- Ədəbiyyat

Bütövlük eşqiylə yaşayan…

Dağlar öz qoynunda dağ vüqarlı insanlar yetişdirir. Belə adamların seçilmişləri olur, onlar xüsusi istedada malik, qəlbi köksünə sığışmayan, hayqırtısı kitab-kitab qalaqlana bilən, vətən sevgili, xalq dərdli, gözəlliklər aşiqi, həssas sözlü insanlardır. Bu insanlar elm adamlarından suyunu içdiyi bulaqlar kimi coşqunluğu ilə, el qəhrəmanlarından həssaslığı ilə, hətta el ağsaqqallarından qoynunda böyüdüyü uca dağların təmkini və müdrikliyi ilə fərqlnirlər. Qaya kimi möhkəm olur onlar. Kəkliyin səkməsindən, qırqovulun qaçmasından, turacın uçmasından qidalanır onlar, bu qidadan ilham doğur, dağların gülü, çiçəyi o ilhamla nəzmə çəkilir, misralardan göz yaşı kimi dumduru, buz bulaqların səsi eşidilir. El ağsaqqalı, ondan çox kitabın müəllifi Əjdər Yunus Rza da belə adamlardandır – xalqın qənimət adamı!

ƏJDƏR YUNUS RZA – 1952-ci il yanvarın 2-də Cəbrayıl rayonunun Xələfli kəndində çoban ailəsində anadan olmuş, ömrünü vətənin müxtəlif  təhsil ocaqlarında vicdanla işləməyə sərf etmişdir..  İstefada olan polis polkovniki, tarix elmləri namizədi, dosentdir,Azərbaycan Yazıçılar Birliyinin üzvidir. Harda işləməyindən asılı olmayaraq Vətən üçün yararlı bir şəxs olmağa çalışır, iş sahəsindən ayrılmır, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini həmişə diqqətdə saxlayan müəllimdir.

30 il yurd həsrəti ilə yaşamasından, harada işləməsindən asılı olmayaraq Vətənin gözəllikləri ilə bərabər sevincini, qəmini, ağrısını-acısını, dərdini-kədərini, həsrətini, intizarını nəzmə çəkib, var səsi ilə ədalətsizliyə, qəddarlığa, haqsızlığa qarşı hayqıran qələmi həmişə əlində olub.

1969-cu ildə Cəbrayıl rayonunun “Kolxozçu” (Xudafərin) qəzetində çap olunan şeirlə ədəbiyyatın geniş, həm də kəşməkeşli yollara aparan qapıları Əjdər Yunus Rzanın üzünə açılmışdır. Bu gəlişdən keçən illər heç də az bəhrə verməmişdir. Onun “Taleyimin qisməti” (1997), “Haray dağlar” (1998), “Bir ovuc torpaq” (2001), “Gordubaba, yadındamı” (2001), “Darıxmasın” (2002), “Zamanın girovuyam” (2003), “Tövbə bu dünyaya bir də gəlmərəm” (2005), “Niyə açdın, ay bənövşə” (2006), “Yol gedirəm” (2008), “Dərdim iki taylıdı” (2011), “Atatürk”(2011),“Mən belə dünyanı istəməmişdim” (2012) və “Kimə dərd açım”(2015), “Həsrətlə vüsalın arasındayam”(2022) adlı şeir kitabları, “Haray”, “Gordubaba yadındamı”, “Xocalı dərdi”, “Atatürk”, “Heydər babayla üz-üzə”, “Azadlıq carçısı” və “Qarabağnamə” poemaları bu illərin ədəbiyyatımıza verdiyi töhfələrdir. Vətənsevər ruhda yazılan şeirlər öz qidasını şairin vətən həsrəti ilə qovrulan ürəyindən almışdır. Heç təsadüfi deyil ki, özündə bu ruhu ehtiva edən “Atatürk” poeması 2015-ci ilin aprelində Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibəti ilə türk şairlərinin şeir yarışmasında 3-cü yerə layiq görülmüşdür.

