- Cəmiyyət

Bütün dünyanın aradığı məqalə

Bu yaxınlarda görkəmli tarixçi alim Əlisa Nicatın ötən əsrin sonlarında nəşr etdirdiyi “Turan”  jurnalının bir nömrəsi əlimə keçdi. Jurnalın ilk səhifələrində rus yazıçısı Sergey Dmitri Merejkovskinin indi sizlərə təqdim edəcəyim məqaləsini oxudum. Məqalə öz orjinallığı, reallığı və müdhiş bəşəri həqiqiliyi ilə həddindən ziyadə mənə təsir etdi, belə ki, onu oxuyub bitirdikdən həmən sonra uzun müddətdən bəridir varlığından xəbərim olmadan belə bu məqaləni aradığımın fərqinə vardım. Bu bəşəri yazının “Turan” jurnalınadək heç bir yerdə qarşıma çıxmaması çox təəssüf doğurucu hadisədir. Görünür məqalə lazımi qədər ictimailəşməyib. Bu səbəbdəndir ki, kiril qrafikası ilə jurnalda əks olunmuş məqaləni latın qrafikası ilə yenidən yazıya aldım, bunu özümə borc bildim. Merejkovskinin bu əsəri hər bir düşüncəli insanın mütaliə dairəsində yer almalıdır, bu mütləqdir. Hal-hazırda da dünyanın qara yarası olan, hər cür ifrat şeytaniliyi ilə bəşəriyyəti təngə gətirən, istibdad-tiranlıq yuvası, mürtəce rus təfəkkürü insanlığa təcavüz etməkdədir. Zəfər şək-şübhəsiz yaxın zamanlarda insanlığındır. Sözümün məğzi ondadır ki, aşağıdakı yazının bir əsrdən artıq yaşı olmasına baxmayaraq təəssüf ki, öz acı həqiqətləri ilə hələ də dünyada aktuallığını qorumaqdadır. Və onu da qeyd etmək lazımdır ki, yazıçı qətiyyən milli mənsubiyyətə önəm vermədən bütün həqiqəti əks etdirmişdir. Merejkovski gerçək bir müəllif nümunəsidir. Bu məqaləni bizlərə çatdıran Əlisa Nicata sonsuz təşəkkürlər.                                                                                                                                                                                                                                                                                                                                                                                      Nihad Şükürlü

Avropa gec-tez rus inqilabı ilə üz-üzə gəlməli olacaq. Özü də Avropanın hər hansı bir diyarı deyil, bütün Avropa rus inqilabı və ya anarxiyası ilə toqquşacaqdır.  Görəsən, o şey ki, indi Rusiyada baş verir – bir dövlət formasından başqa bir dövlət formasına keçməkdirmi, yoxsa hər cür dövlət formasından məchulluğa atılmaqdır?.. Onu bu gün təyin etmək çətindir. Hər halda bir şey məlumdur ki, bu oyun yalnız ruslar üçün deyil, sizin üçün də təhlükəlidir, ey avropalılar!   Diqqət və həyəcanla rus inqilabını izləyirsiniz, amma yenə kifayət qədər diqqətlə, kifayət qədər narahatlıqla izləmirsiniz. O şey ki, bizdə baş verir, sizin təsəvvür etdiyinizdən çox-çox dəhşətlidir. Biz yanırıq, buna şübhə yoxdur. Amma təkcə özümüzü yandıracağıq, sizi isə yox, bax, buna şübhəm var.

Avropaya bizim inqilabımızın zahiri cəhətləri ən kiçik təfərruatlarına qədər məlumdur. Amma həmin hadisələrin daxili mənası, daxili axarı onların gözündən yayınır. Onlar rus inqilabının ruhunu deyil, hərəkət edən bədənini görür. İnqilabın ruhu, rus xalqının ürəyi Avropa üçün daim müəmma olaraq qalır. Biz sizə sağ ələ oxşayan sol əl kimi oxşayırıq. Sağ əl eyni vəziyyətdə sol ələ uyğun gəlmir. Onların uyğunluğu  üçün mutləq birini çevirmək lazımdır.

