Milad bayramı hekayəsi
Milad bayramı ərəfəsində kollej katibi Yefim Fomiç Perekladin gecə incimiş və hətta təhqir olunmuş halda yatağına uzandı.
– Əl cək görüm, lənətə gəlmiş! – deyə arvadı ondan niyə belə qaşqabaqlı olduğunu soruşanda qəzəblə bağırdı.
Məsələ bunda idi ki, o, orada ona çoxlu toxunacaqlı sözlərin deyildiyi qonaqlıqdan gəlmişdi. Əvvəlcə, ümumiyyətlə təhsilin xeyrindən danışdılar, sonra hiss edilmədən qulluqçu zümrənin təhsil senzinə keçdilər, həm də onların aşağı səviyyədə olmasına dair çoxlu təəssüflər, eyhamlar, hətta istehzalar da deyildi. Bu zaman bütün Rusiya məclislərində olduğu kimi ümumi müzakirədən şəxsiyyətlərə keçirdilər.
– Götürək elə, məsələn, sizi, Yefim Fomiç, – deyə cavan bir oğlan Perekladinə müraciət elədi. – Siz yaxşı vəzifədə işləyirsiniz… bəs hansı təhsil almısınız?
– Heç bir. Bizdə heç təhsil də tələb olunmur axı, – deyə Perekladin qısaca cavab verdi. – Düzgün yaz, vəssalam…
– Bəs siz harada belə düzgün yazmağı öyrənmisiniz?
– Vərdiş vermişəm… Qırx il xidmət eləsən, hər şeyə vərdiş verərsən… Bu, əlbəttə, əvvəllər çox çətin idi, səhv yazırdım, ancaq sonralar vərdiş verdim… indi pis deyil…
– Bəs durğu işarələri?
– Durğu işarələri də pis deyil… Düzgün qoyuram.
– Hm!.. – deyə cavan oğlan tutuldu. – Amma vərdiş heç də təhsil demək deyil. Sizin durğu işarələrini düzgün qoymağınız hələ azdır… azdır! Şüurlu surətdə qoymaq lazımdır! Siz vergülü qoyursunuz və başa düşməlisiniz ki, onu niyə qoyursunuz… bəli! Sizin isə şüursuzcasına… reflektor olaraq düzgün yazmağınızın bir qara qəpiklik qiyməi yoxdur. Bu, qeyri-şüuri iş görməkdir, vəssalam.
Perekladin susdu və hətta yavaşca güldü ( cavan oğlan mülki müşvairin oğlu idi və özünün də X dərəcəsi var idi), amma indi, yatağına girəndə o, tamamilə dəyişib hiddət və qəzəbə çevrildi.
“Qırx il qulluq etmişəm, – deyə o fikirləşdi, – heç kim məni axmaq adlandırmayıb, indi isə, bax da, necə tənqidçilər tapılıb! “Şüursuzcasına!,, Lefroktor olaraq! Qeyri-şüuri iş görmək”… Ax, səni lənətə gələsən! Mən, bəlkə də, səndən də çox bilirəm, çox da sənin universitetini oxumamışam!”
Fikrində tənqidçisinin ünvanına bütün söyüşləri yağdırandan sonra və yorğanın altında qızışaraq Peredelkin bir az sakitləşdi.
“Mən bilirəm… başa düşürəm… – deyə mürgüləyərək fikirləşirdi. – Vergül lazım olan yerdə iki nöqtə qoymuramsa, deməli, anlayıram, başa düşürəm. Bəli… Belə-belə işlər, cavan oğlan… Əvvəlcə mənim qədər yaşamaq, qulluq eləmək lazımdır, sonra isə qocaları mühakimə edərsən…”
Mürgüləyən Perekladinin yumulu gözlərində tutqun rəngli, gülümsəyən buludların arasından alovlu bir vergül meteor kimi süzüb keçdi. Onun ardınca bir başqası, üçüncüsü və birdən onun təxəyyülünü tamamilə tutan sonsuz qaranlıq fon uçan vergüllərin sıx kütləsinə büründü…
“İstəyirsən, elə bu vergülləri götür… – deyə Perekladin bədən üzvlərinin üzərinə hücum çəkən yuxudan necə bir xoşhallıqla keyidiyini hiss edərək fikirləşirdi. – Mən onları çox gözəl başa düşürəm… İstəsən, hamısı üçün yer tapa bilərəm… və… və bilərəkdən, boş yerə yox… İmtahan elə, görərsən… Vergüllər ayrı-ayrı yerlərdə, lazım olanda və lazım olmayanda qoyulur. Kağız nə qədər qarmaqarışıq alınırsa, o qədər çox vergül də qoyulur. Vergül “amma” və “çünki”dən əvvəl qoyulur. Əgər kağızda məmurların adını sadalasan, onda onların hər birini vergüllə ayırmaq lazımdır… Bilirəm!”
