- Cəmiyyət

Bu torpağı, bu yurdu bütöv bir can kimi çək…

Xankəndidə yaşayanlar bir yana, orada 5 il yerinə, cəmi ikicə il tələbəlik həyatı keçirənlər üçün belə Xankəndi adının nə qədər əziz və doğma olduğu bəllidir. 5 ilin cəmi 2 ilini yaşayanlar belə Xankəndinin onlar üçün nə demək olduğunu çox gözəl bilir, burunlarında tuturlar Xankəndini, onun havasının, özünün həsrətini çəkirlər. Xankəndi ilə bağlı hər şey onlar üçün həzin, ürək göynədən, nisgilli bir xatirədir… Nə vaxtsa görə biləcəklərinə qubarlı bir ümid bəslədikləri bir xatirə, atılıb tərk edilmiş, həsrət çəkən uşağı xatırladan bir yer, yurd, diyardır onlar üçün Xankəndi … Xankəndidə çox yox, cəmi 2 il tələbəlik həyatı yaşayanlar üçün belə Xankəndi də elə Şuşa qədər, Ağdam qədər doğma və əzizdir. Qarabağın ən gözəl diyarlarından biri olan Xankəndidən danışmaq, onunla bağlı hər hansı bir xatirəni bölüşmək, xatırlamaq da adamı öz övladının düşmən əlində əsir qalaraq inlədiyini bilə-bilə heç nə edə bilməməkdən çəkdiyi əzab qədər üzücü və canyaxandır…

Tələbəlik həyatının imtahandan başqa heç bir dərdi olmayan qayğısız illəri… Dağlar qoynunda yerləşən Xankəndidə evlərin bəzən 5-ci mərtəbəsi ilə 1-ci mərtəbəsi bir-biri ilə eyni yüksəklikdə, eyni qonşuluqda olurdu… Xankəndidə vağzalın yanındakı evlərin 5-ci mərtəbəsinin bitdiyi yerdə Pedaqoji İnstitutun qapısın ağzındakı şose yol başlayırdı. Enişi ilə yoxuşu bir idi Xanın xaincəsinə qətlə yetirildiyi Xankəndinin. Bəzi evlərin ucalığının bitdiyi yerdə bəzilərinin ən aşağı mərtəbəsi başlanırdı…
Bu gün aldığım acı xəbər o illərin acılı-şirinli xatirələrini gözlərim qarşısından, ustad Şəhriyar demiş, bir sinema pərdəsi kimi keçirdi, saatın, vaxtın, zamanın necə keçdiyindən xəbərim olmadan düz 33 il əvvələ apardı, zaman və məkanı mənə unutdurdu…
Xankəndi şəhərinin ən görkəmli yerində vağzaldan üzüyuxarı 20-30 pilləkən çıxdıqdan sonra Sovet Azərbaycanının 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutun üçmərtəbəli binasının qarşısında gördüm özümü. 10-cu siniflə yanaşı atasını da yenicə itirmiş bu qız Xankəndidə yerləşən institutda filalogiya fakültəsinin 1-ci kursunda oxuyurdu. İnstituta qəbul olmaq onun üçün heç də asan olmamışdı. İlk İmtahandan – Azərbaycan dili və ədəbiyyat (yazılı) imtahanından “2” alsa da, bu cəsarətli qız, erməni rektorun adına ərizə yazaraq apellyasiya komissiyası təşkil elətdirib, yenidən imtahan verərək instituta qəbul olunmuşdu. Özünü sübut etməli, müəllimlərinin etimadını qazanmalı idi. Odur ki, oxumaq həvəsi aşıb-daşan bu qız müəllimlərinin söylədiyi hər kəlməni, hər sözü beyninə həkk edir, günlərini kitabxanalarda keçirərək ona göstərilən etimadı itirməməyə çalışırdı. 1-ci kursda oxuyan bu qız institutun yaxınlığında yerləşən ermənilərin də yaşadığı yataqxanada qalmır, institutdan xeyli aralıda yerləşən azərbaycanlıların yaşadığı məhəllədə azərbaycanlı evində kirayə yaşasa da, məktəbə hamıdan əvvəl gəlməyə adət etmişdi. Odur ki tez-tələsik pilləkənləri qalxıb 2-ci mərtəbədə yerləşən Azərbaycan dili və ədəbiyyat kafedrasının qarşısından keçib, dərs keçduyi audotoriyaya daxil oldu, müəllimlərini daha yaxşı dinləmək üçün 1-ci partadakı yerində əyləşdi. Gələcəyə böyük ümidlə baxan, ürəyindən gələcəkdə elə bu institutda müəllimləri ilə birgə işləmək arzusu bəsləyən qızın çox da uzaq gələcəkdə deyil , cəmi 2 il sonra nələr olacağından hələ xəbəri yox idi. Ürəyinə Qarabağ dağı çəkilməmiş, ermənilərin mənfur üzünü hələ görməmişdi. Amma onları heç xoşlamırdı. Odur ki, onlarla bir yerdə yaxında yerləşən yataqxanada qalmaqdansa, çətin də olsa, uzaqda azərbaycanlı evində kirayə
yaşamağı seçmişdi…
2-ci kurs…1-ci dərsimiz tələbələrin ən yaxın dostu, səmimi və təəssübkeş insan Ənvər Əhmədin dərsidir. Onun dərsində olanda vaxtın necə gəlib getdiyindən xəbərimiz olmazdı. Bizi şeir yağışına qərq edərdi. Təbii ləhçəsi ilə söylədiyi şeirlər indi də qulağımdadır. Bu şirin Qarabağ ləhcəsi ona çox yaraşırdı. Ənvər mūəllim sadə, səmimi və ən əsası vətənpərvər insan idi. Az mūəllimlərdən idi ki, būtūn tələbələrin dostu idi. Demək olar ki, Ənvər mūəllimin dərsində būtūn tələbələr iştirak edirdi. Dərsi izah edəndə də, suallarımıza cavab verəndə də çöhrəsində təbəssūm olurdu.
Tribunadan Ənvər müəllimin mülayim, sakit və yumşaq səsi gəlir. Bizə xarici ölkələr ədəbiyyatından mühazirə oxuyan Ənvər müəllimin əzbərdən gözəl şeirlər söyləməsinə qulaq asmaqdan doymazdıq. Dərsdə tez-tez haşiyə çıxmağı sevərdi. Bizə türk tarixindən, ədəbiyyatın ağ səhifələrindən danışardı. Tələbələr seminarda hərdən Ənvər müəllimdən öz şeirlərini söyləmıyi xahiş edərdilər. O da ədəbiyyata, şeirə çox bağlı olan tələbələrinin sözünü yerə salmaz, səmimi hissləri təbii boyalarla əks etdirən şeirlərini sakit bir ahənglə söyləyərdi. Qəribə bir saç düzümü vardı, şeir söyləyərkən saçları dağılar, alnına tökülərdi. Heç yerdə oxumayıb ilk dəfə elə özündın eşitsəm də, bu şeirlər beynimə həkk olunar, elə oradaca əzbərləyərdim. “Qara Fatma”, “Kökə”, “Oğluma”, “Ay daş atan bəxtəvər..”şeirləri belələrindəndir. Rəssam olmaq istəyən oğluna yazdığı şeir qulaqlarımda səslənir. Sanki bu şeiri dinlədiyim dünəndir, üstündən 33 il keçsə də, yenə hafizəmdədir elə ilk dəfədə əzbərləyib unutmadığım şeiri:
– Oğul səni and verirəm,
Şah İsmayıl Xətayinin
Fatehlik ünvanına,
Çaldıranda tökülən
qılınc-qılınc qanına.
Sən atayın arzusunu,
istəyini duy barı,
Yaramızın üstündən
axan lilli suları
Torpağın bəbəyindən
tökülən qan kimi çək,
Bu torpağı, bu yurdu
Bütöv bir can kimi çək!

