- Dil, Manşet

Cəbrail HƏŞİMOV. Zəngin dilimiz -3

Üslubi fiqurlarla bağlı sonuncu yazını təqdim edirəm.

1. Antiteton – İki müxtəlif predmetin bir-birinə əks olan cəhətlərinin qarşılaşdırılması.
Məsələn: “Birimiz təpəyik, birimiz düzük”.

2. Ellipsis – Cümlədə asanlıqla anlaşılan və bərpa edilməsi mümkün olan sözlərin
buraxılması. Məsələn: “Oğlum beşinci sinfə gedir, qızım üçüncü”.

3. Repriza – Bir misranın və ya cümlənin sonunda gələn sözün növbəti misranın və ya
cümlənin əvvəlində işlənməsi. Məsələn:
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
(Həsənoğlu)

4. Palindram – Əks istiqamətə oxunduqda da eyni mənanı verən sözlər. Məsələn: ənənə,
kiçik, qabaq və s.

5. İzokolon – Qonşu cümlələrin tam sintaktik paralelliyi prinsipidir. Yəni iki və ya daha artıq
cümlədə cümlə üzvləri eyni ardıcıllıqla yerləşdirilir. Məsələn:
Mən səni sevmişdim bir ilk baharda,
Sən məni tərk etdin boranda-qarda.
(S.Rüstəm)

6. Anafora – Təkririn bir növüdür. Misranın və ya cümlənin əvvəlində sözlərin təkrar
olunması deməkdir. Məsələn: “Gəlin, gəlin, yuxarı keçin”.

7. Epifora – Təkririn daha bir növüdür. Misranın və ya cümlənin sonunda sözlərin təkrar
olunması deməkdir. Məsələn: “Tez olun, gəlin, gəlin”. Qeyd etmək lazımdır ki,
şeirdə misraların, beytlərin və bəndlərin sonunda rədif kimi təkrarlanan sözlər
anafora (təkrir) hesab olunmur.

8. Geminasiya –Təkririn bu növü bəzən də “reduplikasiya” adlanır. Mənası “qoşalaşma”
deməkdir. Bu növdə eyni nitq vahidi misranın və ya cümlənin əvvəlində,
ortasında, ya da axırında gələ bilər. Məsələn: “Oxuyun, oxuyun, dayanmayın,
kitab oxuyun, hər zaman oxuyun”.

9. İnversiya – Sözlərin sırasının məqsədli şəkildə pozulmasıdır. Daha çox şeirlərdə istifadə
olunur.
Məsələn: “Qatıb qabağına tale məni
Aparır sonuma doğru”.

10. Homeotelevton – Yanaşı gələn sözlərdə eynitipli morfemlərin təkrarına deyilir. Bu, bəzən
daxili qafiyə yaradır. Məsələn:
“Elimizin, obamızın, ən azından tayfamızın adəti var, ay bala”.
Yaxud: Əslimizin, soyumuzun dilidi,
Yasımızın, toyumuzun dilidi.
Odumuzun, suyumuzun dilidi,
Odda yanan, qanda çimən şeirimiz.
(Z.Yaqub)

Qeyd etmək lazımdır ki, üslubi fiqurların növləri və altnövləri daha çoxdur və bunlar haqqında geniş və hərtərəfli elmi əsərlər yazılmışdır. Mən bu yazılarımda onların yalnız kiçik bir qismi haqqında çox yığcam məlumat verdim. Hər halda, faydası olar deyə düşündüm.