda “hamı oturub danışır, yerindən qalxanı, tribunaya çıxanı yox”:

Alovlu çıxışlar,
etiraz dolu ittihamlar…
Döşəməni döyəcləyən tək ayaqlar.
Küncdə qoltuq ağacları…
“Məcburi köçkün kimi şəhərə köçən Anam iki dəfə yaman kövrəldi;
bir dəfə mən bazardan bayramlıq qoz alıb gətirəndə…”

Bu ürəksızıldadan cümlə Ananın kövrəlməsinə, yurd nisgilinə dözə bilməyən qazi oğulun “Doqquz qoz ağacı haqqında ballada” şeirinin epiqrafıdı. Həyətlərindəki “yiyəsiz qoz ağaclarında qarğaların qoz-qoz oynamasını, süpürülməyən xəzəllərin altında neçə ilin bayramlıq qozu yatdığını, qoz ağaclarının sakka qozlarının səsinin başımızı yardığını” qələmin ucu ilə ağrılı poeziyaya çevirdikcə, şair için-için ağlayır:

…bəlkə, döşəməyə döşənib
qozbel olub xatirələrim.
Mən sənə səlbə atmaq haqqını
itirmiş adamam,
yağı əlində qalan qoz ağacı.
Anam kimi ağlama acı-acı…

Şairi sözə könül verməyə, sevincin, sevginin şirinliyinə tamarzı qalmağa məcbur edən izaholunmaz hisslərdən biri də həsrətdir. Rəfail müəllimin bu gün bir sevgisi, bir sevgilisi və bir həsrəti var. Onun adı, soyadı, nəsil- nəcabəti Qarabağdır. “Vətəni sərhəd çəkib özündən ayıran, köksündə qürbət əkən, dərdtək qara torpağı” Vətəndən Vətənə atıb səngər qazan, “hər gecə diri gözlü boş qəbrində yatan”, gözlərini hər səhər yuxudan Ağdamdakı evində açan şairin qibləgahı əlbəttə ki, Vətəndir:

Səhərlər doğma yurda
dan yeritək baxıram.
Üz-gözümə yayılan
o şəfəqlə axıram.
Bu qıvrılan, dolanan,
səngər sinəmdən keçir.
Tikanlı məftilləri
Ürəyimdən qan içir.

Torpaq sevgisini tərənnüm edən yüzlərlə şeir oxumuşuq. Rəfail müəllimin torpaq sevgisi bu cahana sığmır, səmimidir,  kiməsə etirafdır, bu sevgisiylə öyünmək, özünü göstərmək  deyil, bu sevgiylə yaşamaqdır:

Heç nəyi bir udum su,
bir damla göz yaşı həsrətindən
cadarlanan torpaq qədər sevmədim.
Kol dibində boynunu bükən bənövşəni belə.
Ətrindən məst olduğum qızılgülü belə.
Hətta səni belə…

Vətən sevdalılarının, yurd həsrətlilərinin “şəhərləri, kəndləri viran edilən, yollarının izi itən Qarabağın” eləcə də üstündə addım atmağa cəsarətimiz çatmayan, əsirlikdə inləyən  digər torpaqlarımızın şəklini ancaq səmadan görməklərinə ürəkləri necə dözsün? Buna Tanrı dözsə də, gərək biz dözməyək. Tanrı bu məsələdə bizə səbr verməsin, bəsdir:

Bütün Allahsızlıqlara
gözə görünməzdən
bir peyk baxırdı,
bir də Allah.
Biri ancaq görürdü,
o birisi isə həm də dözürdü…

Şair nə qədər qürurlu olsa da, yollara “yalvarır”, “axşamlar ümidli baxışlarıyla yolları süpürməkdən, çapdığı qarğı çubuqlu atıyla yolların saçını daramaqdan” bezir, yel qanadlı illər Rəfail müəllimə uzaqdan əl edir:

A yollar, siz mənə yol verin, gedim.
Bu torpaq davası, haqq davasıdı.
Bu Vətən davası, yurd davasıdı.
Gedib təmizləyim o ocaqları,
doldurum boş qalan o qucaqları.
Düşmənin izini qanımla yuyum,
bir az rahatlanım, bir az durulum.
“Vətənsiz” adımı üstümdən silim.
Səsimi dərəyə, düzə yazdırım.
Təzədən adımı sizə yazdırım.
A yollar, siz mənə yol verin, gedim.

Şair “vətənsizliyin içində boğulur, acısı içini yandıran itkinin adından, Vətənin yoxluğundan öpərək ürəyinə təsəlli verməyə çalışır. Ürəksə ovunmur ki, ovunmur. Necə ovunsun ki?

Erməni əsirliyində qalıb ölümü imdada çağıran “damğalanmış alınlı, xaç möhürlü sinəli, ləkə-ləkə ciyərli, cırılmış qarınlı, bağırsaqları sınmış ayağına dolaşan əsgərin  harayını oxumaq nə qədər ağrılıdır, bunu yazdıran ürək necə ovunsun, Tanrı?!

Vətənimizin beşdə birində Laçının qıy vuran şahanə duruşlu qartalı da, Allahın ovqatının xoş vaxtında yaratdığı torpağı özünə Vətən seçən xarıbülbül də,  vüqarlı Bəsitçay çinarları da  yolumuzu gözləyir. Biz nə vaxt üçrəngli bayrağımızı  Qırxqızın sinəsinə sancacağıq?

Salam, qisas günü, zəfər günü!..

 mart  2020