- Dil, Köşə

Cəbrail HƏŞİMOV. Bir daha dil problemləri barədə

 Dünya dilləri morfoloji xüsusiyyətlərinə görə üç qrupa bölünür: amorf (kök) dillər, flektiv dillər və aqlütinativ (iltisaqi) dillər. Azərbaycan dili digər türk dilləri kimi üçüncü qrupa, yəni iltisaqi dillər qrupuna aiddir. Bu dillərin flektiv dillərdən əsas fərqləri kökün dəyişməyərək sabit qalması, şəkilçilərin sözün sonuna artırılması, ismin və feilin qəbul etdikləri qrammatik şəkilçilərin müəyyən bir ardıcıllıqla gəlməsi, mübtədanın cümlənin əvvəlində, xəbərin isə sonda gəlməsi və sözlərin ahəng qanununa tabe olmasıdır.

Türk dillərindən bizə ən yaxını Anadolu türkcəsidir. Həm ortaq sözlərimizin bolluğu, həm daha yaxın coğrafi məkanda yerləşməyimiz, həm də tarixən ölkələrimizin və xalqlarımızın bir-biri ilə daha çox bağlı olmaları baxımından bu, belədir. Amma hər iki dilin fonetik, morfoloji və sintaktik xüsusiyətləri ilə yaxından maraqlandıqda görmək olur ki, bizim dilimizdə Anadolu türkcəsinə nisbətən iltisaqiliyin qanunlarına daha çox riayət edilir. Elə təkcə ahəng qanunu baxımından bu iki dili müqayisə etsək, bunu aydınca görmək olar. Bu da dilimizin şirinliyini, ahəngdarlığını daha da artırır.

Mən Azərbaycan Dövlət Universitetində təhsil alarkən bizim bir müəllimimiz vardı, Lətif müəllim. Rəhmətlik çox baməzə adam idi. Hər dərsdə mütləq dərsdənkənar nəsə maraqlı və məzəli bir əhvalat danışırdı. O deyirdi: “Belə bir fikir var ki, ingilis dili diplomatiya dilidir, fransız dili qadınla danışıq dili, alman dili müharibə dili, rus dili nitq söyləmək dili, fars dili də şeir dili. Mən isə deyirəm ki, Azərbaycan dili də musiqi dilidir”. Sonra da əlavə edirdi ki, bizim dilimiz təkcə musiqi dili yox, həm də musiqili dildir.

Bəli, uzun illərdir, bu dilin tədrisi ilə məşğul olan bir müəllim kimi deyə bilərəm ki, bizm dilimizdə yuxarıda sadalanan xüsusiyyətlərin hamısı var. O baxır, kim bu dildən necə istifadə edir. Yəni dilimiz həm diplomatiya dilidir, həm qadınla danışıq dili, həm nitq eləmək dili, həm şeir dili, həm də musiqili dildir. Yeri gələndə dilimiz müharibə dili də ola bilir. İkinci Qarabağ müharibəsi günlərində hamımız bunu gördük. İstər Prezidentin çıxışlarında, istərsə də əsgər və zabitlərimizin döyüş meydanlarında səsləndirdikləri fikirlərdə biz bunun canlı şahidi olduq. Gördük ki, xalqımız kimi dilimiz də döyüşməyi bacarır. İndi bu dilə yad sözləri güclə pərçim etmək istəyənlər, görəsən, nə düşünürlər?

Vaxt var idi, rusca danışmaq savadlılıq, mədənilik, aristokratlıq göstəricisi hesab olunurdu. Yadımdadır, ötən əsrin yetmişinci illərində ali məktəbə imtahan vermək üçün ilk dəfə  Bakıya gələndə mağazalarda satıcı qızlar biz rayon uşaqları ilə necə məzələnirdilər. Biz bir şeyin qiymətini soruşanda onlar rusca cavab verir, biz gözlərimizi döyə-döyə baxdıqda necə şaqqanaq çəkib gülürdülər. Mən hətta bir dəfə balaca boyuma baxmayaraq, MUM-da dava-dalaş da salmışdım.

İndi də Türkiyə türkcəsi ilə danışmaq, ya da bu dildə kitab oxumaq eynilə əlli-altımış il əvvəlki kimi aristokratlıq göstəricisi hesab olunmaqdadır. Bu insanlara böyük Bəxtiyar Vahabzadənin bir bənd şeiri ilə cavab vermək istərdim:

Ey öz dogma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun..,
Ancaq vətən çörəyi sizlərə qənim olsun.

Mən dilimizə hər tərəfdən edilən hücumlara qarşıyam. Dilə kənar sözlərin müdaxiləsinə qarşıyam, hətta bu sözlər bizim üçün yaxın, sevilən Türkiyə türkcəsində olsa belə.

Böyük şair demişkən, bu dili biz qoruyub gələcək nəsillərə hədiyyə verməliyik. Buna borcluyuq.

Səksəninci illər idi. Onda bizim rayonda çoxlu rus yaşayırdı. Bir dəfə rayon mərkəzində bir yeməkxanada oturmuşdum. Qonşu stolda iki yaşlı rus çay içir və azərbaycanca şirin söhbət edirdi. Söhbətlərində də tez-tez “Ətağa cəddi”, “Allah haqqı”, “Əbəlfəz haqqı” kimi ifadələr işlədirdilər. O tərəfdən bir qoca azərbaycanlı əlində pivə şüşəsi aşa-aşa bunların stoluna yaxınlaşdı və başladı sözlərin qol-qabırğasını qıra-qıra guya rusca danışmağa. Bir qədər danışdıqdan sonra ruslardan biri dedi: “Qardaş, görürsən, biz rus ola-ola sənin dilində təmiz danışırıq, sən isə guya bizim dildə danışırsan və dilimizi də şumlayırsan. Öz dilində danışsana”. İndi dilimizlə bağlı eyni vəziyyət yaranıb. Guya türkcə danışmaq istəyirlər, amma sonda alınır həftəbecər.

Fikrimcə, Vətənini, dogma dilini sevən hər bir kəs bu dilin təmizliyini qoruyub saxlamaqdan ötrü mübarizə aparmalıdır. Biz buna, sadəcə, borcluyuq. Yoxsa gələcək nəsillər bizi lənətləyəcək.

Bu yolda yorulmaz mübarizlər olan FADMM üzvlərinə uğurlar arzulayıram.

Ad günün mübarək, dogma FADMM!