Qızılı vergüllər hərləndilər, fırlandılar və kənara çəkildilər. Onların yerinə alovlanan nöqtələr gəldi…
“Nöqtə isə kağızın sonunda qoyulur… Harda böyük fasilə vermək və həmsöhbətinin üzünə baxmaq lazımdırsa, orda da vergül qoyulur. Bütün uzun cümlələrdə nöqtə qoyulur ki, katib onu oxuyanda ağzının suyunu yığa bilsin. Bundan başqa heç yerdə nöqtə qoyulmur…”
Yenə də vergüllər uçub gəlir… Onlar nöqtələrə qarışıb uçuşurlar – və Perekladin bir yığın nöqtəli vergül və qoşa nöqtə görür…
“Bunları da bilirəm… – deyə fikirləşir. – Harda vergül azdır, nöqtə çox, orda nöqtəli vergül qoymaq lazımdır. “Ancaq”dan və “beləliklə”dən əvvəl həmişə nöqtəli vergül qoyuram… Həə, bəs qoşa nöqtə? Qoşa nöqtə “qərara alındı”, “qərara gəldik” sözlərindən sonra qoyulur…”
Nöqtəli vergül və qoşa nöqtə yox oldular. Sual işarələrinin növbəsi gəlib çatdı. Onlar buludların arxasından sıçrayıb çıxdılar və ədəbsiz kankan rəqsini ifa etməyə başladılar…
“Görünməmiş işdir: pah, sual işarəsi! İstəyirsən, min dənə ol, mən sizə yer taparam. Onlar nə vaxt sual vermək lazım olur, onda qoyulur, tutaq ki, kağız barədə soruşulur… “Filan il üçün qalıq məbləği hara köçürək?” ya da – “Polis idarəsi həmin İvanovanı müvafiq hesab edirmi və s.?”…”
Sual işarələri razılıqla qarmaqlarını tərpətdilər və o dəqiqə də sanki bir komanda ilə dartınıb nida işarələrinə çevrildilər…
“Hm!.. Bu durğu işarəsi məktublarda tez-tez istifadə olunur. “Hörmətli cənab”, yaxud “Zati aliləri, atam və havadarım!..” Bəs sənədlərdə nə vaxt?”
Nida işarələri bir qədər də dartındılar və intizarla gözləməyə başladılar…
“Sənədlərdə onlar qoyulurlar… belə… elə… necədir o? Hm!.. Doğrudan da, onlar sənədlərdə nə vaxt qoyulur? Dayan bir… Allah eləsin, xatırlayım… Hm!..”
Perekladin gözlərini açdı və o biri böyrü üstə çevrildi. Elə gözlərini təzəcə yummuşdu ki, yenidən qaranlıq fonda nida işarələri peyda oldu.
“Lənətə gələsiniz sizi… Onları nə vaxt qoymaq lazımdır axı? – deyə təxəyyülündən çağırılmamış qonaqları qovmağa çalışdı. – Doğrudanmı unutmuşam? Ya unutmuşam, ya da… onlardan heç vaxt istifadə etməmişəm…”
Perekladin qırx illik qulluğu ərzində yazdığı bütün kağızların məzmununu xəyalında canlandırmağa başladı; ancaq nə qədər fikirləşdisə də, alnını qırışdırdısa da, öz keçmiş fəaliyyətində bir dənə də olsun nida işarəsi tapa bilmədi.
“Bu nə qəziyyədir! Qırx il yazmışam, bir dəfə də olsun nida işarəsi qoymamışam… Hm!.. Axı bu lənətə gəlmiş nə vaxt qoyulur?”
Odlu nida işarələrinin sırasından tənqidçi gəncin istehza ilə gülən idbar sifəti göründü. İşarələr özləri də təbəssümlə birləşib böyük bir nida işarəsi əmələ gətirdilər.