Sizdə nə varsa, bizdə də odur, amma tərsinə. Biz sizin astar tərəfinizik. Kantın təbiriylə desək, sizin sahəniz fenomenal, bizim ki transsendentdir, Nitşenin diliylə isə sizdə Apollon, bizdə Dionisdir. Sizin rəmziniz hədd, bizimki həddən aşmaqdır. Siz vaxtında dayana bilirsiniz, divara çatanda ya yan keçir, ya da geri qayıdırsınız. Biz isə başımızı divara vurub sındırırıq. Bizi tərpətmək çətindir, amma elə ki, tərpəndik, dayana bilməyəcəyik, biz getmirik, qaçırıq, qaçmırıq, uçuruq, uçmuruq aşırıq, özü də Dostoyevski demişkən “kəlləmayallaq”. Siz ortada dayanmağı sevirsiz, biz isə axırına çatmayınca əl çəkmirik. Siz ayıqsız, biz isə sərxoş. Siz dərrakəlisiz, biz isə təbdən çıxmışıq. Siz ədalətlisiz, biz isə qanunsuz. Siz öz ruhunuzu qoruyursuz, biz isə daim onu itirməyə səbəb axtarırıq. Siz azadlığınızın son həddində olsanız da qanunlara əməl edirsiniz. Biz isə köləliyimizin dibində ola-ola ya gizli, ya aşkar anarxistlər-qiyamçılar olaraq qalırıq. Sizinçün siyasət – bilikdir, bizimçün isə – din. Özü də ağıl və hisslə əxz olunmayan bir din. Çünki çox vaxt onu tamam inkar edib nihilizmə qədər gedib çıxırıq, amma daxili mahiyyət etibarilə mistiklərik.

Bizi axıra kimi dərk etmək üçün bizi oxumaq, bizim mahiyyətimizi yaşamaq lazımdır. Bu isə çox çətin və qorxuludur. Təkrar edirəm, bu sizin güman etdiyinizdən çox-çox qorxuludur. Biz sizin təhlükəniz, sizin bədəninizdəki xorayıq. Siz bizim əlimizdən hələ çox çəkəcəksiniz. Amma son haqq-hesabda ümuminin xeyrinə olacaq. Çünki sol əl sağ ələ lazım olduğu kimi biz də bir-birimizə gərəyik.

Rus inqilabı təkcə siyasət deyil, həm də dindir. Avropa üçün də məhz bunu dərk eləmək çətindir. Çünki onlar üçün dinin özü çoxdan siyasətdir.   Lakin o zaman ki, bizim dövlət və kilsə quruluşumuzun bütün tarixi formaları alt-üst oldu, o zaman xalqın siyasi və dini dünyagörüşündə elə bir boşluq əmələ gələcək ki, onu nəinki konstitusiyalı monarxiya, hətta burjua-demokratik respublikası və ümumiyyətlə Avropa dövlətçiliyinin heç bir forması doldura bilməyəcəkdir. Min illik nəhəngin bir dəfəlik yerlə-yeksanı üçün elə bir zəlzələ lazımdır ki, köhnə parlament dükanları karton evlər kimi uçulub tökülsün.  Rus inqilabı bunların heç birində dayanmayacaq. Bəs sonrası necə olacaq? Sonrası məchulluğa kəlləmayallaq sıçrayış olacaqdır. Rus inqilabı özünün inkar etdiyi mütləqiyyət kimi amansızdır. Onun şüurlu empirik həddi sosializmdir – təhləlşüur, mistik, qanundan uzaq dini cəmiyyət.

Siz avropalılar bunu başa düşəndə yanğını söndürməyə atılacaqsınız… Amma özünüzü qoruyun, siz bizi söndürməyəcəksiniz, biz sizi yandıracağıq.
Biz Avropa burjua cəmiyyətinə deyil, ümumdünya mədəniyyətinin tək-tək şəxsiyyətlərinə üz tuturuq. O tək-təklərə ki, onlar üçün elə indinin özündə dövlət Nitşenin sözləriylə desək “qorxunc kələzlərin ən soyuqqanlısıdır” . Bakunin, Tolstoy, Ştirner, Nitşe kimi, o tənhalar, o erkən anarxistlər ki, sübh günəşinin ilk şəfəqlərində parlayan qarlı zirvələrə bənzəyirlər. Orada, aşağılarda, alaqaranlıqlarda isə bizim sayısız-hesabsız naməlum qardaşlarımız – ümumdünya fəhlə xalqı, gələcək ümumdünya inqilabının böyük orduları qaynaşır. Biz inanırıq ki, rus inqilabının göy gurultusu gec-tez onlara da çatacaq. Elə bir gurultu ki, qiyamət günü İsrafilin suru kimi Avropa qəbristanlığının ölülərini də ayağa qaldıracaq.

     Д. С. Мережковский, сочинение,

     Т. XIII-стр. 162,М. 1914