- Köşə

Cəvahir TANRIVERDİ. Bu da mənim təbrikim

Salam, mənim qeydimə qalan mübarizlər! Məni qorumaq, saflığa çıxarmaq üçün çalışan İnsanlar! Yorulmaq bilmədən, əzminizdən dönmədən ən kiçik sözün belə qeydinə qalırsınız, yalnız qrammatik mənası olan sözləri belə öz doğmalığında saxlamağa çalışırsınız. Bunu artıq bir ənənəyə çevirmək üçün bir yol çəkdiniz. Məni öz mənəviyyatıma uyğun gələcək nəsillərə çatdırmaq üçün çəkdiniz bu yola bir ad da verdiniz: FADMM (Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi). Bu sizin mübarizənizin adıdır. Bu mübarizə bilirsinizmi nəyə bənzəyir?

44 günlük müharibə zamanı azad etdikləri torpaqlarımıza daxil olan əsgərlərimizin ilk işlərindən biri erməni dilində yazılmış rayon, şəhər, kənd, qəsəbə, küçə adları olan sərlövhələri söküb yerindən çıxararaq yerinə o torpaqların öz dədə-baba sahiblərinin dilində – Azərbaycan dilində adları sancmaqları olurdu. Bax, sizin mübarizəniz məhz o əsgərlərin mübarizəsidir. Siz mənim uğrumda döyüşən ziyalılar- əsgərlər, sizin silahınız isə sözünüzdür. Yad sözləri öz sözlərinizlə – silahlarınızla məhv etmək üçün gecə-gündüz çalışdınız və bu mübarizə davam etməkdədir. Bu mübarizə gah şəkillərlə, gah sözlərlə, gah tənqidlə, gah da satiralarla oldu. “Anamın kitabı”nı qorumağı öz üzərinizə götürdünüz. Bunun nə qədər böyük məsuliyyət olduğunun fərqinə vardıqca daha çox çalışdınız. Burada gah Bəxtiyar Vahabzadə oldunuz:
Ey öz doğma dilində danışmağı ar bilən
Fasonlu ədabazlar,
Ruhunuzu oxşamır qoşmalar, telli sazlar,
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun.
-dediniz. Gah Xəlil Rza Ulutürk yolunu tutdunuz:
Kim qorumur öz dilini,
itsin mənim gözlərimdən ilim- ilim,
O sahili bu sahillə birləşdirən
polad körpüm, qılıncımdır,
Günəşimdir mənim dilim!
-dediniz. Gah bu yolda Tofıq Bayram kimi Şahdağına qalxdınız.
Amma yorulmaq bilmədiniz. Molla Nəsrəddinçi oldunuz şəkillərlə, Sabir oldunuz, Haqverdiyev oldunuz, Köçərli oldunuz. Məhz onlar sizin simanızda yenidən doğuldular.
Bu gün mənim üç yaşımı qeyd edirsiniz. Mən də sizi təbrik edirəm, ey mənim uğrumda mübarizə Aparanlar. Bu sizin mübarizənizin üç yaşıdır. Mən də sizi mənim uğrumda apardığınız bu üçillik mübarizəniz münasibətilə təbrik edirəm. Var olun! Əbədi olun!