- Ədəbiyyat

Cəbrail HƏŞİMOV. Hörümçək və milçək

Hörümçək tor qurmuşdu. Səhər tezdən axşamacan, gecədən səhərəcən gözlədi, amma toruna heç olmasa, bir axsaq milçək də düşmədi. O bilirdi ki, evdə balaları onun yolunu necə böyük bir səbirsizliklə gözləyirlər. Çünki acdırlar, iki gündür ki, dillərinə bir milçək qanadı belə dəyməmişdir. Ona görə də gözlədikcə əsəbiləşir, az qalırdı ki, qurduğu toru yesin. Hörümçəyin özünün də acından qarnı quruldayırdı. Gözünü yumur və yağlı bir milçək budunu dişinə çəkdiyini xəyalında canlandırırdı. Lakin birdən ac balalarını yadına salır, xəyaldan ayrılır, onlara bir tikə milçək apara bilmədiyi üçün gözləri yaşarır və təsəvvüründə yağlı milçək budunu dişinə çəkdiyi üçün özü özünə nifrət edirdi. Milçəklər isə tora yaxın gəlmirdilər ki, gəlmirdilər.

Ana milçək səhər yuxudan duran kimi balalarına baş çəkdi. Onlar şirin yuxuda idilər. Ancaq aclıqları yuxuda da hiss olunurdu. Axşam doyunca yeməmişdilər, acqarına yatmaq da onları lap üzüb əldən salmışdı. Ana milçək kədərli-kədərli balalarına baxdı və ah çəkib fikirləşdi: “Durum gedim, görüm uşaqlar üçün bir şey tapa bilərəmmi?”

O, vızıltı ilə uçub stolun üstündəki boşqabın yanına qondu. Boşqabda iri, yağlı bir ət tikəsi var idi. Ancaq bu ət tikəsinin üstündə o qədər milçək var idi ki, heç ayaq və xortum basmağa bir qarış belə yer yox idi. Ana milçək çox çalışırdı ki, ət tikəsinin üstünə qonsun. Ondan bir diş götürsün. Ancaq digər milçəklər onu vurub qovurdular. Nəhayət, güc-bəla ilə kiçik bir tikə qoparıb sevinclə balalarının yanına uçdu. Körpə balalar bu kiçik ət tikəsinin üstündə uzun müddət bir-birilə vuruşdular. Axırda bu qənimət onlardan yalnız ikisinə qismət oldu. Qalanları isə yenə də ac qaldılar. Bunu görən ana milçək təzədən yanıqlı bir ah çəkib vızıldaya-vızıldaya stolun üstündəki boşqaba tərəf uçdu.

…Hörümçəyin də bütün diqqəti stolun üstündə idi. Daha doğrusu, stolun üstündəki boşqabda, ələlxüsus da, bu boşqabdakı ət tikəsinin üstünə daraşmış acgöz milçəklərdə. O yanıb tökükürdü. Niyə bu qədər milçəyin biri gəlib onun toruna düşmür? Biri, tək bircəciyi gəlsəydi, bəs idi. Düzdür, bir dənə milçək onun balalarına çatmayacaqdı, ancaq neyləyəsən, heç olmasa, hərəsi bir tikə yeyib birtəhər dözərdilər. Ondan sonrasına da Allah kərimdir. Hörümçək boşqabdakı milçəklərə baxdıqca ağzı sulanırdı, tez-tez dilini çıxarıb dodaqlarını yalayırdı.

Ana milçək ikinci dəfə boşqaba tərəf uçarkən gözü divarın küncündəki hörümçək toruna sataşdı. Toru görən kimi onun ürəyi sancdı. Çünki o, vaxtilə çox milçəyin bu cür torlara düşüb çapaladıqlarını, sonra isə hörümçəyin qurbanı olduqlarını görmüşdü. Hər dəfə də bu milçəkləri görəndə ana milçək onların axmaqlıqlarına və əfəlliklərinə gülür, fikirləşirdi ki, o, heç vaxt bu cür axmaqlıq və əfəllik etməz. İndi toru görən kimi o, əvvəlcə diksindi, sonra diqqətlə baxıb gördü ki, torun üstündə hörümçək yoxdur. Bir az ürəkləndi.Tora yaxınlaşıb diqqətlə baxdı. Doğurdan da, hörümçək yox idi. Ana milçək yenə də axmaqlıq edib tora düşən milçəkləri xatırladı, öz-özünə dedi: “Bunlara bax e, belə tora düşürlər. Burada nə var ki. Mən bu torun üstü ilə elə şütüyərəm ha! Hələ bir yoxlayım görüm”.

