- Dil

Cəbrail HƏŞİMOV. Zəngin dilimiz – 2

Üslubi fiqurlar barədə olan yazım dostların ciddi marağına səbəb olduğu üçün bu mövzunu davam etdirmək qərarına gəldim. Ola bilər, bu sözlər və onların izahları bəzi dostlara tanışdır, ancaq bilməyənlərin də olması mümkündür.
Beləliklə…

1.Tavtalogiya – Cümlədə lazımsız sözlərin işlədilməsi. Məsələn: “O mənim qardaşımdır, mən
də onun qardaşıyam”.

2. Amfiteza – Eyni predmetin bir-birinə zidd iki xüsusiyyətinin qarşılaşdırılması. Məsələn:
“Necə rəhmlidir, nesə amansız”…

3. Akroteza – Hər hansı bir fikrin ona əks olan fikirlə inkar edilməsi. Məsələn: “Qanun
yalanın deyil, həqiqətin keşiyində dayanmalıdır”.

4. Akrostix – Şeirin misralarının baş hərflərinin bütöv söz və ya cümlə əmələ gətirməsi.
Məsələn: Sonbeşiyim balaca olanda ona yazdığım bir bəndi misal göstərim:
Adın bilmək istədim bu göyçək oğlanın mən,
Min cürə dillər töküb soruşdum lap özündən.
İnciməyib söylədi, əgər bilmək istəsən,
Durma, baş hərfləri oxu, onda bilərsən.

5. Oksimoron – Bir-biri ilə ziddiyyət təşkil edən sözlərin birlikdə işlənməsi. Məsələn: “Ölü
canlar”, “Ağıllı dəli” və s.

6. Kalambur – Nitqdə komik effekt yaratmaq məqsədilə sözün omonimliyindən və ya
çoxmənalılığından istifadə edilməsi. Məsələn: Molla Nəsrəddinin diş çəkmək
və qulaq çəkmək barədə lətifəsi. Ancaq kalamburu cinasla qarışdırmaq
olmaz. Çünki cinas sözlərdən ancaq şeirdə istifadə edilir və bunlar cinas
qafiyələri yaradır.

7. Malapropizm – Nitqdə səhv olaraq bir sözün əvəzinə fonetik baxımdan oxşar, amma leksik
baxımdan fərqli bir sözün işlədilməsi. Məsələn: “epitet” əvəzinə “epitafiya”
sözünün işlədilməsi.

8. Okkazionalizm – Leksik vahid kimi dilin lüğət tərkibində olmayan sözlərin işlədilməsi.
Məsələn: zamandaş, dünyadaş və s.

9. Alliterasiya – Samit səslərin təkrarlanması. Məsələn: “Dəmirçi dayı, dədəm dedi, dəmiri
dəmirə döymə”…

10. Assonans – Sait səslərin təkrarlanması. Məsələn: “Ərənlər məskəni Vətənim mənim”.