Həcmindən asılı olmayaraq, şairin əsərlərinin hər birində Vətən mövzusu qabarıqdır. Azərbaycanımızın gözəllikləri, dumduru bulaqları, axar suları, təbiətin özünə meydan oxuyan güzgü gölləri, uca dağları, vahiməli dərələri, çiskinli yaylaqları, hətta ilan mələyən düzləri şairin sevimli təsvir obyektləridir. Amma böyük sevginin böyük həsrəti də Əjdər Yunus Rzadan kənar keçməmişdir.  Qarabağ həsrəti, siyasi oyunların qurbanı olan xalqımızın – yurd-yuvasından didərgin düşmüş insanların çəkilməz dərdi onun yaradıcılığının əsas ağrılı motivlərindəndir. Amma bu kədəri yaşamaq bəs edirmi, onun nisgili 30 illik bir ağrıdırmı təkcə?!

Bu gün təqdim olunan “ Güneydə qalan dərdim” adlı kitabı ilə şair həsrətli ürəyin həsrət yaralarına oxucularla birgə məlhəm axtarmağın yollarına çıxır. Bu həsrət öz başlanğıcını iki əsr əvvəldən – 1813-cü il 12 oktyabr tarixindən götürmüşdür. O, kitabda toplanmış ayrı-ayrı şeirlərdə və bir poemada bu hicranın tarixi köklərini, səbəblərini, siyasi anlamını araşdırır, bu ağrıları yaşayan klassiklərin yaradıcılıq yoluna nəzər salır.

Öləndə kəfənim ikiqat olsun
Mən həm o tayınam, həm də bu tayın
Qoy bütün dünyaya belə yayılsın;

Öləndən sonra da birlik harayım—deyərək birlik olana qədər bu kədərin alovunun sönməyəcəyini dilə gətirən S.Tahirin sızıltısı göylərə ucalan yanğısına şərik olur, “Qoymaram yadları girsin qoynuna” deyə təəssübkeşlik edən S.Rüstəmin

Nədir o mənalı dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetim tək boynunu burma, Təbrizim,
Məlul-məlul baxıb durma, Təbrizim! – sözlərində öz göynərtisinə mənbə tapır. Lakin… S.Vurğunun:

Gözlərin dolmasın!…Dayan bir az da!

Qəlbin də, sevgin də, dərdin də haqdır.
Azadlıq bayrağı güllü bir yazda,

Təbrizin üstündə parlayacaqdır! – hayqırtısından vəcdə gəlir, əsrlər boyu xalqımızın qəlbən, ruhən apardığı birlik uğrunda mübarizədə qalib gələcəyinə özündə əminlik yardır və kitabın hər səhifəsində bu yolun davamçısı olur.

“Dərdim iki taylıdı”(2011) kitabının da əsas qayəsi ikiyə bölünən Azərbaycanın yarasından axan qandır. Sanki Araz bu qandan lərzəyə gəlib belə qəzəbli axır, sanki bir canı – Azərbaycanı qəddarcasına iki bölməsindən peşman olub qaçır. Yazarın qələmində bu “günahkar” Arazın varlığı bir xalqın sinəsinə çəkilən dağ kimi küsküncəsinə təsvir edilir. Şeirləri oxuyan elə bil sehrə düşür, bir anlıq Araza düşmən kimi baxır, onun təbiətin insanlığa bəxş etdiyi su mənbəyi olduğunu unudur.Elə bil Arazın keçdiyi vətən torpağı inildəyir, haray çəkir:

Qaytarın, Arazı döndərin geri,
Vətəni ikiyə bölə bilməsin.
Ağrıyır sinəsi yüz ildən bəri,
Nədən bu torpağın üzü gülməsin?

Lakin şair sanki Arazdan utanır, tezcə Türkmənçay müqaviləsini imzalayanları lənətləyir, vətənin bölünməsində, sinəsinə xəncər yarası vurulmasında Arazı deyil, birliyi uğrunda səsini ucalda bilməyən insanları təqsirləndirir. Bu ikili fikir əlacsızlıqdan – böyük dövlətlərin siyasi oyunlarına qarşı çıxa bilməməkdən irəli gəlir. Amma “Günah – səndə, onda, məndədi günah” deyən xəfif duyğulu şairin qəlbini istək, vüsal arzusu rahat buraxmır, o, arzularla yaşayır:

Quzeydən Güneyə bir qartal kimi,
Gərib qanadımı uça biləydim.
Vüsalda əridib kədəri, qəmi,
O tayı doyunca quca biləydim.