Ayaqlarından birini torun üstünə qoymaq istədi, ancaq bir an dayandı. Yadına yenə də çapalayan milçəkıər düşdü. Qorxub geri çəkildi, sonradan özünə ürək-dirək verdi: “Mənə bax e, gör nədən qorxuram, mən heç vaxt bu tora ilişmərəm. İlişsəm də, iti dişlərimlə onu çeynəyib dağıdaram”.

Ana milçək qabaq ayaqlarından birini ehtiyatla torun hamar və məxmər kimi rahat üstünə qoydu. Tor elə yumşaq, elə hamar və sürüşkən idi ki, ürəyindən bunun üzərində ləzzətlə şütümək keçdi. Ürəklənib ikinci ayağını da torun üstünə qoydu. Milçəyin ikinci ayağı tora toxunan kimi sürüşdü. O, tez arxa ayaqlarından birini özünə dayaq eləmək üçün irəli atdı. Ancaq bu ayaq da tora toxunan kimi sürüşdü. Milçək özünü itirdi, qorxudan başı gicəlləndi, gözlərinə qaranlıq çökdü. Torun sürüşkən və yumşaq ilmələri ayaqlarına dolaşıb onları bərk- bərk sıxırdı. Bir də güc vurub tordan xilas olmaq istədi.Lənətə gəlmiş tor isə bütün ayaqlarına dolaşıb onları bir-birinə bağlamışdı. Çapaladıqca torun ilmələri onu hər tərəfdən sarıyır, hərəkət eləməyə qoymurdu. O, taqətdən düşürdü. Yenə də yadına axmaq milçəklər düşdü. Acı-acı ağlayaraq fikirləşdi ki, deyəsən, elə axmaqların axmağı özü imiş.

Ana milçək əbəs yerə çox əlləşdikdən sonra, nəhayət, yoruldu və taqətsiz halda aqibətinin necə olacağını gözləməyə başladı.

Milçək hələ tora yaxınlaşanda küncdəki dar bir yarıqda gizlənən hörümçək onu görmüşdü. O, diqqətlə milçəyi izləyirdi. Bilirdi ki, milçək gec-tez onun toruna düşəcək. Ancaq ola bilərdi ki, o uçub getsin, heç tora qonmasın. Çünki bu milçəklər o qədər axmaq olurlar ki, bəzən görmək istədikləri bir işi axıra çatdırmağa səbirləri çatmır. Ona görə də hörümçək bərk həyəcan keçirirdi. Acından qarnı yenə də quruldamağa başladı. Yadına evdəki ac balaları düşdü, ürəyi sıxılmağa başladı. O, indi dünyada hər şey unutmuşdu, yalnız milçəyi görür, səbirsizliklə bu lənətə gəlmiş milçəyin nə vaxt onun böyük əzab-əziyyət bahasına başa gətirdiyi torun ilmələri arasında dolaşacağını gözləyirdi.

Elə ki ana milçəyin ayaqları tora toxundu, hörümçək yerində dikəldi, tullanmağa hazırlaşdı. Milçək tamamilə torun ilmələri arasında dolaşıb qalanda o, sürətlə torun sürüşkən ilmələri üzərində şütüyərək milçəyə yaxınlaşdı. Torun ilmələrini qırıb onu dolaşıb qaldığı yerdən sürüyüb aparmağa başladı. Ana milçək hönkür-hönkür ağlayırdı, gözlərinin yaşı sel kimi axırdı. Hörümçək onun belə ürəkdən, yanıqlı-yanıqlı ağladığını görüb təəccübləndi. O, ömrü uzunu çoxlu milçəkləri toruna salıb öldürmüşdü. Heç vaxt milçəyin belə ürəkdən ağladığını görməmişdi. Milçəklərin bəzisi hörümçəyi görən kimi qorxudan ürəyi partlayırdı, bəzisini isə o, elə diri-diri parçalayıb yeyirdi. Bu milçək isə çox qəribə bir milçək idi. Ölmək nə qorxulu bir iş imiş ki, ondan ötrü belə zar-zar ağlayasan. Hörümçək dayandı, təəccüblə milçəyə baxıb soruşdu:

-Bura bax, dostum, niyə belə ağlayırsan? Mən ki hələ sənə heç bir şey eləməmişəm.

-Eləməmisən, ancaq eləyəcəksən. Sən məni yeyəcəksən, – deyə milçək daha bərkdən hönkürərək cavab verdi.

-Pah, burda qorxulu nə var ki, – deyə hörümçək daha da təəccübləndi, – mən də olmasam, səni nə vaxtsa, kimsə yeməlidir də. Axı siz milçəklərin taleyi belədir.

