“Bu narahatlığı əlimizdən almağa haqqınız yoxdur!”
İradə xanımla hardasa on il əvvəl Feysbukda tanış olmuşduq. Mənim dostluq siyahımda humanitar sahə ilə məşğul olan alimlər çox idi. Mədəniyyətimiz, dilimiz, ədəbiyyatımızla bağlı bu və ya digər məsələlərin müzakirəsində İradə xanım öz iti ağlı, prinsipiallığı, milli dəyərlərə olan təəssübkeşliyi, ən əsası isə obyektivliyi ilə diqqəti cəlb edirdi. 2017-ci ildə ölkədə növbəti orfoqrafiya lüğəti hazırlanırdı. Yeni orfoqrafiya layihəsində ana dilimizin taleyi ilə bağlı narahatlıq doğuran bəzi məqamlar bizi daha da yaxınlaşdırdı.
2017-ci ildə yeni orfoqrafiya normaları (o vaxt “orfoqrafiya qaydaları” adlanırdı) ictimai müzakirəyə çıxarılmışdı. Layihədə çox ciddi nöqsanlar vardı. Onu hazırlayanlar “ortaq dil” adlı cəfəng ideyanı həyata keçirmək üçün Azərbaycan dilinin oturuşmuş orfoqrafik normalarını dəyişmək qərarlarını gizlətmirdilər. Onsuz da buna qədər hazırlanan səviyyəsiz orfoqrafiya lüğətləri, eyni sözün yazılışının bir neçə dəfə mənasız və məntiqsiz mülahizələrlə bu və ya digər istiqamətdə dəuyişdirilməsi və bununla da bir növ orfoqrafik xaos yaradılması sözün həqiqi mənasında əsəbləri tarıma çəkmişdi. Müvafiq komissiya cəmiyyətdə yetiərincə nüfuzdan düşmüşdü. Çünki 2012-ci ildə çap edilən lüğət Prezident Administrasiyasında qəbul edilməmiş, “kitabdakı ciddi qüsurlara görə” AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilmiş, lüğətin 6500 nüsxəlik tirajının ləğvi və satışdan yığışdırılmasına göstəriş verilmişdi. 2013-cü ildə yenə həmin müəlliflərin hazırladığı 6-cı nəşrə isə, sonradan qeyd edildiyi kimi, 40 minə qədər qondarma söz daxil edilmişdi.
Bütün bunlar cəmiyyətdə ciddi narazılıq və məyusluq doğurmuşdu. Belə bir vaxtda məlum oldu ki, yeni lüğət də yaxşı mənada heç nə ilə fərqlənmir, Tərtibçilər Azərbaycan və türk dillərini yaxınlaşdırmaq adı ilə əslində ədəbi dilimizin orfoqrafiyasına qəsd adlandırıla biləcək dəyişikliklər etmək istəyirdilər. Avqust ayında məlum oldu ki, orfoqrafiya komissiyanın bəzi üzvləri ictimai müzakirənin nəticələrindən razı qalmayıb, şəxsi təşəbbüsləri kimi ortaya atdıqları və ictimai qınaqlara məruz qalan 37-ci maddə də daxil (Layihə müəlliflərinin fikrincə, əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şəkilçisi olan və qoşa yy samiti ilə yazılan sözlər bir y samiti ilə tələffüz edildiyindən fonetik prinsipə əsaslanaraq, həmin şəkilçilərlə bitən sözlərinin bir y ilə yazılması məqsədəuyğun sayılmalıdır) bəzi haqlı narahatlıq doğuran maddələri avtonom rejimdə – yəni alim və mütəxəssislərin, müəllimlərin, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin rəyini nəzərə almadan qəbul etdirməkdə israrlıdırlar.
Qeyd edək ki, mətbuatda azı 7 akademikin həmin maddəni müdafiə etməsi barədə informasiyalar vardı. Sentyabr ayında orfoqrafiya normalarının avral rejimində qəbul ediləcəyi labüd kimi görünürdü.
Məhz bu vaxt biz həmin qəsdin qarşısını almaq üçün 6 nəfərdən ibarət qrup yaratdıq, sonradan onların ikisi passivliyinə görə qrupdan çıxarıldı. Qalan dörd nəfər – İradə xanım, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Səadət Şıxıyeva, professor Qulu Məhərrəmli və mən deyilən məsələ ilə bağlı ölkə Prezidentinə müraciət hazırlamalı olduq. Məktubda qeyd edilirdi ki, komissiya üzvlərinin mətbuata verilən açıqlamalarından görünür ki, onlar (komissiya üzvləri) bununla da kifayətlənilmək istəmir, növbəti addım kimi dilləri yaxınlaşdırmaq adı ilə “tərkibində qoşa m və s samitləri olan bəzi sözlərdə bu samitlərdən birinin ixtisarını” da planlaşdırıblar. Bu, “analoji zəncirvari proseslərin gedişinə zəmin hazırlamaq, Azərbaycan dilinin oturuşmuş söz və yazı qaydalarının bünövrəsini uçurmaq məqsədindən soraq verir”. Məktubun sonunda deyilirdi: “Bu da heç arzuolunan deyil ki, yaşadığımız dövr tarixə Azərbaycan ədəbi dilinə sağalmaz yaralar vurulan bir dövr kimi düşsün. Çox ümidliyik ki, bu taleyüklü məsələni şəxsən Siz nəzarətinizə götürəcək, Azərbaycan ədəbi dilinin saflığının və orfoqrafiya qaydalarının sabitliyinin qorunması da Sizin müdrik müdaxilənizlə təmin olunacaq”. Müraciətimiz 165 ziyalı tərəfindən imzalanıb Prezidentə göndərildi, çap və elektron mətbuatda geniş şəkildə dərc edildi.