Bu kövrək sətirlər insanın qan yaddaşına hopmuş bir vətənə, torpağa necə bağlı olduğunu, onu həsrətin oduna necə yaxdığını təcəssüm edir.

Bütövlük eşqi ilə yaşayan şair üçün Şimalda olduğu kimi Cənubda da hər daş, hər qaya, hər gül, hər çiçək tanışdır, əzizdir, çünki bu bir vətənin parçasıdır, nemətidir.

Ayrılıq, bir xalqın iki bölünməsi niskili, 40 milyonluq vətən övladının öz ana dilində bir məktəbinin olmaması, öz ana dilində oxumaq, yazmaq hüququnun tapdalanması şairi kədərləndirirsə də, deyərdim ki, mübarizəyə çağırış ruhunu da artırır. Bu, şairi keçmişlərə aparır, bütöv Azərbaycan dövlətçiliyinin tarixi köklərini – Cavanşir, Qara Yusif, Uzun Həsən kimi yenilməz sərkərdələri, Səfəviləri yada salır, onların tarixdə qoyub getdikləri izi araşdırır, Azərbaycanın bütöv zamanlarını ortaya qoyur, oxuculara necə uğurlu bir dövlətin xələfləri olduqlarından bəhs edir:

Hanı, o şah babam, İsmayıl hanı,
Təzədən tac qoya, taxtına çıxa?
Bütöv görməyimiz Azərbaycanı,
Təzədən xalqımın baxtına çıxa.

Bu qəbildən olan şeirləri oxuyanda sanki insan vətən sevgisi ilə qidalanır.

“Səttərxanın hər daşda, qayada qalan dərindən dərin ayaq izlərini” gördüyünü rəmzi şəkildə şeirə gətirmiş, bu azadlıq hərəkatı zəminində Şeyx Məhəmməd Xiyabaninin, Seyid Pişəvərinin və sonrakı nəsillərin – türk kökənli xalqın öz dilinə, dövlətinə, bütövlüyünə qovuşacağından əminliklə bəhs etmişdir. Şair Dirili Qurbaninin, Miskil Abdalın, neçə-neçə “Təbriz” təxəllüslü yazarın, bu xalqın içindən çıxmış çoxsaylı alimlərin adını əsərinə gətirməklə əsarət zəncirində boğulan bir xalqın elm, ədəbiyyat, mədəniyyət sahəsində inkişafına yüksək dəyər vermişdir.

Şeirin adı “Vüsala yetişdim” olsa da, nisgilli misralar ayrılığın əzablarından danışır.

Nə qədər bir ana bu taydan durub,

O tayda ölənə saçını yolar?—sanki Arazın o tayında vətən birliyi uğrunda canını fəda edən o pəhləvan cüssəli igidin anası saçları əlində haray çəkib, oğlunun cansız bədəninə qovuşmaq istəyir. Bu ana harayı bütöv görmək istədiyimiz Azərbaycan harayıdır!

Kitabda Bütöv Azərbaycanın rəmzi kimi Təbrizin adından istifadə edilməsi də diqqət çəkən faktdır. Bütün şeirlərdə Təbriz təcəssümü xüsusi yer almışdır. Bəli, dünya dəyişdi,ayrılığın buxovları qırıldı, qapalı sərhədlər açıldı, insanlar özlərini azad hiss etdilər, Əjdər Yunus Rzanın sələflərinə qismət olmayan azadlıq idi bu. İndi o, sərhəd keçid məntəqəsindən can atdığı, vəsfinə neçə-neçə şeirlər yazdığı, doğma, əziz hesab etdiyi Təbrizə qonaq kimi  qovuşa billdi. Bu da bir təskinlik! Sadəcə təskinlik!

