Bu il bir sıra yazıçı, şair və aktrisaların, həmçinin bədii əsərlərin, musiqi albomlarının, hər bir kinosevərlərin mütləq baxmalı olduğu filmlərin 100 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, sıralanmaya görə yüzlərlə müəllifin adını çəkmək olar, çünki 1922-ci il dünya ədəbiyyatında mühüm il olub. Məhz həmin il Fransada kitab satışı və çapı ilə məşğul olan Silvia Biç irland yazıçısı Ceyms Coysun o dövrün bütün ədəbi konvensiyalarını pozan və müasirliyin simvoluna çevrilən “Uliss” romanını nəşr edib.
“Siqaret çəkərək gözləyirəm” adlı tanqonun yaranmasından 100 il ötsə də, 1972-ci ildə buraxılmış və yarım əsr yaşı olan, say etibarı ilə daha çox musiqi vallarının adını çəkmək olar. Bunların arasında “Yes” rok qrupun “Close to the edge”, “Deep Purple” qrupun “Machine head” kimi rok musiqisinin şah əsərlərini və ispan dilində Argentinanın “Sui Generis” rok qrupunun “Vida” albomunu göstərmək olar.
Pop musiqisinə gəldikdə isə Maykl Ceksonun 14 yaşında ikən buraxdığı “Got to be there” albomunu xatırlatmaq yerinə düşər.
1972-ci il ispan popunda da silinməz iz qoyub, çünki Nino Bravonun son iki albomu – “Un beso y una flor” və “Mi Tierra” məhz həmin ildə buraxılıb.
Bu il həm də 1990-cı ildə vəfat edən, 50-60-cı illərin ən gözəl Hollivud aktrisalarından biri Ava Qardnerin anadan olmasının yüz illiyi tamam olur.
1922-ci il ədəbi mühitdə də yeni əsərlərin çapı ilə yadda qalıb. Belə ki, həmin ildə bütün dünyada əks-səda yaradan iki şeirlər toplusu – T.S. Eliotun “Boş dünya” və Sezar Vayexonun “Trilce” əsərləri də nəşr olunub. Eynilə, bu il 1998-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Portuqal yazıçısı Xose Saramaqonun 100 yaşı tamam olur.
Müxtəlif janrlarda 100-dən artıq əsər yaradan türk yazıçısı Rəşad Nuri Güntəkin “Çalıquşu” romanını 1922-ci ildə bitirib. Əsərin qəhrəmanı Fəridənin – Çalıquşu simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsl türk qızının obrazı bədii ustalıqla qələmə alınıb.
“Molla Nəsrəddin” jurnalının yaranmasından 116 il ötsə də jurnalın Bakıdakı ilk nəşri 100 il bundan öncəyə təsadüf edir. Yarandığı gündən Tiflisdə, sonra Təbrizdə (cəmi 8 nömrə) çap olunan jurnal 1922-ci ildən Bakıda fəaliyyətini davam etdirib.
Cari ildə xatırlanacaq filmlər arasında alman rejissoru Fridrix Vilhelm Murnaunun 1922-ci ildə premyerası olan və ilk dəfə Drakula hekayəsi əsasında çəkilmiş “Dəhşət simfoniyası, Nosferatu” adlanan ekran əsəridir.
1922-ci il Azərbaycan kino sahəsində də yaddaqalan iz qoyub. Məhz həmin il “Suraxanı neft mədənlərində yanğın” adlı sənədli filmin çəkilişləri tamamlanıb. Filmdə Suraxanı neft mədənlərində baş verən yanğından, onun söndürülməsində neftçilərin və yanğınsöndürənlərin fədakarlığından danışılır.
Böyük ekranlara çıxmasının 50 illiyi bu il tamam olacaq “qanqster” kinosunun klassiki sayılan Frensis Ford Koppolanın “Xaç atası” filmi də ən çox yaddaqalan ekran əsərlərindəndir.