Nəhayət, sentyabrın 13-də Akademiyada yeni orfoqrafiya normaları müzakirəyə çıxarıldı. Jurnalist tanışlardan biri – Nigar Adil müzakirənin gedişi barədə arada bizi məlumatlandırırdı. Akademik Rafael Hüseynin də qətiyyətli mövqeyi ilə bizim etirazımız qəbul edildi və deyilən cəfəng bəndlər layihədən çıxarıldı. Jurnalist Nigar Adilin “hadisə yerindən” yazdığı “Qələbə!” mesajından sonra keçirdiyimiz hissləri ifadə etmək çətindir.
İradə xanım sonradan o anları belə xatırlayırdı: “Ağlayırdıq…”.
Bundan sonra qərara aldıq ki, ədəbi dilimizin taleyi üçün təhlükələr hələ sovuşmadığına görə ayıq olaq. Beləcə dörd nəfərdən ibarət “Möhtəşəm Dördlük” adlı bir qrup yaratdıq.
Bu hadisədən sonra qarşı tərəf “U dönüşü” etdi və bildirdilər ki, ədəbi dillə bağlı məsələlərə azərbaycançılıq ideologiyası prizmasından baxmaq lazımdır. Bizim istədiyimiz də elə bu idi. Amma çox keçmədən kitab təqdimatının birində AMEA-nın vitse-prezidenti orfoqrafiya normalarının qəbulundə öz mövqelərindən geri çəkilməklərini əsaslandırmaq üçün bizi – Prezidentə müraciət ünvanlayanları hədəfə almaq yolunu tutdu: “onlar ziyalıları parçaladılar”, “aldadıb meydanlara, küçələrə tökmək istədilər”, “çaşqınlıq yaradıb sabitliyi pozmaq istədilər”, “sərt və radikal addımlar atmağa hazır idilər” və s. İradə xanım dərhal mətbuatda bu əsassız iddialara çox sərt cavab verdi: “Hörmətli tribunlar, aliməqam ziyalılar! Sabitliyi pozmaq işinə bu ölkədə ancaq və ancaq dövlətin pullarını, milyonlarını mənimsəyən adamlar baxır. Çünki, onlara sərf edir ki, ara qarışsın, hesab-kitab soruşulmasın. Biz sadə peşə sahibləri, zəhmətkeş, maaşla dolanmağa cəhd edən alimlər sadəcə dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız və daima təhlükələr burulğanında müstəqilliyini qorumağa çalışan dövlətimiz üçün narahatıq. Hər şeyi əlimizdən almısınız, bu narahatlığı əlimizdən almağa isə haqqınız yoxdur! Və bilin, bütün bu dəyərləri qorumaq üçün biz ziyalılar parçalama, pozma, dağıtma işinə yox, dövlət rəhbərinin ətrafında birləşməyə hazırıq! Amma “aramızdakı “məmur divarlar” buna imkan vermir…”.
…İradə xanımın səhhətində problem yaranması ilə bağlı mənə rəfiqəsi və iş yoldaşı dosent Dürdanə xanım Rəhimzadə məlumat verdi. Bildirdi ki, müalicənin yüksək səviyyədə təşkili üçün müvafiq dövlət qurumlarına müraciət etməliyik. Həmin müraciəti mən yazmalıydım. Amma elə həmin gün mətn üzərində düşünərkən professor Aida xanım Qasımova dedi ki, o artıq məktub yazıb və göndərib.
… İradə xanım səhhətində problem yaranandan sonra “Möhtəşəm Dördlük” də fəaliyyətini dayandırdı… İradə xanımsız ola bilməzdi.
“Son illərdə Azərbaycan ədəbiyyatşünaslığında imzasının sanbalı və ciddiyyəti ilə seçilən araşdırıcılardan olan İradə Musayeva” (akademik Rafael Hüseyn), təəssüf ki, aramızdan çox tez getdi…
Bu gün onun yeri çox görünür. İşıqlı, vüqarlı, təbəssümlü İradə xanım Azərbaycan elminin tarixində yaşayacaq. Biz də onu unutmadıq, unutmarıq…
Ruhu şad, məkanı cənnət olsun.