Təbriz həsrətlisi Təbrizə qovuşdu. Amma bu sevinc dərdi sovuşdura bilmədi. Yenə ayrılıq var, yenə sitəm var, əsarət buxovu boğazlardadır. İnsanlar tanışdır, qəlblər yaxındır, amma düşüncələrdə ayrılıq ağrısı duyulmaqdadır. “Ayrılıq ölümdən betər” bir fəlakətdir. İnsan ölür – qurtarır, ayrılığın həsrəti yaxa-yaxa yaşanır…

Şair Təbrizə qovuşsa da, bütövləşməyən Azərbaycanın ağrısı bu vüsalı öz içində əridir. Vüsalın “keçid məntəqəsi” olmamalıdır!

Savalan dağına qalxan şair ilk dəfə Azərbaycanı bütöv görür, bunu Bütöv Azərbaycanın varlığının heç bir sərhəd xətti ilə bölünə bilməyəcəyinin rəmzi kimi dəyərləndirir:

Qucağım tutan qədər qucaqlayıb mən öpdüm,
Həsrətdən cadarlanmış torpağın sinəsindən.
Parçalanıb, bölünmüş anam Azərbaycanı,
İlk dəfə bütöv gördüm Savalan zirvəsindən…

Şeirlərdə şah babam Xətayinin dövrü, Azərbaycanın sərhədləri xatırlanır; zamanın parçaladığını elə zamanın yetişdirdiyi, bu gün ana dili uğrunda mübarizə meydanına atılan vətən övladları bir bayraq altında birləşdirəcək.

Azərbaycan torpaqlarının Sovetlər dövründə parçalanıb xain qonşulara peşkəş verilməsi, Qarabağ və ətraf rayonların 30 ilə yaxın düşmən əsarəti altında qalması onun bütün yaradıcılığının yaralı nöqtəsidir. Əsarətdə inildəyən bu coğrafi məkanın Şuşa, Laçın, Kəlbəcərlə yanaşı, Göyçə gölü, Qaragöl kimi qənirsiz gözəlliyə malik məkanları da şairin sətirlərinin göz yaşıdır. Amma bu göllərin bir qardaşı da Cənubda ağlar, sızlar. Urmiya dərdi heç də diqqətdən kənar deyil, bir bədənin harasında yara varsa, orasında ağrı var. “Bu gün meydan qeyrətindir” şeirinin hər misrası bu gölü qurutmağa cəhd edənlərə nifrindir. “Haqq-hüququ talan olmuş, əzilmiş xalqın” öz haqqı üçün İranı – dini özünə bayraq edib, Azərbaycan birliyinin qorxusunu çəkərək Xocalı faciəsini törədən qəsbkar ermənilərə yardım edən fars faşistlərini odlara qalayacağı gün uzaq deyil.

Çoxşaxəli mövzularla zəngin olduğu kimi, lirik şeirin 7-lik, 8-lik, 11-lik, 14-lük, növündən məharətlə istifadə edən şairin yaradıcılığı janr etibarı ilə də rəngarəngdir. Onun əsərləri sırasında poemaların da xüsusi yeri var. Kitabda “Heydərbabayla üz-üzə” poeması da öz maraqlı məqamları ilə diqqət çəkir.