Perekladin başını silkələdi və gözlərini açdı.
“Allah bilir bu nədir… – deyə fikirləşdi. – Sabah tezdən durmaq lazımdır, mənim isə başımdan şeytanlar, iblislər çıxmır… Tfu! Amma… axı o nə vaxt qoyulur? Bax bu da sənə vərdiş! Bu da sənə ustalaşmaq! Qırx il ərzində bir dənə də nida işarəsi qoymamısan! Hə?”
Perekladin xaç çəkdi və gözlərini yumdu, amma o dəqiqə də açdı; qaranlıq fonda hələ də böyük işarə dayanmışdı…
“Tfu! Beləcə bütün gecəni yata bilməyəcəyəm”. – Marfuşa! – deyə daim pansionda kurs bitirməsi ilə lovğalanan arvadını çağırdı. – Sən bilmirsən, əzizim, kağızlarda nida işarəsi nə vaxt qoyulur?
– Niyə də bilməyim! Pansionda yeddi il əbəs yerə oxumamışam ki. Bütün qrammatikanı əzbərdən xatırlayıram. Bu işarə müraciətlər, heyrətlənmələr zamanı, fərəhlənəndə, təəccüblənəndə, şadlananda, qəzəblənəndə və digər hissləri duyanda qoyulur.
“Beləə… – Perekladin fikirləşdi. – Heyrət, təəccüb, şadlıq, qəzəb və digər hislər…”
Kollej katibi fikrə getdi… Qırx il kağız yazdı, minlərlə, on minlərlə yazdı, amma bircə sətir də olsun belə xatırlamır ki, orada heyrət, təəccüb və bunun kimi digər hisslər keçirsin…
“Və digər hisslər… – deyə fikirləşdi. – Məgər kağızlara da hiss lazımdır? Onları hissiz-duyğusuz insanlar da yaza bilər…”
Tənqidçi gəncin idbar sifəti yenə də alovlu işarənin arxasından rişxəndlə gülməyə başladı. Perekladin qalxıb çarpayının kənarında əyləşdi. Başı ağrıyırdı, alnını soyuq tər basmışdı… Küncdə qəndil mehribancasına işıq saçırdı, mebel şən və tərtəmiz halda baxırdı, hər şeydə bir hərarət və qadın əlinin səliqəsi hiss olunurdu, ancaq yazıq məmura soyuq idi, özünü narahat hiss edirdi, sanki yatalaq tutmuşdu. Nida işarəsi isə artıq onun qapalı gözlərində yox, düz qarşısında, otaqda, arvadının tualet stolunun yanında dayanmışdı və istehza ilə ona göz vururdu…
– Yazı maşını! Maşın! – deyə kabus məmurun üzərinə quru və soyuq nəfəs üfürərək pıçıldayırdı. – Hissiz kötük!
Məmur yorğanı üstünə çəkdi, amma orada da kabusu gördü, sifətini arvadının çiyninə söykədi, çiyinin arxasından yenə də o göründü… Yazıq Perekladin səhərə qədər əzab çəkdi, ancaq gündüz də kabus ondan əl çəkmədi. O bu kabusu hər yerdə görürdü: geydiyi çəkmələrdə də, çay içdiyi nəlbəkidə də, Stanislav ordenində də…
“Və digər hisslər… – deyə fikirləşirdi. – Bu, doğrudur, heç bir hiss olmayıb… Gedim rəhbərliyin yanına qeyd olunum… məgər bu da hiss ilə edilir? Demək, əbəs yerə… Təbrik maşını”…
Perekladin küçəyə çıxıb faytonçu çağıranda ona elə gəldi ki, faytonçu əvəzinə onun yanına nida işarəsi gəldi.
Rəisin qəbul otağına gələndə o, qapıçının əvəzinə həmin nida işarəsini gördü… Hər şey ona heyrətdən, təəccübdən, qəzəbdən danışırdı… Qələm də ona nida işarəsi kimi baxırdı. Perekladin onu götürdü, mürəkkəbə batırdı və imza atdı:
“Kollej katibi Yefim Perekladin!!!”
Üç nida işarəsini qoyub vəcdə gəldi, təəccüb etdi, şadlandı, qəzəbləndi.
– Al! Al görüm! – deyə qələmi bərk-bərk basaraq donquldandı.
Alovlu işarə məmnun halda yox oldu.
1885