Milçək daha yazıq-yazıq ağladı:

-Bilirəm, elədir. Ancaq mənim balalarım evdə acdırlar, mən gəlmişdim ki, onlara yeməyə bir şey tapıb aparım. Onlar mənim yolumu gözləyirlər, indi mən qayıtmasam, onlar aclarından öləcəklər.

-Doğrudan? – deyə hörümçək soruşdu. – Paho, nə pis iş oldu ! Ölmək heç yaxşı iş deyil. Bəs indi biz neyləyək?

-Nəyi neyləyək? Mənə və balalrıma yazığın gəlirsə, burax qoy gedim onların yanına.

-Hə? Doğrudan deyirsən, sənin balaların yazıqdırlar, – deyə hörümçək cavab verdi.

O, doğrudan da, milçəyi buraxmaq istəyirdi, çünki çox ürəyiyumşaq bir hörümçək idi. Onun milçəyin balalarına yaman ürəyi yanmışdı. Altı ay bundan əvvəl o özü də üç gün heç bir ov eləyə bilməmişdi və onun da balalarından lap kiçiyi acından ölmüşdü. O zaman hörümçək nə qədər ağlamışdı. İndi o günləri yada salanda onun gözləri yaşardı və milçəyi buraxmağa hazırlaşdı. Ancaq dayan, dayan! Axı onun da balaları evdə acdırlar, onun yolunu gözləyirlər. Hörümçəyin əvvəlcə ac balaları gözünün önünə gəldi, sonra isə altı ay əvvəl acından ölmüş kiçik balası. Bir az dayandı, fikirləşdi. Nəhayət:

-Bura bax, sənin balalarına yazığım gəlir. Səni buraxmaq istəyirəm, ancaq mənim öz balalarım da evdə acdırlar axı. Onlar da mənim yolumu səbirsizliklə gözləyirlər, yemək istəyirlər, – deyə hörümçək fikirli-fikirli dilləndi.

Hörümçək yaman çətin vəziyyətə düşmüşdü, milçəyin balalarına da yazığı gəlirdi, öz balalarını da yedirtmək istəyirdi. Əlbəttə, öz balalarına məhəbbəti daha artıq idi və buna görə də milçəyi buraxa bilməzdi, aparmalı idi. Ancaq neyləyəsən ki, onun ürəyi çox yumşaq idi, hamıya yazığı gəlirdi. Hətta bir ay bundan əvvəl qarnının tox vaxtında bir milçəyə qanadının sınıq olduğu üçün yazığı gəlmiş və onu buraxmışdı. Amma indi vəziyyət başqa cür idi, onun özünün də qarnı acından bərk hay-küy salmışdı. Daha dözə bilmirdi. Nəsə bir şey fikirləşmək lazım idi. Bütün bunları düşündükcə vaxt gedirdi. Ona görə də birtəhər özünü ələ alıb dedi:

-Ay səfeh milçək, axı sənə kim dedi ki, gəl mənim qurduğum torla oyna. Çıxıb gedəydin də öz işinin dalınca. Mən də başqa bir milçəyi tutub aparardım. İndi bəs mən neyləyim? Axı mən də, balalarım da acıq, yemək istəyirik.

-Bilirsən, ay ağıllı hörümçək, gəlsənə belə bir iş görək, – milçək dedi, – sən məni burax, çıxım gedim. Bax o boşqabı görürsənmi? Orada nə qədər istəsən, yağlı milçəklər var. Mən onlardan bir-ikisini aldadıb buraya göndərərəm. Sən də onları tutub apararsan balalarına.

Milçək bu sözləri deyib ümidlə hörümçəyin üzünə baxdı. O fikirləşirdi ki, hörümçək bir neçə yağlı milçəyin tamahına onu buraxacaqdır. Ancaq hörümçək, deyəsən, başqa şey fikirləşirdi. Aclıq get-gedə onu əldən salırdı. Ona görə də bu sözlər onun beyninə girmirdi. Tez cavab verdi:

-Bura bax, dostum, günah sənin özündədir. Mən sənin də, balalarının da halına ürəkdən yanıram. Ancaq özümü və öz balalarımı sizdən çox sevirəm. Ona görə də, incimə, səni öldürüb yeməli olacağam. Balalarından ötrü də heç narahat olma. Biz burada bayaqdan söhbət etdiyimiz müddətdə onlar, yəqin ki, böyüyüblər. İndi özlərinə yemək tapa bilirlər. Mən isə daha dözə bilmirəm. Bağışla məni, əzizim! – deyə hörümçək öz uzun və iti xortumunu milçəyin düz ürəyinə sancdı və onu sürüyüb yuvasına, balalarının yanına apardı.