Poema lirik ricətlər zəminində formalaşmışdır. Əsərin qəhrəmanı üz-üzə dayanmış ucalardan uca Heydərbaba dağı ilə qəlbi gileylərlə dolu, dağdan uca şairdir. Poemada böyük Azərbaycan şairi Şəhriyarın dəst-xətti aydın seçilir, sanki Məmmədhüseyn Şəhriyarın əsərinə iqtibasdır, lakin sətirləri oxuduqca özünəməxsusluq qabarıq şəkildə büruzə verir. Yazar o taydan – Şimaldan gətirdiyi dərdləri Cənubda Heydərbabaya yanğı ilə, kədər ilə söyləyir, dərdinin əlacsızlığından necə qovrulduğunu açıqlayır. BMT, ATƏT, Aİ yalanlarına dözməyin ağırlığını çəkməyin bir xalqın qismətindəki ən ağır yük olduğundan bəhs edir. Elə bu tayda gördükləri də çəkilən yük deyil; ana dilində məktəbi olmayan, ana dilində oxuması qadağan edilən, hüququ, haqqı tapdalanan insanlar özgəsi deyil, elə onlar da bizik. Məkan o tay, bu tay olsa da, tale yazısı birdir. 200 ildir, Arazın o tayında qalan qardaş bu taydakı bacısının yolunu gözləyir. Araz neyləsin buna? Böyük dövlətlərin siyasi oyunlarına! Bəli, Heydərbaba dağı yükləndiyi bu dərdlərlə böyüyüb dağ olub. Onunla söhbət edən, ağrılarını bölüşən şair də bu əzabın altındadır ikiyə bölünmüş vahid bir xalq yazarı kimi. Zaman-zaman xalqın seçilmiş oğullarının – S.Vurğun, S.Rüstəm, S.Tahir, M.Şəhriyar kimi söz sərraflarının, Səttərxan, Şeyx Məhəmməd Xiyabani, Pişəvəri kimi mübariz igidlərin yaşadığı dərddir bu dərd.

Şairi daha çox kədərləndirən türk köklü böyük bir xalqın əsarətə, ayrılığa dözüb susa bilməsidir:

Gözlədikcə sərt ötüşür il ildən,
Bəs deyilmi 200 il yatışdıq.

Lakin şair ümidini heç vaxt itirmir, qəlbində, şüurunda olduğu kimi misralarında da aydın gələcəyin inamını yaşadır. Poemanın bir yerində “Bizdən başqa kim bu qədər dözərmiş?” – deyən şairn:

Heydərbaba, çox da hələ yatan çox,
Əzəl, axır, çıxacaqlar meydana.
Çox da hələ qolumuzu tutan çox,

Kim haqq verib, haqımızı kim dana?—hayqırtısı xalqın gələcək Bütöv Azərbaycan birliyini mübarizə ilə qazanacağından xəbər verir.

Əsərlərində Əjdər Yunus uzaqgörənliyi də oxucunu ovsunlayır. Istrər 2009-cu ildə yazılmış poemada,istərsə də digər şeirlərində 44 günlük müharibənin Zəfər yolu da görünür. Şair əmindir ki, Qarabağ azad olacaq, məcburi köçkünlər öz yuvasına qayıdacaq, o da böyüyüb boya-baça çatdığı, 30 il həsrəti ilə yaşadığı, 30 il yurd deyib yazdığı, yandığı, ağladığı, dözdüyü, arzuladığı yerə – Xələfliyə qayıdacaq. Bu gün Zəfər günü, vüsal günüdür, şairin yurduna qovuşduğu gündür. Əsərlərində bu zəfərə gedən cığırlar 13 il əvvəldən görünür.Eləcə də İranda, Güneydə gedən  bu günkü oyanış…

Kitabda toplanmış şeirlər və poema Əjdər Yunusa məxsus dil, ləhcə, bədii ifadə və bədii təsvir vasitələri ilə də zəngindir.

Bakı həsrətli dolmuş gözündən,

Solmuş yanağından öpürəm, Təbriz! – misralarında metaforik ricətdir. İnsana məxsus “həsrətdən dolmuş göz, solmuş yanaq” ifadəsi fikrin təsir gücünü artırmaq üçün Təbriz şəhərinə aid edilmişdir. Və ya “bulaqların ağlayanda ağladım”, “vətən mənə qucağını açdı”, “yalanların yaxasını cırmadıq”, və s.

Şeirlərdə mübaliğələrdən elə ustalıqla istifadə edilir ki, oxucu başqa variant axtarmağa ehtiyac duymur: “yüz illərin bağrın yarıb”, “göz yaşımız məşəl oldu, od oldu” və s.

Qarabağ dialektinə məxsus, XX əsr bədii ədəbiyyatımızda işlənmiş, lakin hazırda itməkdə olan sözlər də şeirlərə gözəllik, fikrə aydınlıq gətirir: “qarı düşmən”, “qor”, “bu cürə”, “ünüm yetir”, “zümzümə”, “bərə”, “bənd”, “xotux”, “ilxı”və s.

