- Dil

Cəbrail HƏŞİMOV. Ana dilim

Ana dilim!
Əsrlərin qaynağından
zərrə-zərrə,damla-damla
süzüb keçən.

Ana dilim!
Füzulinin, Nəsiminin
bal dilindən şərbət içən.

Ana dilim!
Dədəm Qorqud qopuzunu
çala-çala,
nəğmə deyib
bax bu dildə.
Şah Xətayim qılıncını
çala-çala
bir səltənət
qurub gedib
bax bu dildə.

Ana dilim!
“Çoban dili” dedi sənə
yadellilər,
şirin-şirin, duzlu-duzlu
sözlərini oğurladı
yad ellilər.
Amma sənə batammadı,
öz içində əridərək
öz dilinə qatammadı.

Ana dilim!
“Əkinçi”ni yaratdıq biz,
əkdik-tökdük.
Bu torpaqda dərin-dərin
kök atdıq biz.
bu rişələr, bu pöhrələr
əsrlərdən keçib gəldi,
xəlbirləndi, ələkləndi,
tükü tükdən seçib gəldi.

Ana dilim!
Böyük Sabir söz qılıncın
elə çaldı,
öz dilini yada satan
təlxəkləri ələ saldı.
Mirzə Cəlil “ana dilim”
deyib-deyib çox alışdı.
“Ölülər”i silkələyib
oyatmağa
çox çalışdı.
Cavidin də,
Müşfiqin də
nəğmələri dilə gəldi
türk dilində.
Cabbar, Seyid
cəh-cəh vurdu
qalxıb bəmdən
zilə gəldi
türk dilində.

Doğma dildə yazıb şeir
Məmməd Araz,
Rəsul Rza.
Öz azadlıq nəğməsini
hayqıraraq,
bağıraraq
millətinin azadlığa
çağıraraq
oxuyubdur Xəlil Rza.

Ana dilim!
Sən adımsan.
uca-uca zirvələrə
uçmaq üçün
sən gərilən
qanadımsan.
Yaşa, yaşa, ana dilim!
Bu müqəddəs
torpağımla
ucal qoşa,
ana dilim!

2007.