Hələ o vaxt bütöv Azərbaycan eşqi ilə alışlb- yanan şair bilməzdi ki, sonralar, cəmi 3 il sonra nəinki Təbriz, hətta 30 ildən çox bir müddət ərzində Qarabağ – Şuşa, Xankəndi həsrəti çəkəcək! Və bu həsrət onun beyninin iflic olmasına gətirib çıxaracaq! Qızı İlhamə Ənvərqızı deyir ki: “2021-ci il 30 avqustda Şuşada Vaqif poeziya günlərinin açılışına atam-şair Ənvər Əhmədi də dəvət etmişdilər, ancaq həmin gün şəkər komasına düşdü və 30 ildir ki, həsrətində olduğu Şuşaya gedə bilmədi..
İki gün sonra komadan ayıldı,kostyumunu geyinib tədbirə getmək istədi,ancaq biləndə ki, artıq poeziya günləri bitib, uşaq kimi məyus oldu,çox üzüldü…”
Bu gün büyük Kəbirli mahalının sayılıb-secilən agsaqqalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ Yazıçılar Birliyinin sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, professor, Xankəndi Pedaqoji Universitetin keçmiş rektoru, müəllimimiz Ənvər Əhməd dünyasın dəyişib, Haqqın dərgahına qovuşdu.
Bu acı xəbərdən çox üzüldüm. Özündə Qarabağı yaşadan daha bir Qarabağ sevdalısı, daha bir müəllimimizi itirdik.78 yaş nədir ki?! Heyf, Ənvər müəllimdən…
Xəyal məni yenə 33 il öncəyə apardı, qulağımda yenə həmin səs, həmin istək:
“Bu torpağı, bu yurdu
Bütöv bir can kimi çək!”
Yaddaşımda məhz elə bu cür: bu səs, bu istəklə qaldı Ənvər Əhməd…

Gülyaz ƏLİYEVA