Vətənin flora, faunasını çox gözəl bilən şair müxtəlif quşların, heyvanların, bitkilərin adından da məqamında istifadə edir: – kəklik, turac, dovşan, palıd, ardıc, yarpız, və s.

Atalar sözləri və məsəllər ağsaqqal şairimizin əsas söz obyektlərindəndir. Digər əsərlərində olduğu kimi “Güneydə qalan dərdim” kitabında da öz ənənəsinə sadiq qalmışdır: “quru odda yaş yanar”, “quyu qazan özü düşər”, və s.

Rəmzi ifadələr də şeirlərə oxunaqlılıq, araşdırılma ehtiyacı gətirir. “Açan gülü xəzan yeli tökəndi” misrasında İran istibdadının əqidə uğrunda mübarizəyə qalxanlara olan təzyiqlərinə işarə vurulur.

Dövran neçə kərə sındırıb, əyib,

Neçə yol şumlayıb, əkibdi səni.” – misraları vətənin güclü dövlətlər əhatəsində əzablarını ifadə edir. “Heydərbabayla üz-üzə” poemasında Səttərxan dəfələrlə xatırlanır, onun silinməz izləri əqidə davamçıları üçün hər addımbaşı örnək yoludur:

Gördüm Səttərxanın ayaq izlərin,
Hər daşda, qayada dərindən dərin.

Amma fars faşizminin də bu əqidəni məhv etmək, bu izləri silmək cəhdi şairin gözündən yayınmır:

Səttarxanın kənddə evi çökə-çök,
Daş-divarı dağılacaq, itəcək…
Susuz yerdə ağac çətin ata kök,
Su verilsə səhrada da bitəcək. – Əslində burada evin çökməsindən söhbət getmir, mübarizə yoluna çıxan sədlərə, zindanda inləyən istiqlal mücahidlərinə işarə edilir. Bəndin son iki misrası ilə təkliyin bəhrə verməyəcəyini, əlbir olub bütövlük uğrunda mübarizəyə qalxmağın vaxtı çatdığını oxucuya çatdırır.

Ömrün axarlı-baxarlı vaxtında Əjdər Yunus Rzanın Qarabağ həsrətinin vüsala qovuşmasını alqışlarla təbrik edir, o tay-bu tay bütövlüyünə qovuşmasını arzulayaraq ona uğurlar diləyirik! Özünün dediyi kimi-

…Dağıdıb, uçurub bərəni, bəndi,
Bütövlük eşqiylə yaşayıram mən.

Sima CƏFƏROVA, filoloq

BÜTÖVLÜK EŞQİYLƏ YAŞAYIRAM MƏN

Qaytarın Arazı, döndərin geri,
Vətəni ikiyə bölə bilməsin.
Ağrıyır sinəsi yüz ildən bəri,
Nədən, bu torpağın üzü gülməsin?

Əlimi uzatsam, əlim yetəndi,
Di gəl ki, ayaqlar, qollar bağlıdı.
O tay da, bu tay da bütöv Vətəndi,
Di gəl ki, cığırlar, yollar bağlıdı.

Kim alıb haqqımı əlimdən mənim,
Mən niyə bağırıb, qışqırmam axı?
Bilsəm də kəsilib kim mənə qənim,
Arazda görürəm yenə günahı.

Günah səndə, onda, məndədi günah,
Araz göz yaşıdı ağlayanların.
Taleyin bizdən də sərt yazsın Allah,
Bu yurdun taleyin bağlayanların.

Quzeydən Güneyə bir qartal kimi,
Gərib qanadımı uça biləydim.
Vüsalda əridib kədəri, qəmi,
O tayı doyunca quca biləydim.

Yamyaşıl, qupquru düzləri gəzib,
Bir bulaq üstündə dincələm bir az.
Meşkində laləli çölləri əzib,
Savalan dağına kaş çıxam bu yaz.

Saymaq istəmirəm şəhəri, kəndi,
Hər birin qəlbimdə daşıyıram mən.
Dağıdıb, uçurub bərəni, bəndi,
Bütövlük eşqiylə yaşayıram mən.

2I.03. 2009

Əjdər Yunus Rza